Şou-biznes

Azərbaycanlı müğənni: "Atama gücləri çatmadı, məni incitdilər" - FOTO

21 Noyabr 2012 16:47
0 Şərh     Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az müğənni Rəvan Habiloğlunun "Yeni Müsavat"a müsahibəsini təqdim edir.

- Birincisi ondan başlayaq ki, siz səhnədən niyə getdiniz? Gəlişiniz qəfil olmuşdu, hər halda...

- Bu sualı mənə çox verirlər. Mənim sənətdən getməyimin səbəbi o idi ki, bir anda, heç bir səbəb olmadan bir anti-kampaniya başladı mənə qarşı. Çox uğurlarım var idi yadınızdadırsa. Televiziyaları, radioları qapatdılar üzümə. Mən də məcburən çıxıb getdim.

- Bəs bu məqamda atanız kömək etmədi sizə?

- O da başa düşdü ki, burda nəsə bir iş var. Nəyləsə əlaqədar bunu edirlər. Çox yaxşı təşkil olunmuş kampaniya idi. Hansı televiziyaya gedirdimsə, qapısını üzümə bağlayırdılar.

- Səbəbini bilməmiş olmazsınız. Niyə başladı bu kampaniya? Hansı mərhələdə? Nə edəndən sonra?

- Vallah bilmirəm. Amma onu bilirəm ki, xalq tərəfindən çox sevilirdim. Reytinqim də yüksək idi. Hər şey birdən-birə oldu. Durduğum yerdə.

- İndi də geri qayıtmısınız. Yenə də birdən-birə...

- Bilirsiniz necə qayıtmışam? Buna qayıtmaq deməzlər. Kənardan, şou-biznesə qarışmadan, tamaşaçılar üçün qayıtmışam. Öz kütləm var mənim. Kənardan onlar üçün ifa edəcəm mahnılarımı. Onların xətrinə görsənəcəm ortada. Amma şou-biznes deyilən şeyin mənə aidiyyəti yoxdur.

- Sizin sənətə gəlişiniz də qəribə olub. Gömrük sistemindən birbaşa şou biznesə... Nə vadar etdi sizi bura gəlməyə?

- Gömrük sistemində də, Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsində işləmişəm. Narkomaniyaya Qarşı Mübarizə İdarəsində də fəaliyyət göstərmişəm neçə illər. Sənətə gec gəlmişəm demək olmaz. Mən sənətə gələndə 29-30 yaşım var idi. Sənət üçün gec sayılmır. Əksinə, bu, insanın püxtələşmiş, musiqidən məlumatlı olan, səsin artıq formalaşmış dövrüdür. Həmin illərdə səs oynamır, səs telləri mükəmməl şəkildə formalaşır. Uşaq vaxtı sənətdə uşaqları o qədər qışqırdırlar ki, sonra səsləri batır. Gözəl səsi olan uşaqlar yeniyetməlik dövründə məhz bu səbəbdən səslərini itirirlər.

- Bir gənc üçün çox perspektivli, gəlirli sayılan sahələrdə çalışmısınız: gömrük, polis, narkomaniya ilə mübarizə idarəsi... Risk deyildimi bu sahələrin üstündən xətt çəkib, ömrünü şou-biznesə bağlamaq?

- Risk hesab eləmirdim bunu. Çünki mən o sahələri sevmədim. O sahələri sevsəydim, qalıb işləyərdim. Baxmayaraq ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm, bu sahəni bilən adam olmuşam, amma sevməmişəm. Yaxşı tələbə olmuşam, institutu uğurla bitirmişəm. Amma o sahədə işləməyə həvəs olmayıb. Onu da axırda evdə atam gördü. Baxdı ki, bütün gün evdə oturub musiqi yazıram, ifa edirəm. Bir neçə nəfərə qulaq asdırdı səsimi. Sənət sahəsində olan professorlarımıza, konservatoriya təhsili olan professionallar qulaq asdılar və dedilər ki, "bu uşağı evdə saxlamaq günahdır. Onun səsini hamı eşitməlidir". Sonra da atam dedi, gəlirsən gəl. Mən sənətə belə gəldim. Cavan yaşlarımda nə atamın, nə anamın, nə də özümün belə bir fikrim olmuşdu.

- Gələn kimi də atanız dəstək verdi sizə...

- Hamı verir bu sualı. Dəstək, yəni nə? Ata nə dəstək ola bilərdi mənə? Onun adı idi üstümdə. Kifayət qədər tanınırdı. Xalqa özünü sevdirmək, yaxşı musiqilər ifa etmək - bunların hamısı mənim özümdən keçən bir şey idi. Başqa nə dəstək ola bilər?

