Bölgə xəbərləri

Xaraba qalan kinoteatrlarımız - VİDEO

26 May 2016 23:06
0 Şərh     Baxış: 1 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sovetlər dönəmində ölkəmizə gətirilən filmlərə, xüsusən də hind kinolarına baxmaq üçün insanlar kinoteatra bilet əldə etməyə can atırdılar. Hətta film biletlərini insanlar bir-birilərinə hədiyyə edirdilər. Şimal-qərb bölgəsindəki kinoteatrların hazırkı vəziyyəti isə onu deməyə əsas verir ki, indi nə kinoteatr var, nədəki burda kinoya baxan.

Milli.Az bildirir ki, Kanal S (Region TV) bununla bağlı araşdırma aparıb.

Sovet İttifaqı dövründə əhalinin ən çox üz tutduğu məkanlardan biri kinoteatrlar idi. Həmin dövrlərdə kino sanki insanların bir həyat tərzinə çevrilmişdi. Ancaq müstəqillik illərində xüsusilə bölgələrdə bu mədəniyyət obyektlərinin diqqətdən kənarda qalması kinoteatrların tənəzzülünə səbəb oldu. Hazırda Şəkidə yalnız binası qalan Mirzə Fətəli Axundov adına kinoteatr bu gündən sonra çətin ki, bir də əvvəlki möhtəşəmliyinə qayıdar.

Kinoteatrdan müxtəlif vaxtlarda müxtəlif məqsədlər üçün istifadə olunub. Bir müddət kitabxananın, bir müddət isə dram teatrın binası funksiyası daşıyan bu kinoteatr indi də musiqi məktəbinin bir korpusu kimi fəaliyyət göstərir.

Şəki ilə yanaşı Qaxda da vəziyyət acınacaqlıdır. Burda əvvəllər 2 kinoteatr fəaliyyət göstərirdisə hazırda heç bir obyekt işləmir. Binanın uzun illərdir istifadəsiz qalması kinoteatrı bu vəziyyətə salıb. Bir müddət kinoteatrın bərpası istiqamətində işlər aparılsa da heç bir nəticə veməyib.

1956-cı ildə istifadəyə verilən 400 nəfərlik Şamaxı şəhər kinoteatrı da öz uçuq-sökük binası ilə digərlərindən fərqlənmir. 25 ildir ki, fəaliyyət göstərməyən bu bina da xarabalıqdan başqa heç nəyi xatırlatmır.

İsmayıllının kinoteatrı isə artıq yaradıcılıq mərkəzi kimi fəaliyyət göstərir. 20 ildən çoxdur ki, tamaşaçısız qalan bu zaldan geriyə yalnız köhnə kinoaparat qalıb. Binanın yenidən kinoteatr kimi fəaliyyət göstərə bilməsi üçün müasir standartlara cavab verən təmirə ehtiyacı var.

Zaqatalada olan Babək kinoteatrı da digərləri kimi 90-cı illərdən filmlərin nümayişini dayandırıb. Bugün rayonda özəl sinema klublar olsa da yaşlı nəsilin nümayindələri bunlardan xəbərsizdir.

Balakəndə və Qəbələdə isə kinoteatrların yalnız adı qalıb.

Görünən odur ki, rayonların bəzilərində binalar özəlləşdirilib, bəzilərində isə bərbad vəziyyətdə qalıb. Mədəniyyət və Turizm Nazirliyindən məsələdən xəbərdar olsalar da şimal qərb bölgəsindəki kinoteatrların bərpasının nəzərdə tutulmadığını bildiriblər.

Bölgələrdə kinoteatrların bərpası qalıb iş adamlarının insafına. Əgər bu sahədə əsaslı işlər görülərsə bölgə tamaşaçılarının da kinoya marağı yenidən artar və bu sahə də gəlirli biznesə çevrilə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xaraba qalan kinoteatrlarımız

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.