Seriallar

"Müasir dövrdə köhnə əsərlərə müdaxilə edilməsi normaldır"

25 İyul 2014 17:09
0 Şərh     Baxış: 2 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fahriye Evcen: "Fəridə nə qədər ərköyün, səbirsiz, şıltaq qız olsa da, lazım olan yerdə kübar, əxlaqlı və səmimidir"

Bu gün efirlərdə köhnə sevilən filmlər yenidən müasir formada çəkilərək gündəmə gətirilir. Türkiyədə də hər il köhnə filmləri götürərək onların əsasında seriallar çəkirlər. Onlardan ötən il çəkilişlərinə start verən Rəşad Nuri Güntəkinin "Çalıquşu" filmi tamaşaçıların böyük marağına səbəb olub. Həmin film Türkiyədə olduğu kimi, Azərbaycanda da sevilərək izlənilir. Türkiyənin məşhur aktrisası Aydan Şenerin ifasında sevərək izlədiyimiz eyniadlı film müasir hekayələr əlavə olunmaqla ekranlara gətirilib. Mövsüm finalına çıxan serial qəhrəmanları artıq yeni mövsümün çəkilişlərinə başlayıb.

Sözügedən serialda baş rolu - Fəridəni canlandıran Fahriye Evcen Türkiyə mətbuatına müsahibəsində qızğın templə çalışdıqlarını deyib. Fahriye Evcen serialda dəyişdirilərək başqa formaya salınan əsərə heç də müdaxilə edilmədiyini, sadəcə olaraq müasir zamanla ayaqlaşması üçün əlavə, kiçik hekayələr daxil olunduğu qeyd edib.

Sərbəst idim

- Necə oldu ki, sizi bu seriala dəvət etdilər?

- Bundan öncə Özcan Denizin rejissorluğu ilə ərsəyə gələn "Evim Sensin" filmi bu seriala çəkilməyim üçün böyük şərait yaratdı. Əvvəlki filmlərdə ağır obrazlar yaratmışam. "Yaprak dökümü" serialında 5 il Necla xarakterini canlandırdım. Orada hekayənin də, xarakterin də dramı çox yüksək idi. Sonrakı obrazlarımın hamısı bir-birinə bənzəyir. "Evim Sensin" filmində isə çox sərbəst idim. Oradakı qızı özüm yaratdım. Ola bilər ki, o obrazımla Fəridəyə bir qapı açmış oldum.

- Hazırda gərgin iş rejimi ilə çalışırsınız. Bir tərəfdən "Çalıquşu" serialının çəkilişlərinə, digər tərəfdən Boğaziçi Universitetindəki tarix dərslərinə davam edirsiniz. İki işi birdən necə çatdırırsınız?

- Təhsilim artıq bitmək üzrədir. Son semestrdəyəm, artıq tələbəlik illərinə əlvida demək üzrəyəm. Əgər dərslərimi ötən il zamanında oxusaydım, artıq universiteti bitirmiş olardım. Ancaq düşünürəm ki, çox böyük bir çətinliyin öhdəsindən gəlmişəm. Bu qədər gərgin iş rejimi ilə çalışdığım halda, digər tərəfdən Boğaziçi Universiteti kimi bir təhsil ocağında müəllimləri məmnun edə bilmək sizə heç də asan görünməsin. Onu da qeyd edim ki, təhsilə, öyrənməyə ac və aşiqəm. Bəlkə də buna görə bu qədər məsuliyyətin öhdəsindən gələ bildim. Çəkilişlərdən qalan vaxtımı universitetə sərf etdim.

Fərqli bir iz qoyub getmək istəyirəm

- Hazırda "Çalıquşu" filmindəki Fəridə obrazını canlandırırsınız. Nələr hiss edirsiniz?

- Həyatda "Çalıquşu" filminin qəhrəmanı olan Fəridə kimi deyiləm. Heç zaman acı çəkməkdən qorxub eşqdən qaçmaram. Əksinə, əgər sevirəmsə, sonuna qədər gedərəm. Rədd etmək və həyatımdan çıxarmaq mənə çox yad bir hissdir. Mənim Fəridəyə bənzəməyən tərəflərimdən biri də dəyişkən xarakterə malik olmağımdır. Filmdə Fəridə olmaq üçün qısa dabanlı ayaqqabılar geyinirəm. Əvvəllər o ayaqqabıları geyinmək mənə çox çətin gəlirdi. Həmin ayaqqabılarda heç addım belə ata bilmirdim. Filmdə Burak Özçivit və mən gərgin şəkildə çalışırıq. Yayın ortasında qış geyimləri ilə kamera arxasına keçirik, çəkilişlər çox çətinliklə davam edir. İnanıram ki, hər şey daha yaxşı olacaq. Rəşad Nuri Güntəkinin "Çalıquşu" əsərini çox sevirəm. Ümumiyyətlə, Rəşad Nurinin əsərləri mənə çox uğur gətirir. Məni dünyada məşhur edən "Yaprak dökümü" əsəri də ona məxsus idi. Buna görə çox xoşbəxtəm. Məndən əvvəl "Çalıquşu" filmində oynayan bir çox məşhur sənətkarlarımız olub. İlk dəfə Türkan Şoray oynayıb, ondan sonra Aydan Şener onu ilk dəfə ekrana çıxardı. Onlardan əlavə, Tuba Ünsal da bu obrazı canlandırıb. Adlarını qeyd etdiyim sənətçilər Fəridəni çox uğurla canlandırıblar. Mən də Fahriye Evcən olaraq "Çalıquşu" filmində fərqli bir iz qoyub getmək istəyirəm.