- Bu adın sayəsində yaşıl işıq yanmadı sizin üçün hər yerdə?

- Yox, yox. Birinci gəlişimdə yaşıl işıq yanmadı. Ən çox incidilən sənətçi mən oldum. Bəlkə bu baxımdan tarixə də düşmüşəm. Çox incidilmişəm. Amma düşünürəm ki, bu dəfə eləməzlər.

- Sizi Habil müəllimə görə incidirdilər?

- O da var idi. Axı o, çox tənqidi çıxışlar edirdi. Sənətin ağsaqqalıdır. Həmişə öz etirazlarını bildirərdi, bəzi sənətçiləri ifşa edərdi. Belə-belə hərəkətləri olurdu. Onlar da hansısa qruplar yaratdılar. Altdan-altdan işlərini gördülər.

- Hamını tənqid edən Habil bəy öz oğluna münasibətdə hansı mövqeni sərgiləyir? Bəyənirmi səsinizi, ifanızı?

- 90 faiz tənqid. İnanın Allaha, belədir. Bunu oxuma, filan mahnını oxuma. Bu mahnı sənin səsinə yatmır, digəri yatmır. Azərbaycanda 6-8 ritm var. Bu toyxanalardakı məşhur ritmdir. O qoymur mənə həmin ritmdə mahnılar oxumağa. Deyir, "sən akademik stildə mahnılar oxumalısan, daha yüksək səviyyəli mahnılar oxumalısan. Toyxana stilində mahnı sənə yaraşmır". Onun sözündə də böyük həqiqət var. Çünki atam deyir ki, sənin səs diapazonun, imkanların daha genişdir, yüksəkdir. Özünü çərçivəyə salma.

- Ata-bala, deyəsən, daha çox sənətlə bağlı mübahisələr edirsiz...

- Ancaq. Başqa nə mövzu ola bilər ki? Məni tənqid elədi, sonra sənətdən getdim. Qayıtmaq istəyəndə də o, icazə vermədi. Bir az aramızda anlaşılmazlıq oldu. 10-15 gün küsülü qaldıq. Onu da saytlarda, qəzetlərdə elə formada təqdim elədilər ki, elə bil, Allah göstərməsin, ata-bala arasında düşmənçilik var. Halbuki belə bir şey ola bilməz. Çünki bir-birimiz üçün ölürük. Çox istəyirik bir-birimizi.

- Bakı Dövlət Universitetinin hüquq fakültəsi... Kifayət qədər prestijli, amma qəbulu çətin fakültədir. Ora daxil olmaq, orada oxumaq öz gücünüz hesabına baş verib?

- Öz gücümə oxuyub qurtarmışam, inanın Allaha. Mən dövlət imtahanını verib gəldim evə. Diplom işindəydim. Gəldim evə, dedim ki, papa, dövlət imtahanını verdim. Dedi ki, təbrik edirəm, Rəvan, neçənci kursa keçdin? Dedim, papa, mən hüquq fakültəsini bitirdim. Bu, ondan xəbər verirdi ki, bu adam heç universitetin qapısını tanımayıb.

- Heç sizi tapşırmayıb?

- Bütün imtahanları da özüm verərdim. Bilmədiyim fənlər olurdu-hüquq nəzəriyyəsi. Hüquq sahəsində çox qəliz sahələr var. Orda haradasa boşluqlarım olurdu. Amma onda da yüksək təlim-tərbiyəmə görə qiymət alırdım. Davranışıma, davamiyyətimə görə. Bilirsiniz ki, Azərbaycanda auditoriyada bu, önəmli detal olub.

- Nə vaxtsa Habilin oğlu olmanızı gizlətmisinizmi?

- Yox, yox. Allaha şükürlər olsun ki, həmişə fəxr eləmişəm onun adı ilə.

- Bəzən məşhur insanların övladları ata-analarına görə onlara güzəşt olunmasını istəmir və buna görə atalarının kimliyini gizlədirlər...

- Uşaq vaxtı məni yol polisi saxlayanda həmişə onun adını verirdim, buraxırdılar. Sonradan elə oldu ki, artıq özümü tanıyırdılar deyə güzəşt edirdilər. Həyat yolumda da elə hadisə ilə üzləşməmişəm ki, harada onun adını versəm necə olar. Xeyri olar, ya ziyanı. Hər şey öz axarı ilə inkişaf edib.

- Bəs siz atanızı nə zaman tənqid edirsiniz?

- Mənim cürətim çatmaz buna. Birincisi, aramızda pərdə var. İkincisi də, aramızda saf, gözəl, böyük münasibət var ki, o məndən böyükdür, təcrübəlidir. Onun hətta nöqsanı da olsa, cürət edib, bunu ona demərəm. Onu anama deyə bilərəm. Anam ona asta-asta deyər ki, ay Habil, Rəvan da deyir ki, gərək filan şeyi deməyəydin, ya da eləməyəydin. O bir taktikadır. Mənim özüm yox, cürətim yoxdur.

