Şou-biznes

Azərbaycanlı müğənninin dünyaya gətirəcəyi körpə ABŞ vətəndaşı ola bilər - FOTOSESSİYA

14 Mart 2012 16:24
0 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
- Bu yaxınlarda şad xəbər eşitdik, 13 ildən sonra yenidən ana olmağa hazırlaşırsınız. Özünüz bu xəbəri necə qarşıladınız?

- Təbii olaraq çox həyəcanlandım. Uzun fasilədən sonra bu xəbəri eşitmək mənim üçün qeyri-adi oldu. Açığı, dostlarım çox sevindi, çünki məndən çox onlar bu günü gözləyirdilər. Mənə həmişə deyirdilər ki, bir uşaq azdır, Aliyə ya bacı, ya qardaş lazımdır. Yoldaşım da çox sevindi. Hiss edirəm ki, mənə sevgisi, qayğısı da artıb. Oğlum Ali isə bu xəbəri eşidəndə iki-üç gün fikirləşdi, dərk elməyə çalışdı. Amma indi hər gün onunla danışır, qucaqlayır, öpür və deyir ki, qardaşım olacaq.

- Cinsiyyəti bəllidir?

- Yox. Əslində, mənim üçün qız və ya oğlan olması fərq etmir. Təki əməlisaleh övlad dünyaya gəlsin. Əməllərilə həm ailəsini, həm yaxınlarını, həm Vətənini sevindirsin. Hər bir valideyn bunu arzulayır.

- Körpəniz üçün ad fikirləşmisiniz?

- Qız olsa, adını oğluma - Alinin adına yaxın olsun deyə, Alin, oğlan olsa, Ömər qoyacağıq.

- Hamiləlik dönəmi necə keçir?

- Birinci hamiləliklə müqayisədə daha çətin keçir, amma səhnədə hər şeyi unuduram. Tamaşaçılar bunu mənə unutdurur, nə yaxşı səhnə var. Düşünürəm ki, evdə otursaydım, hamiləliyi daha çətin keçirərdim. Əvvəlkindən fərqli olaraq indi daha yüksək templə işləyirəm.

- Söhbət işdən düşmüşkən, körpə dünyaya gələndən sonra işə nə qədər ara vermək fikrindəsiniz?

- Bunu qabaqcadan demək çətindir. Hər halda işimi dayandırmaq istəmirəm. İşimlə bərabər sevgimi övladlarıma vermək istəyirəm. Uşağın hər zaman ana sevgisinə ehtiyacı var, amma körpənin daha çox. Sənətdən tamamilə uzaqlaşmaq fikrində deyiləm. Düşünürəm ki, evdəkilər mənə yardımçı olacaqlar.

- İlk dəfə 21 yaşında ana olmusunuz və artıq yetkin xanımsınız. O zamanla müqayisə edəndə hisslərinizdə nə kimi fərqlər var?

- Hisslər tamamilə fərqlidir. Mən ailə quran kimi övlad sahibi olmağı arzulayırdım. O baxımdan Alini səbirsizliklə gözləyirdim. O zaman sənətə yeni başlamışdım. Bəstəkarlar, müğənnilər çevrəsində tanınsam da, Ali dünyaya gələndən sonra tamaşaçılar tərəfindən populyarlıq qazandım. Ali adını isə ailə qurmamışdan öncə fikirləşmişdim. Çünki bu ada və onu daşıyan insana (Həzrət Əli - red.) çox böyük hörmətim var. Hazırkı hisslərim isə başqadır, ümumiyyətlə, uşaqları çox sevirəm. Amma bu sənət o qədər eqoist sənətdir ki, sən özün-özünü unudursan. Daim çəkilişlər, tədbirlər, normal qidalana bilmirsən. Zəmanə vadar edir ki, biz çox işləyək. Ona görə düşünürdüm ki, elə bir övlad anası olacağam. Bu xəbəri biləndən sonra isə çox sevindim. İndi arzum övladımın sağ-salamat dünyaya gəlməsidir.

- Bəs indi normal qidalana bilirsiniz?

- Açığı, xüsusi fikir vermirəm, sadəcə yeyirəm ki, gücüm olsun. Hamiləliyi çətin keçirdiyim üçün yeməkdən bir o qədər də həzz almıram. İdmandan (aerobika - red.) ayrı düşməyim isə məni depressiyaya salıb. Çünki idman sənətimdən sonra ikinci məşğuliyyətimdir. Onsuz həyatımı təsəvvür etmirəm. Bilirəm ki, hamilələr üçün xüsusi idman hərəkətləri var. Amma onların harada, necə keçirildiyini bilmirəm. İdmana qayıtmağı səbirsizliklə gözləyirəm. İnşallah, körpəm dünyaya gələndən sonra hər gün idmanla məşğul olacağam, necə deyərlər, doqquz ayın əvəzini çıxacağam.

- İndidən qlamur jurnallardan təkliflər gəlmir ki, körpənizi üz qabığında verəsiniz. Bilirsiniz ki, bu, xaricdə çox dəbdədir.

