Siyasət

"Ermənistan Suriyadan qaçan ermənilərdən işğalçı siyasətini davam etdirmək üçün istifadə edir"

28 İyun 2017 17:48
0 Şərh     Baxış: 1 532

"Ermənistan Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərdən işğalçı siyasətlərini davam etdirmək üçün istifadə etməkdə davam edir. Onları Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər. Yəni, bu insanları bilərəkdən işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər ki, Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir. Biz Miqrasiya və Köçkünlər Komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişənin həllinə mənfi təsir göstərən bu qeyri-qanuni əməllərinə səssiz qalmamağa çağırırıq".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu millət vəkili Qənirə Paşayeva AŞPA-da Avropada miqrantların, köçkünlərin vəziyyəti ilə bağlı məruzələrin müzakirəsi zamanı çıxışında edib.

O bildirib ki, Avropada qaçqınlara qarşı hücumların artması, burada olan hər kəsi, hamımızı ciddi şəkildə narahat etməlidir: "Fiziki zorla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bizi çox ciddi şəkildə qayğılandırmalıdır ki, insanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar ata bilək. Bu baxımdan biz, Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq. Mənim ölkəm dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı köçkün düşüb. İşğalçı Ermənistan bu köçkünlərin öz vətənlərınə, evlərinə dönmələrinə izn vermir".

Q.Paşayeva qeyd edib ki, biz çox ağır durumda olmağımıza baxmayaraq, o illərdə on minlərlə Ahıska türkünü də ölkəmizdə qəbul etdik: "Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də, müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. On minlərlə köçkünü qəbul etmək asan deyil, amma biz onlara əlimizdən gələn bütün yardımları etməliyik. O insanların hansı acılar içərisində bizə pənah gətirdiklərini unutmamalıyıq və dəstək olmalıyıq. Bu baxımdan 3 milyon köçkünə qucaq açaraq onlara dəstək olan və ən çox köçkünün yaşadığı Türkiyəyə buradan təşəkkür etmək istəyirəm. Türkiyədə İraq və Suriyadan olan köçkünlərlə görüşmüşəm və onlar Türkiyə dövləti və xalqının onlara qucaq açmasını və hər cür dəstək göstərməsini şükranlıqla deyir, təşəkkür edirlər. Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq, dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda, bu, insani dəyərlərlə də doğru yanaşma deyil. Buradan bir az öncə Azərbaycan əleyhinə yalanlarla dolu çıxış edən Melkumyana səslənərək demək istəyirəm ki, sizin yalanlarınıza ən gözəl cavab 1416 saylı qərar da daxil olmaqla, bu Assambleyanın, Parlament Assambleyasının qəbul etdiyi qərarlardır. O qərarlarda birmənalı olaraq ölkənizin işğalçı olduğu vurğulanır və işğala son vermənizə çağırış edilir. Bunu dayandırın. Biz nəticələrdən daha çox insanları köçkün salan səbəblərlə daha çox mübarizə aparmalıyıq. Əks halda, köçkünlərin sayı da, problemlər də azalmayacaq, daha da artacaq. Ona görə Assambleyamız insanları köçkün saalan səbəblərə qarşı da mübarizəsini gücləndirməlidir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.