Siyasət

Moskva-Ankara-Bakı-Tehran birliyi üçün tarixi fürsət yaranıb

18 Dekabr 2014 22:07
0 Şərh     Baxış: 1 128
Rusiya-Qərb qarşıdurması Ukrayna hadisələrinə görə "nirvanaya çatdı". İndi təkcə Rusiya ilə ABŞ arasında deyil, ümumilikdə Qərblə Şərq arasında soyuq küləklər əsir. Ukrayna böhranı hər iki cəbhənin əsl üzünü ortaya çıxardı. Belə ki, milli maraqları üçün Moskvanın hərbi gücdən, Qərbin isə "demokratik inqilab" siyasətindən əl çəkməyəcəyi bütün çılpaqlığı ilə özünü göstərdi.

Rusiya Qara və Azov dənizlərinə çıxışı olan Krımı qopararaq ərazisini genişləndirdi, üstəlik, bu ölkədə separatçı rejim yaratdı. Qərb isə Kiyevə assosiasiya haqqında sazişi imzaladaraq burada "demokratiya"nı bərqərar etdi. Ardınca isə qarşılıqlı sankisiyalar başladı.

Hadisələrin bu cür gedişatını görən digər ölkələr "kompas"a baxıb gələcək hərəkət istiqamətlərini yenidən nəzərdən keçirməyə başladılar. Baş verən iqtisadi və siyasi proseslərdən daha çox özünü bir dövlətin qucağına atan ölkələr zərərlə çıxır. Buna Rusiyanın az qala bütün ölkəni özəlləşdirdiyi Ermənistanı misal çəkmək olar. Azərbaycanın balanslaşdırılmış siyasəti məhz belə çətin günlər, dilemma qarşısında qalmamaq üçün hesablanıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan Bakı sanksiyalar burulğanına düşən Rusiyaya arxasını çevirməyərək bir daha etibarlı tərəfdaş olduğunu təsdiq etdi. Hərçənd rəsmi Bakının Kremlin Dağlıq Qarabağ münaqişəsində sərgilədiyi siyasətə görə bunu etməməyə mənəvi haqqı çatırdı.

Slavyan qardaşından umduğunu ala bilməyən Moskva üzünü Şərqə - Ankaraya çevirdi. Putin və Ərdoğanın yaxın dostluq münasibətləri və iki liderin Qərbə qarşı antipatiyası tərəflərə əlaqələri daha da genişləndirməyə və qarşılıqlı güzəştlərə getməyə zəmin yaradır. Rusiya Prezidentinin dekabrın əvvəlində Türkiyəyə səfəri zamanı energetika sahəsində əldə edilən razılaşmalar bunun bariz nümunəsidir. "Ağ saray" və Kremlin Suriya və Krım daxil bir sıra məsələlərdə fikir ayrılıqları olsa da, tərəflər açıq konfrantasiyaya getməyərək üstüörtülü mübarizəyə üstünlük verirlər. Məsələn, Ərdoğan Putinlə telefon əlaqəsində Rusiyanın Krımı ilhaq etməsinin düzgün olmadığını deyib, əvəzində isə "birləşmənin Krımın istəyi ilə baş verdiyi" cavabını eşidib. Vəssalam.

Regionun söz sahibi dövlətlərindən biri də qədim dövlətçilik ənənələri olan İrandır. Bu qədim dövlətçilik ənənələri səbəbindən müstəqil Azərbaycanı heç cür həzm edə bilməyən, məzhəb ayrı-seçkiliyinə və regionda liderlik mərəzinə görə isə Türkiyə ilə ulduzları barışmayan İran artıq Bakı və Ankara ilə münasibətlərdə yeni səhifə açır. Türkiyə buna Tehranın dinc məqsədlər üçün uranı zənginləşdirilməsi haqqını müdafiə etməsi, Ərdoğanın İranı özünün ikinci evi hesab etməsi deməsi ilə qarşılıq verir. Azərbaycan isə ərazisindən İsrail və ya ABŞ tərəfindən İrana hərbi zərbə endirmək üçün baza kimi istifadə olunmayacağını dəfələrlə bəyan edib.

Sanksiyalara qarşı artıq immuniteti formalaşmış İranın Rusiya ilə ənənəvi tərəfdaşlıq münasibələri var. Tehranın uzun müddətdir formalaşmış bu əlaqələri sanksiyaların aradan qaldırılması müqabilində Qərbin şirnikləndirici təkliflərinə qurban verəcəyi inandırıcı görünmür.

Beləcə, regionda Moskva-Ankara-Bakı-Tehran birliyi üçün tarixi fürsət yaranıb. Azərbaycan və Türkiyə qarşılarına Qərbi alaraq bu ittifaqa doğru ilk və önəmli addımlarını atıblar. Sıra şimal və cənub qonşularımızdadır. Əslində kontrast durumla qarşı-qarşıyayıq: Qərb sanksiyalarına məruz qalan Tehran-Moskva cütlüyü regionda həmin Qərbin ən yaxın tərəfdaşları olan iki türk dövləti ilə əl-ələ... Regionda kvartetin alınması çətin görünsə də, mümkünsüz də deyil. Tehran-Bakı-Ankara-Moskva reysi regionu yalnız sabitliyə, inkişafa doğru apara bilər.

Məftun Salmanov

Trend

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.