- Ata-bala birgə nələr edirsiniz bəs? Ortaq maraqlarınız, hobbiniz varmı?

- Futbol xəstəsiyik ikimiz də. Düşərəm yanına, birgə futbol matçlarına baxarıq. Avropa, dünya çempionatına baxırıq.

- Eyni komandalara azarkeşlik edirsiniz? Mübahisələriniz düşür?

- Futbol barədə mübahisələrimiz düşmür. Şou-biznes barədə də mübahisələrimiz düşmür. Çünki eyni dünyagörüşlü, eyni baxışlı insanlarıq. Sadəcə, mübahisələrimiz düşür mənim oxuduğum mahnılara görə. Mən ona başa salmağa çalışıram ki, indi 21-ci əsrdir, dövrün tələbi var. Mən oriyental-pop janrında mahnılar oxuyuram. Hərdən deyir, ay Rəvan, sən lirika oxu, camaat səndən lirika istəyir. Deyirəm, ay papa, hərdən belə mahnılar da lazımdı, televiziyaya çıxan kimi deyirlər, ritmik mahnılar oxu. Bunun toy mərasimi var, şənliyi var. Bunun üçün yazdırıram belə mahnıları. Yoxsa məndən olsa, səhərəcən ulayaram (gülür).

- Habil müəllim zarafatları, məzəli əhvalatları ilə tanınır. Oxucular onu daha çox belə xatırlayır. Bəs siz onunla bağlı hansı maraqlı hadisələri xatırlayırsınız?

- Düzü, mənim onda xeyli əhvalatlarım var. Uşaqlığımdan xeyli əhvalatlar var. Məsəlçün, bir dəfə Moskvaya getmişik. Hoteldə olanda qızdırmam 39-40-a qalxıb. Görüb ki, qızdırmam yüksəkdir. Mamamda da belə resept olub ki, boğaz ağrıyanda, angina gələndə dərhal uşaqlara araq verirdi. Mama da qaşığa arağı töküb, içirdib mənə. Bir az qızdırmam düşəndən sonra demişəm ki, ay mama, qaşıqla da araq içərlər (gülür)? Birinci sinfə gedəndə müəlliməm ilk gün məni çox gözəl qarşılayıb. Habilin oğlu olduğumu biləndə xüsusi mehribançılıq göstərib-filan. İki gün keçəndən sonra dərsə gecikmişəm. Özümə də arxayınam ki, müəllimə məni çox istəyir, heç nə deməyəcək. Müəllimə də üstümə qışqırıb ki, gecikmək olmaz, axırıncı dəfə olsun. Küsmüşəm müəllimədən. Evə gələndə isə atam soruşub ki, ay Rəvan, bu dəfə müəllimə sənə nə dedi, necə əzizlədi? Demişəm ki, yox, ay papa, müəlliməm qudurdu (gülür). İlk dəfə sağlıq deyəndə 5 yaşım olub. Moskvada çox böyük, möhtərəm insanların yığışdığı bir tədbir imiş. Rusiyanın prokuroru, nazirləri oturubmuş orda. Sovet dövrü idi. Prinsipial olaraq deyiblər ki, Habil Əliyeviç, qoy sizin oğlunuz tost desin. Deyiblər, görəsən, azərbaycanlıların buna qabiliyyəti çatacaqmı - ayaq üstə durub, rus dilində tost desinlər. 5-6 dəqiqəyə yaxın tost demişəm, tədbir səbəbkarının sağlığına. İndiyə qədər papam danışır ki, mən ömrümdə belə şey görməmişəm, fenomenal bir hadisədir. Mənim dil qabiliyyətim elə o vaxtdan formalaşıb.

- 3 bacının bir qardaşısınız. Azərbaycan ailəsi üçün evin tək oğlu olmaq böyük üstünlükdür. Necə yaşamısız bu üstünlüyü?

- Heç vaxt məni ərköyün böyütməyiblər. Bizim ailədə bu, qeyri-mümkündür. Nə qızlar, nə də mənim üçün.

- Bu yaxınlarda sizin evlənəcəyinizlə bağlı bir xəbər oxudum hardasa...

- Evlənəcəyim yox, evlənmək istəyirəm.

- Belə bir açıqlamanız vardı ki, "mən eşq dəlisiyəm". Bir aparıcı qızı sevdiyinizi demişdiz, onunla evlənəcəkdiz və sair.

