Şou-biznes

Azərbaycanlı müğənni: "Sezen Aksu kimi pula satılan sənətçilər..."

15 Mart 2012 20:54
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva Türkiyənin ölkəmizdəki səfirliyinin kültür və tanıtma müşavirliyinin təşkil etdiyi gecədə türkiyəli həmkarı, məşhur opera sənətçisi Oya xanım Ergünlə birlikdə "Sarı gəlin"i duet şəklində oxudu. Anspress-in məlumatına görə, duet "Türkiyənin Turizmdəki Başarı Öyküsü" tədbiri çərçivəsində baş tutan kiçik konsert proqramında ifa olunub.

Konsert proqramında hər iki sənətçinin ifasında Azərbaycan və türk mahnıları ifa olunub, sonda isə duet şəklində "Sarı gəlin" mahnısı ifa edilib. Türk sənətçisi dəfələrlə erməni təcavüzünə məruz qalmış xalq mahnımızın ilk bəndini ifa edən zaman Tünzalə Ağayeva kövrəlib. Çətinliklə özünü ələ alaraq göz yaşlarının axmasının qarşısını alan əməkdar artist "Sarı gəlin"inin növbəti bəndlərini özünəməxsus tərzdə ifa edib. Duet alqışlarla qarşılanıb.

İfanın sonunda hər iki sənətçi fikirlərini bölüşüb. Sezen Aksunun "Sarı gəlin"i erməni xorunun müşayiəti ilə erməni dilində oxuyub yeni albomuna daxil edəcəyi xəbərindən hiddətlənən Tünzalə Ağayeva bunları söyləyib: "Bilirsiz, "Sarı gəlin" o qədər başı bəlalı mövzudur ki, bu haqda illərlə danışsaq da, qurtarmaz. Bu mövzuda susmaq olmaz. Bu mahnını gözümüz baxa-baxa oğurlayırlar, ermənilər öz adlarına çıxarırlar. Oya xanım sağ olsun ki, "Sarı gəlin"i mənimlə birlikdə duet oxudu. Sözün düzü, Oya Ergün bu gecə ilə bağlı məndən bərabər nə edə biləcəyimizi soruşdu. Mən də həmin bu mövzuya toxundum. Dedim, siz də bilirsiz, biz də, bizim ən ağrılı bir mövzumuz var, bu da "Sarı gəlin"dir. Qoymayaq əlimizdən getsin. Bu mahnını imkan düşdükcə, sizli-bizli hər yerdə, hər dəfə ifa etməliyik".

Tünzalə xanım yorulmadan haqqımızı tələb etməyimizin vacibliyini bildirib: "Qoy insanlar düşünməsinlər ki, mövzu çox çeynəndi, köhnəldi. Biz usandıq dedikcə, Sezen Aksu kimi pula satılan sənətçilər, baxmayaraq ki, onun arxasında minlərlə pərəstişkarı var, o bu durumundan çox haqsızcasına istifadə edib yararlanır. Əslində bizim hərəkətə keçməyimiz lazımdır. Hətta gec qaldıq belə. Bunu mən hər yerdə söyləyirəm və bezmədən yenə də söyləyəcəyəm".

Türk sənətçisi Oya Ergün "Sarı gəlin"in təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mahnısı olduğunu söylədi. Ermənilərin Azərbaycan xalqına etdiklərini bütün qəlbi, varlığı ilə çox qınadığını qeyd edən Oya xanım "Sarı gəlin"in erməni dilində səslənməsinin artıq ən son hədd olduğunu bildirdi.

Konsertin digər maraqlı məqamı isə o idi ki, Tünzalə Ağayeva Türkiyə türküləri, Oya Ergün isə Azərbaycan xalq mahnıları, eləcə də bəstəkar mahnıları ifa etdi. Əməkdar artistimizin bütün türklərin qəlbini parçalayan "Çanaq qala" türküsü hər iki ölkədən olan tədbir iştirakçılarının gur alqışları ilə qarşılandı. Türk sənətçisi Oya Ergünün çox gözəl və yüksək peşəkarlıqla ifa etdiyi "Ay qız", "Yalqızam, yalqız" kimi məşhur mahnılarımız dinləyicilərin rəğbətini qazandı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.