- Keçmiş dövrdə baş verən hadisələrə uyğun bir obrazınız var. Həmin obrazı canlandırarkən təhsil aldığınız tarix ixtisası sizə kömək ola bilirmi?

- Filmlərə çəkilərkən təhsilə elə də çox ehtiyac duymuram. Çünki ssenaridə hər şey son dərəcə sadə və açıq yazılır. Ancaq orada əsas məsələ oynadığım obrazın xarakterini anlaya bilmək üçün o dövrün ruhuna hakim olmaqdır. Düzdür, əvvəlki dövrdə yaşayan insanların duyğuları indikilərlə eynidir. Amma o dövrlə indiki dövr arasında, cəmiyyətdə bəzi dəyişikliklər olub. Bunu anlamaq üçün o dövrə bir növ səyahət etmək lazımdır. Misal üçün, ədəb-ərkan, danışıq qabiliyyəti o dönəmlərdə tamamilə başqa idi. Canlandırdığım Fəridə obrazı da nə qədər ərköyün, səbirsiz, şıltaq qız olsa da, lazım olan yerdə kübar, əxlaqlı və səmimidir. Keçmişə səyahət etmək, həmin dövrlərin ruhunu qavramaq məcburiyyətində qalırsan. Başqa cür xarakteri qavramaq mümkün deyil. Xarakterin nə üçün elə davrandığını bilmək məcburiyyətindəyik. Bunun üçün xeyli araşdırma aparmaq lazım gəlib.

- Özünüzü nə qədər Fəridə, nə qədər Fahriyə hesab edirsiniz?

- "Çalıquşu" layihəsinə başlayandan Fəridə ilə yatıb, Fəridə ilə qalxıram. Demək olar ki, hər gün Fəridə ilə yaşayıram. Hər gün güzgüyə Fəridə kimi baxıram. Onun kimi danışır, onun kimi yemək yeyirəm. Əlbəttə ki, bu da mənə təsir edir. Həftədə bir dəfə istirahət edirəm. Həmin gün Fahriyə olmaq imkanı əldə edirəm. Nə yaxşı ki, Fəridə obrazını çox sevirəm. Bu mənə çox kömək olur. Əslində onun duyğularını geniş imkanlar çərçivəsində yaşaması mənim əskik tərəfimdir. Fəridənin bəzi xarakterləri mənim real həyatdakı Fahriyə obrazımın yarımçıq qalan hissəsidir. Amma mənim üçün heç bir problem olmur.

Hekayələr əsəri gözəlləşdirir

- "Çalıquşu" filmində söylədiyiniz "Bahçede yeşil çinar" mahnısı ilə sosial medianın gündəmindən düşmədiniz.

- Musiqi uşaqlığımdan bəri maraq dairəmdə olub. Bir sıra musiqi alətlərinə böyük marağım var idi. Ancaq vaxtım olmadığı üçün yalnız piano təhsilim var. Hazırda evdəki pianomla sadəcə baxışırıq (gülür). Hərdən pianoda mahnı ifa edirəm, o da nadir hallarda baş verir. Əvvəllər aldığım musiqi təhsili indi mənim işimə xeyli təsir edib.

- Serialdakı hekayənin romana uyğun gəlmədiyi kimi fikirlər səslənir. Siz nə düşünürsünüz?

- Romanın ana hekayəsinə sadiq qalınıb. Diqqət çəkən məqamlar isə ancaq orada dəstəkləyici hekayələrin olmasıdır. Belə hekayələr əsəri daha da gözəlləşdirir. Müasir dövrdə köhnə əsərlərə müdaxilə edilməsi normaldır.

- İstərdik ki, aktrisalıq sənətinin həyatınızdakı rolundan bəhs edəsiniz.

- Aktrisalıq sənəti insandan hər şeydən əvvəl müşahidəçilik tələb edir. Daha sonra isə tamaşaçıların obraza olan münasibəti, onların sevgisi ön plana gəlir. Əslində bunların mənə və həyatıma çox şey qatdığını gördüm. İnsanların mənə olan münasibəti, pərəstişkarlığı diqqətimi çəkməyə başladı. Bir sözlə, aktrisalıq sənəti idrak qabiliyyətimi artırdı.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.