- Baxım görüm də, kim çox pul verəcək (gülür). Bizdə təəssüf olsun ki, belə deyil. Əgər belə olsaydı, yəni başqa yerlərdən qazancımız olsaydı, bu qədər toylara, şou-proqramlara üz tutmazdıq. Amma bu ərəfədə bir neçə qlamur jurnalın üz qabığına çəkilmişəm.

- Sizcə, Əjdaha ili sizin üçün necə keçəcək?

- İstəyirəm yeni ildə işimlə məşğul olum, yeni mahnılar yazdırım, gözəl insanlarla ünsiyyət qurum. Səyahət etməyi çox sevirəm. Arzu edirəm yeni-yeni səyahətlərim olsun. Səyahət zamanı mən çox rahatlaşıram, dincəlirəm. İstanbula tez-tez gedirəm. Çox istərdim Maldiv adalarında olum.

- Uşağınızı başqa ölkədə dünyaya gətirməyi planlaşdırmırsınız ki?

- Bəzən yoldaşımla bu barədə zarafatlaşırıq. Yoldaşımın yaxın dostu çoxdandır ABŞ-ın Mayami ştatında yaşayır. O bizi həmişə oraya dəvət edir. Yoldaşım zarafatyana deyir ki, gedək, uşağımız da Amerika vətəndaşı olsun (gülür). Bilirsiniz, uşağın hansı ölkədə dünyaya gəlməsi vacib deyil, yetər ki, layiqli övlad olsun. Hara getsəm də mahnılarımdakı sevgimi tamaşaçılara istədiyim qədər verə bilmərəm. Burda məni çox sevirlər. Xarici ölkədə 10-15 gün qalaram, ondan artıq yox.

- Körpənizin gəlişinə nə tədarük görmüsünüz?

- Heç nə almamışam, bir az da gözləmək fikrindəyəm. Anadan olandan sonra ürəyim istədiyim şeyləri alacağam.

- İkinci dəfə Ayselin üz qabığına çəkilirsiniz. Bu dəfə sizi fərqli imicdə gördük. Belə saç düzümünə alışıq deyilik.

- Düzdür, adətən məni sadə, düz saçlarla görürsünüz. Amma bu dəfə qış fəslinin olduğunu nəzərə alaraq fərqli olmaq istədim. Bilirsiniz ki, saçdüzümlərini bir o qədər də sevmirəm. Amma saç ustam Vüqar Abdullayevdən xahiş etdim ki, qeyri-adi, oxuduğum mahnılara uyğun bir saç düzümü etsin. Vizajistim Səbinə Seyfəddinova da bu saç düzümünə uyğun gözəl makiyaj etdi. Onların hər ikisinə təşəkkürümü bildirirəm.

- Geyimdə, adətən qara rəngə üstünlük vermənizin səbəbi nədir?

- Qara elə bir rəngdir ki, illər keçdikdən sonra eyni libası geyinsən, heç kim fərqinə varmaz. Başqa rənglər yaddaşda daha çox qalır. Açıq rəngləri yay aylarında geyinmək yaxşıdır. Qışda isə tünd çalarlar dəbdədir, ümumiyyətlə, qara klassikadır, həmişə dəbdədir.

- Bəzək əşyalarını da bir o qədər sevmirsiniz.

- Aksesuarlardan yalnız qol saatını sevirəm, bijuteriyadan isə səhnə xatirinə istifadə edirəm. İndiyə qədər aldığım bijuteriyaları yığsaydım, evimdə yer qalmazdı, ona görə onların yalnız az hissəsini saxlayıb qalanını yaxınlarıma paylayıram.

- Amma Əjdaha ilində qızıl-zinət əşyaları taxmaq lazımdır, çünki xəzinə keşikçisi olan Əjdaha dəbdəbəni çox sevir. Qızıl əşyaları taxmamaqla Əjdahanı əsəbləşdirməkdən qorxmursunuz ki?

- Mən mövhumatçı deyiləm, imanım, inamım bir Allahadır. Astroloji proqnozlara inanmıram. Həyatda qızıl, pul, gümüş dəlisi deyiləm.

- Bəs, qazancınızı daha çox nəyə xərcləyirsiniz?

- Əsasən dincəlməyə, səyahətə xərcləyirəm ki, o da ildə bir-iki dəfə olur. Bunlara verdiyim pula heyfsilənmirəm. Daha sonra qazancımı yeməyə, balama, paltarlarıma, bunu demək yaxşı olmasa da ehtiyacı olan insanlara xərcləyirəm.

- Arzulayıram ki, bu il ailənizlə bərabər Maldiv adalarında dincələsiniz.

- Çox sağ olun. Deyirlər, tezliklə Maldiv adaları su altında qalacaq, bir az tələsməliyəm (gülür). Amma həyatda o da vacib deyil, cansağlığı, ailədə olan isti münasibət, məhəbbət hər şeyə dəyər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.