- Bunların hamısı zarafatla deyilən sözlər idi. Çünki mənim haqqımda bir mövzuda çox xoşagəlməz söhbətlər getdi. Onun qarşısını almaq üçün mən belə bir açıqlama verdim. Mövzunu dəyişdirdim sadəcə.

- Hə, mövzu da o idi ki, guya siz Maştağadakı dəlixanada müalicə olunmusunuz, orda bir müddət qalmısınız. Haradan çıxmışdı bu söhbətlər?

- Mən burda olmamışam, Türkiyədə olmuşam. Gəlib eşidəndə şok oldum. Əməlli-başlı yayılıb aləmə. Əstəğfürullah. O şayiəni də yalandan yaydım ki, guya evlənirəm-filan.

- Səhv etmirəmsə, bir dəfə evli olub sonra boşanmısınız. Yenidən evlənmək fikriniz varmı?

- Evlənmək istəyirəm. Qarşıma çıxan yoxdur. Mənim yoldaşım çox qısqanırdı məni.

- Peşmansınız boşanmanıza?

- Peşman deyiləm. Müxtəlif, yad insanlar idik. Bir-birimizi başa düşmürdük, yollarımızı ayırdıq.

- Maddi durumunuz necədir? Azərbaycan insanının yaşadığı maddi çətinliklər sizə də tanışdır?

- Azərbaycan xalqının kasıb təbəqəsinin yaşadığı problemləri mən də yaşamışam. Amma Allaha şükürlər olsun ki, mən həyatımı qurmuşam. İndi yüzündən pis olsa da, əllisindən yaxşı dolanıram.

- Siz həm də biznesmensiniz?

- Biznesmen çox böyük səslənir. Amma biznesim, qazanc yerim var deyə bilərəm.

- Maddi baxımdan siz atanıza çox dəstək olursuz, yoxsa atanız sizə?

- Atamın da ehtiyacı yoxdu buna, mənim də. Atam prezident təqaüdü alır. Mən biznesimi açanda mənə kömək edib.

- Onun oğlu olduğunuza görə başınız heçmi ağrımayıb?

- Məni sənətdə incitdilər. Çünki papa tənqid edirdi. Ona gücləri çatmadı, məni incitdilər. Əsas səbəb bu idi. Məqsəd sənətdən küsdürmək idi, bunu da bacardılar.

- Nə əcəb atanız kimi kamança çalmaq yerinə müğənni olduz?

- Mənim skripkaya çox böyük marağım olub həmişə. İndi də deyirəm, uşaqlığımda məni skripkaya qoysaydın, dünya çapında bir sənətkar idim. Özləri istəməyiblər. Çünki bu sənətin içində olub atam, ona görə də istəməyib. Deyirdi, bu sahədə haqsızlıq çoxdur. Bunu bütün xalq görür.

- Uşaqlığınız qastrollarda, xarici səfərlərdə keçib yəqin.

- Yox, ora atam özü tək gedərdi. Bizim nə işimiz vardı orda? Bizi ancaq dincəlməyə göndərərdi. Kislovodskyə, Moskvaya...

- Sovet dövrü üçün böyük sənətkarın övladı olmağın maddi üstünlükləri nələr idi?

- Maddi baxımdan çox yaxşı yaşayırdıq. Heç bir sıxıntımız yox idi. Həddi-buluğa çatandan sonra isə öz imkanım sayəsində gəzmişəm dünyanı. Amerikaya qədər gedib çıxmışam. Avropada da hər yerdə olmuşam.

- Azərbaycanı tərk etmək fikriniz varmı? Başqa bir ölkədə yaşamaq kimi?

- Hə, sənətdən küsəndə belə bir fikrim var idi. Amma sonra daşındırdılar. Evin bir oğlu olduğum üçün gözlərindən uzağa qoymaq istəmədilər.

- Hələ də uşaq kimi yanaşırlar sizə?

- Bəli, bu, mənim əsas problemimdir. 44 yaşım var, hələ də mənə uşaq kimi baxırlar. Adicə balkona çıxıram, deyirlər, çiyninə nəsə at. Bu, balaca uşağa deyilən şeydir, amma mənə də deyilir. Maşını yavaş sür. Yağlı yemək çox yemə. Nəzarət bugünkü gün də var.

- Yəqin siz də narahatsınız yaşlı valideynlərinizə görə.

- Sözsüz ki. Mənim üçün çox ağırdır onlardan hansısa birini itirmək. Bilirəm, nə vaxtsa baş verməlidir. Özümü onlarsız təsəvvür edə bilmirəm. Bir-birimizə o qədər bağlıyıq ki.

- Sizə varis demək olar?

- İstənilən ailədəki yeganə oğula varis demək olar. Bu, hüquqi baxımdan da belədir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.