Həftəsonu qiraət

Bir sevgi HEKAYƏsi

2 İyul 2016 13:15
6 Şərh     Baxış: 47 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

                                                               Sevgi

Rasim Gülnarəni görən andan ona vurulmuşdu. Dərdindən dəli-divanə olmuşdu. O, Gülnarəni dostugildə görmüşdü. Belə ki, Rasimin dostu Eldarın həyat yoldaşı Günəş Gülnarə ilə yaxın rəfiqə idilər. Elə Rasimlə Gülnarənin ilk tanışlığı məhz onların evində baş tutmuşdu. Görünür, tale insanları bir cür tanış edir. Ancaq heç kim bilmir ki, tanışlıqların sonu necə bitəcək. Hər tanışlığın axırında ya əbədi dostluq, ya da ayrılıq var. Bəzən adi tanışlıq əbədi dostluğa, bəzən isə bir dostluq əbədi düşmənçiliyə çevrilir. Kim bilir taleyi, gələcək günləri necə olacaq?! Elə Rasimin də ağlına gəlməzdi ki, bir gün dostunun evində gördüyü bir qız onun ürəyində hakim kəsiləcək. Axı sevgi hissləri insandan ixtiyarsız yaranır. Rasim Gülnarəni görən gündən ona bağlanmışdı. Gecə də, gündüzdə onu düşünürdü. Gülnarə onun gündüzlər xəyalında, gecələr isə yuxularında idi. Gülnarənin sevgisi  Rasimi dəli etmişdi. Amma nədənsə Gülnarəyə sevgisini etiraf etməyə cəsarət etmirdi. Əsl sevgi də, məncə, budur. Çünki sevən kəs sevdiyinin "yox" kəlməsindən ehtiyat edir. Aşiq üçün bu söz ölümə bərabərdir. Onlar, sadəcə, "Facebook" sosial şəbəkəsində tanış kimi, dost kimi danışırdılar. Rasim Gülnarəyə sevgisini bildirməsə də, Gülnarə bunu hiss etmişdi. Bəlkə də Rasim özü də bilmədən, dolayısı ilə bunu hiss etdirmişdi. Rasim qəzetlərin birində jurnalist işləyirdi. Özü rayonlu idi, Bakıda kirayədə qalırdı. Gülnarə isə əsl bakılı - şəhər qızı idi. O, universitetin sonuncu kursunda oxuyurdu. Rasimə sevgisini etiraf etməyə mane olan səbəblər də bunlar idi: az maaş, kirayədə qalmaq, bakılı-rayonlu söhbəti... Axı indi zəmanə başqadır - qızların çoxu az maaşla dolanan, kirayədə qalan oğlanları sevmirlər. Sevsələr də, həmin oğlanla ailə qurmaq istəmirlər. Rasim gah bunları düşünüb məyus olurdu, gah da sevgisinə ümidlənərək, öz eşqinə güvənərək qəlbinə fərəh hissi gəlirdi. Əslində,  Gülnarə Rasimin ilk sevgisi deyildi. O, bir neçə il öncə Nəzrin adlı qızı sevmişdir. Lakin Rasimin ilk sevgisi daşa dəymişdi. Tale üzünə gülmədi və Nəzrin xalası oğlu ilə ailə həyatı quraraq, Moskvaya köçdülər. Həmin vaxtdan Rasim bir də heç kəsi sevməmək qərarına gəlmişdi. Lakin Gülnarəni görəndən sonra fikrini dəyişməli oldu.

                                                                 Etiraf

Martın biri idi. Artıq isti nəfəsli bahar yurdumuza qədəm basmışdı. Təbiət oyanır, ağaclar çiçəkləyir və sanki, həyata yeni nəfəs gəlirdi. Rasim də bu gözəl bahar günlərində sevgisini etiraf etmək qərarına gəlir. Üz-üzə Gülnarəyə onu sevdiyini etiraf etməyə cəsarət etməsə də, "Facebook" vasitəsi ilə ona sevgi hisslərini çatdırır: "Salam Gülnarə, axşamın xeyr. Bəlkə də mənim sənə deyəcəyim sözlər sənin üçün gözlənilməz oldu. Bəlkə də əksinə. Ümid edirəm ki məni düzgün başa düşəcəksən. Səni gördüyüm ilk gündən, ilk andan, ilk saniyədən sevdim səni - özü də bütün varlığımla sevdim səni. Sənin mənə münasibətinin necə olmağından asılı olmayaraq hər zaman sevəcəyəm səni. Hər açılan səhərin səninlə açılacaq. Hər doğan günəşim səninlə doğacaq. Gecələr sənin xəyallarınla gözlərimi  yumacam. Sənin cavabını gözləyirəm. Ümid edirəm ki, qəlbimi qırmayacaqsan "Və mənim saf məhəbbətimə laqeyd qalmayacaqsan". Bir neçə saatdan sonra Gülnarədən cavab gəldi. "Bizdə alınmaz. Biz başqa-başqa dünyanın adamlarıyıq. İncimə, səninlə yalnız dost kimi qala bilərik". Gülnarədən "yox" cavabı Rasimin ümidlərini büsbütün alt-üst etdi. Dünyada ümidin qırılmağından əclaf şey yoxdu. Nəyəsə inanırsan, ümid edirsən və nəticədə ümidlərin puç olur. Bəlkə də insanı həyatda yaşadan ümiddir, inamdır. Ancaq nə edək ki, taleyin amansız qaydaları ilə barışmalı oluruq. Heç kəs o qaydaları poza bilməz. Bir insanın digərini sevməsi də, ondan ayrılması da taleyin işidir. Rasim də öz taleyi ilə barışmalı olur və düşünür ki, yazıya pozu yoxdur.  

Əbədi xoşbəxtlik

Tale elə gətirir ki, Rasimlə Gülnarə yenidən qarşılaşmalı olur. Bu dəfə isə tanınmış sənətçilərdən birinin konsertində. Rasim, ilk öncə, Gülnarəyə yaxınlaşmağa tərəddüd edir. Lakin ürəyində olan alovlu sevgi bütün tərəddüdləri bir anın içində üstələyir. Və, nəhayət ki, Gülnarəyə yaxınlaşır:

- Salam, necəsən?

- Çox sağ ol Rasim, sən necəsən? İşlərin necə gedir?

- Təşəkkür, hər şey əladı. Şad oldum səninlə yenidən görüşməyə. Çoxdan səni yenidən görmək istəyirdim.

- Düzünü desəm, Rasim, elə mən də səni görmək istəyirdim. Sən dəyərli, sevgisinə etibarlı oğlansan. İndiki zamanda belələrini tapmaq çox çətindir.

Gülnarənin bu sözləri Rasimə bir xoşbəxtlik, səadət bəxş etmiş oldu. O, bu günü, Gülnarənin bu cür sözlərini eşitməyi çoxdan gözləyirdi. Axı Gülnarənin "yox" cavabı Rasimi öz eşqindən döndərə bilməmişdi. 

Anar Məcidzadə

Azərbaycan Yazıçılar Birliyinin üzvü  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.