Şou-biznes

Azərbaycanda toy sahibinə "toy tutan" müğənnilər

12 Oktyabr 2012 15:36
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Televiziya kanallarında bəzi müğənnilərin çox baha toy qiymətləri ilə bağlı etiraflarını eşidirik. Toylara baha getməsinin səbəbini populyarlıqla əlaqələndirən müğənnilər də az deyil. "Onsuz da bizi sevirlər və nə qiymət desək, razılaşacaqlar", - deyə onlar özlərindən razı halda iddialar səsləndirirlər. Oxuyanların toy tarifləri isə kommunal xidmətlər kimi gündən-günə artır. Əvvəllər bütün toyu 5 min manata aparan müğənni indi yarım saata o məbləği istəyir. Elə bu günlərdə Könül Kərimovayalan-gerçək Moskvaya getdiyi toylardan birində 26.000 manat məbləğində qonorar aldığını deyib.

Qiymətlərə baxaq. Bütün toy: Faiq Ağayev - 15000 manat, Brilliant Dadaşova - 10000-12000, Abbas Bağırov - 10000, Nazpəri Dostəliyeva - 8000, Xumar Qədimova - 8000, Xatirə İslam - 7000-8000, Nadir Qafarzadə - 7000, Könül Kərimova - 5000-6000, Rəqsanə - 4500-5000, Xuraman Şuşalı - 4000-4500, Manaf Ağayev - 4000, Baloğlan Əşrəfov - 3500-4000, Səməd Səmədov - 3000-5000. Yarım saatlıq toy: Röya - 4500-5000, Brilliant Dadaşova - 4000, Aygün Kazımova - 4000, Nazpəri Dostəliyeva -2000, Xatirə İslam - 2000, İzzət Bağırov - 1500, Könül Xasıyeva - 1000, meyxanaçı Vüqar - 800-1000 manat.

Qalmaqallı açıqlamaları ilə yaddaşlara həkk olan müğənni Əli Mirəliyev "Yeni Müsavat"a açıqlamasında dəvət olunduğu toydan əldə edəcəyi məbləğin deyil, toyda ifa edəcəyi mahnıların daha önəmli olduğunu söylədi və toylara baha qiymətə gedən müğənnilərə ismarış da göndərməyi də unutmadı: "Müğənni toy sahibinin maddi imkanını mütləq nəzərə almalıdır. Normal müğənninin toy qiyməti iki-üç min manat arasında olmalıdır. Söhbət səsi olan müğənninin toy qiymətindən gedir. On min, yeddi min isə çoxdur. Artıq onlar belə qiymət deməklə çaşırlar. Bəzi müğənnilər özüm şahidi olmuşam ki, toya o məqsədlə gedirlər ki, maşınlarının, evlərinin kredit pullarını vaxtında ödəsinlər. Daha onları toyu keyfiyyətlə aparmaq maraqlandırmır. Bu halda onlar toyu yola verirlər. On minə toya gedən müğənninin mahnılarını 10 manatlıq müğənni də oxuya bilər. Yaxşı müğənni heç vaxt toya özü ilə cangüdən, disk daşıyan aparıb toy sahibindən 10 min manat pul almaz. O vaxt mən toylara ansamblımla 600 manata gedirdim. Aşağı məbləğ də olurdu. O vaxt dövr başqa idi. Baxın görün, bu gün hansı müğənni həmin məbləğlə toylara gedir? Elə insan var ki, istəyir toyunda hansısa ulduz müğənni oxusun, lakin imkanı buna yol vermir. Həmin müğənni elə məbləğ "oxuyur" ki, toy sahibi onu toya dəvət etmək istəməyinə peşman olur".

"Toylara neçəyə gedirsiniz?" sualına onun cavabı belə oldu: "Mən bu gün toylara dəvət edəndə məbləğə baxmıram. Yarım saat, bir saat mahnı ifa edirəm, 200 manat da verən olur, 300 manat da. Dostların, qohumların toylarına gedirəm. Konkret qiymət heç vaxt deməmişəm. Bəzən toylarda pulsuz oxuyuram. Əvvəlcədən toy sahibi ilə məbləğ danışmıram. Çünki o, məni istəyir ki, çağırır da. Elə olub, iki saat toyda oxumuşam, evə gedəndə baxıb görmüşəm ki, cibimə 100 manat pul qoyub. Yenə də danışmamışam. İndi belə çıxır, mənim sənətim yoxdur, ucuz müğənniyəm? Xeyr. Mən kütlənin maddi imkanını nəzərə alıram. Amma mənimlə bərabər toyda yarım saatlıq mahnı ifa edən müğənni dörd min manat alır. Yaxşı ifaçının qəlbi rəhmli olur, maddiyat güdmür. Müğənninin toylara çox baha qiymətə getməyə ixtiyarları yoxdur. Doqquz mərtəbəli bina tikmir ki, toyda deyəsən ki, üç min, dörd min azdır".

"Azərbaycan müğənnilərinin xarici ölkələrdə konsert vermələrinə necə baxırsınız" sualına cavabında Əli Mirəliyev indiki müğənnilərdən şikayətləndi: "Konsert verən müğənnilər Müslüm Maqomayev, Zeynəb Xanlarova olub. Ancaq indiki müğənnilərimiz klublarda, barlarda oxuyurlar. Müğənni səhnədə oxuyar".

Müğənni Ruhəngiz Musəvi isə müğənnilərin toy qiymətini açıqlamasını düzgün hesab etmir: "Mən şəxsən utanıram televiziya kanalında və ya mətbuatda toy qiyməti açıqlamağa. Bazar deyil ki, üzərinə qiymət yazasan. Toy elə bir sahədir ki, burada səsinlə, ifalarınla toy iştirakçılarına unudulmaz gün bəxş edirsən. Mən toylara çox getmirəm. Gedəndə də açıqlamaram ki, toydan mənə nə qədər pul qaldı. Toy qiymətini açıqlamağı reklam da adlandırmaq olar. Sənətçi toyu elə idarə etməlidir ki, toy sahibi verdiyi məbləğ üçün sonradan peşmançılıq çəkməsin. Mən şəxsən öz adımdan deyim ki, mən utanaram kiməsə məbləğ "oxuyum". Mənim xasiyyətimə xas olan hal deyil".

Əməkdar artist Cavanşir Məmmədovun sözlərinə görə, o, müğənnilər içərisində ən ucuz toya gedən müğənnidir. Onun toyu əvvəldən axıra kimi idarə etdiyi məbləğ 3000-3500 manat arasındadır: "Mən həqiqəti gizlətmirəm. Niyə yalandan deməliyəm ki, mən 10-15 minə toylara gedirəm? Toy sahibi sabah qəzeti oxuyub deməz ki, bu müğənni nə yalançıdır. Mən toy sahibindən əvvəlcədən pul almıram. Toyu idarə edib qurtarandan sonra razılaşdığımız məbləğ ödənilir. Toyun pulunu əvvəlcədən alan müğənni bunu nə üçün etdiyini özü çox gözəl bilir".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.