Siyasət

Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” əsəri müzakirə olunub

18 Dekabr 2014 22:36
Baxış: 935
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" əsərinin müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov əsərin tarixi əhəmiyyətindən söz açıb.

Bildirilib ki, akademik Ramiz Mehdiyevin hər yeni əsəri fəlsəfə, tarix, ideologiya və beynəlxalq münasibətlər nəzəriyyəsinə bir töhfədir. Bu fundamental, böyük və ciddi əsərində də müəllif müasir beynəlxalq münasibətlər nəzəriyyəsini zənginləşdirir, dünya siyasətinin əsas tendensiyalarına dair baxışlarını açıqlayır. "İkili standartların dünya nizamı və müasir Azərbaycan" əsərinin DİA-da geniş müzakirəsi təşkil olunub və aktuallığı nəzərə alınaraq onun tədrisi reallaşdırılır.

"Dəyirmi masa"da Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək akademik Ramiz Mehdiyevin yeni əsərini yüksək qiymətləndirib və onu zamanında yazılmış siyasi əsər adlandırıb.

Vurğulanıb ki, vaxtaşırı aktual mövzulara həsr edilmiş elmi əsərlərlə geniş oxucu auditoriyasının diqqətini cəlb edən Ramiz Mehdiyev Azərbaycanda gedən proseslərə siyasi-fəlsəfi yanaşma ortaya qoyur. Dünyada bir çox dövlətlərdə baş verən proseslərə heç də hər yerdə geniş, elmi şərhlər verilmir. Bu baxımdan hörmətli alimimizin əsəri olduqca təqdirəlayiqdir.

Ramiz Mehdiyev bu əsərində də geniş elmi axtarışlara söykənərək Azərbaycan dövlətçilik ənənələrinin qorunmasının əsaslarını və buna maneələr yarada bilən amilləri açıq şəkildə göstərib. Akademik müasir müstəqil Azərbaycanın möhkəm təməlini qoymuş, sabitliyi, güclü iqtisadiyyatı və demokratiyanı beynəlxalq birliyə ən yaxşı inteqrasiya yolu hesab edən ümummilli lider Heydər Əliyev kursunun bu sahədəki rolunu xüsusilə vurğulayır. Qeyd edir ki, Azərbaycan tarazlaşdırılmış xarici siyasətini uğurla davam və inkişaf etdirir. Dünyaya aydın şəkildə göstərir ki, hadisələrin qiymətləndirilməsi və beynəlxalq problemlərin həllində ayrı-ayrı fövqəldövlətlərin maraqları baxımından deyil, beynəlxalq hüquq normaları və ölkənin maraqlarından çıxış edir.

Tədbirdə fəlsəfə üzrə fəlsəfə doktoru Sevil Məmmədova və siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxış edərək əsərin məziyyətlərindən danışıb və onu Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından olduqca dolğun və tutarlı faktlarla zəngin bir siyasi yanaşma kimi qiymətləndiriblər. Akademik Ramiz Mehdiyev haqlı olaraq belə bir qənaətə gəlir ki, "...rəngli inqilablar" istənilən regionda əmin-amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür".

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı barədə mühakimə yürüdən müəllif yeni nəsil "beşinci kolon" rolunda çıxış edən "qeyri-hökumət təşkilatları"nın fəaliyyətinə toxunur və onların milli mənafelərə zidd əməllərini konkret faktlarla açıb göstərir.

"Dəyirmi masa" iştirakçılarının fikrincə, gələcək tədqiqatçılar XXI əsrin əvvəllərindəki siyasi mənzərəyə nəzər salarkən akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" əsərindən yetərincə bəhrələnə biləcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.