Siyasət

Prezident İlham Əliyev Polşa Baş naziri ilə görüşüb - YENİLƏNİB - FOTO

28 İyun 2017 12:36
Baxış: 4 296

28.06.2017

12:36

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Beata Şidlo Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd etdi, Azərbaycan-Polşa biznes forumunun iqtisadi əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətini vurğuladı. Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirən Baş nazir ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.

Beata Şidlo Polşanın Azərbaycanın regionda rolunu yüksək qiymətləndirdiyini, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini söylədi. Polşanın Baş naziri səfər çərçivəsində imzalanan sənədlərin əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığını dedi.

Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlı olduqlarını deyən Baş nazir bildirdi ki, Polşa Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir və yüksək qiymətləndirir. Polşa şirkətləri də bu istiqamətdə fəal iştirak etməyə hazırdırlar. Baş nazir hökumətlərarası komissiyanın işinin daha da fəallaşdırılmasının əlaqələrimizin inkişafında önəmini qeyd etdi. Beata Şidlo bildirdi ki, regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur. Baş nazir Azərbaycanın balanslı siyasət həyata keçirdiyini bildirərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğuladı, bu baxımdan Cənub Qaz Dəhlizinin önəmini qeyd etdi.

Baş nazir Beata Şidlo ilə əvvəlki görüşünü xatırlayan Prezident İlham Əliyev Polşaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi, qarşıda duran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. İkitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan və Polşa beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də və Avropa strukturlarında uğurla əməkdaşlıq edirlər. İkitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, bu istiqamətdə yeni saziş üzərində iş aparıldığını dedi. Prezident İlham Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın fəal iştirak etdiyini dedi və bu istiqamətdə Polşa ilə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğuladı.

Dövlətimizin başçısı ikitərəfli siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı ticarət dövriyyəsinin ölkələrimizin mövcud potensialını tam əks etdirmədiyini, onun artırılması üçün əsas istiqamətlərin müəyyənləşdirilməsində Azərbaycanın maraqlı olduğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Polşa arasında nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri iyunun 28-də başa çatıb.

-------------------

27.06.2017

22:59

İyunun 27-də Polşa Respublikasının Prezidenti Andjey Dudanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirildi.

Sonra dövlət başçıları rəsmi ziyafətdə çıxış etdilər.

Prezident Andjey Dudanın çıxışı

-Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Cənab Prezidenti Varşavada qonaq qismində qəbul etməyim məni çox sevindirir. Sizin Polşaya çox gözlənilən səfəriniz xüsusi məna daşıyır. Bu, ölkələrimiz arasında yaxın əlaqələrin olmasının sübutudur.

Azərbaycanın nailiyyətlərinə böyük ehtiramla yanaşır, ölkənizi tərəfdaş kimi görürük. Polşa və Azərbaycanın qarşısında oxşar məqsədlər durur. Ölkələrimizin sabit və təhlükəsiz inkişafını təmin etmək üçün çalışır və eyni zamanda, beynəlxalq arenada mövqeyimizi möhkəmlətmək istəyirik. Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir, regionun sabitliyinin və inkişafının təmin edilməsində həlledici rol oynayırlar. Cənubi Qafqaz regionunda rolu, həmçinin Şərq Tərəfdaşlığında getdikcə artan iştirakı baxımından Polşanın Şərq siyasəti üçün Azərbaycan çox önəmlidir. Hesab edirik ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür. Əminəm ki, bu gün beynəlxalq vəziyyətin çox mürəkkəb olduğu dövrdə birlikdə tərəfdaşcasına əməkdaşlıq sayəsində ortaq təşəbbüs və tədbirlərimizi uğurla həyata keçirmək şansına malikik.

Hörmətli cənab Prezident, xalqlarımızı bir-birinə bağlayan dostluq münasibətləri dərin tarixi köklərə əsaslanır. Polyaklar Azərbaycana artıq XVIII əsrdən başlayaraq üz tutmuş, burada özlərinə ikinci yurd tapmış və yeni vətənlərinin inkişafında iştirak etmişlər.

XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlamışdır. O vaxt "Bakı neftinin atası" adlandırılan geoloq Vitold Zglenitskinin və mühəndis Pavel Pototskinin nailiyyətləri xüsusi tanınırdı. Bu günədək Azərbaycanda onların nailiyyətlərinin xatırlanması və Pavel Pototskinin Xəzər dənizinin sahilində yerləşən məzarına hörmət və qayğı göstərilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. XIX əsrin sonları - XX əsrin əvvəllərində polyak əsilli tanınmış memarlar Yuzef Qoslavski, Yuzef Ploşko, Yevgeni Skibinski və digərləri bu gün də mötəbərliyini itirməyən Bakının simasının formalaşmasına öz töhfələrini vermişlər. Milliyətcə polyak Stanislav Despot-Zenoviç isə Bakı şəhərinin başçısı olmuşdur.

Bir çox polyak üçün Bakının nə qədər əhəmiyyətli olmasını, həmçinin polyak ədəbiyyatının nadir incilərindən sayılan Stefan Jeromskinin "Bahar ərəfəsi" əsərinin əvvəlindəki hadisələrin məhz bu şəhərdə - baş qəhrəman Tsezari Barıkanın uşaqlıq və gənclik illərinin keçdiyi, atası Severinin böyük ümidlər bəslədiyi şəhərdə cərəyan etməsi təsdiq edir.

XX əsrdə müstəqilliyə və azadlığa olan məhəbbətimiz bizi bir-birimizə yaxınlaşdırdı. 1918-1920-ci illərdə - Azərbaycanın azadlıq uğrunda mübarizə apardığı dövrdə başda öz həyatını Azərbaycanın müstəqilliyinə qurban vermiş general Maçey Süleyman Sulkeviç olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda və dövlət aparatında bir çox polyak xidmət göstərmişdir. İkinci Dünya müharibəsi illərində bizim azadlığımızı isə Polşa Ordusu sıralarında polkovnik Vəli bəy Yadigar qorumuşdur. Onların Varşava şəhərinin Praqa rayonunda ucaldılmış birgə abidəsi bu qarşılıqlı əlaqələrin təcəssümüdür.

Hörmətli cənab Prezident, artıq bizim müasir əlaqələrimiz də əhəmiyyətli tarixə malikdir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ili tamam olur. Diplomatik münasibətlərimizin 25-ci ildönümü məni sevindirir. Gələcəyə nikbinliklə baxır, Polşa və Azərbaycan əməkdaşlığı üçün yeni perspektivlər görürəm. Əminəm ki, ölkələrimizin uğurları naminə bundan istifadə edəcəyik.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə, məni Polşaya rəsmi səfərə dəvət etdiyinizə, səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Bu səfərim ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir.

Müasir diplomatik əlaqələrimizin tarixi 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Hələ XV əsrdə Azərbaycan hökmdarı Uzun Həsənin Polşa Kralı Yagello ilə sıx təmasları olmuşdur. Sonrakı dövrlərdə də münasibətlərimiz qorunub saxlanılmışdır. Şərqdə ilk demokratik respublikanın - 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak etmişlər. General Maçey Sulkeviç həmin dövrdə Azərbaycan Ordusunun qərargah rəisi olmuşdur. Kriçevski qardaşları isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində rəhbər vəzifələr tutmuşlar. Azərbaycanlı Vəli bəy Yadigar isə İkinci Dünya müharibəsi illərində Polşa Milli Ordusunun polkovniki olmuşdur.

XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı şəhərinin memarlıq simasının formalaşmasında polyaklar böyük rol oynamışlar. Bakının baş memarı olmuş Yuzef Qoslavski, eləcə də tanınmış memarlar Ploşko və Skureviçin layihələri ilə inşa edilmiş binalar bu gün də Bakıya gözəllik verən memarlıq nümunələridir. Polyaklar Azərbaycanın neft sənayesinin inkişafına da töhfələr vermişlər. Mühəndis Pavel Pototskinin Xəzər şelfində neft çıxarılması sahəsində böyük xidmətləri olmuşdur. Vəsiyyətinə uyğun olaraq Pototski Bakıda dəfn olunmuş və burada onun xatirəsinə abidə ucaldılmışdır.

Qeyd etməliyəm ki, ədəbi, mədəni, elmi əlaqələrimizin də zəngin tarixi vardır. Bu əlaqələr bu gün də davam və inkişaf etməkdədir. Xalqlarımız arasında formalaşan möhkəm dostluq əlaqələri bugünkü münasibətlərimiz üçün gözəl zəmin yaratmışdır. Hazırda Azərbaycan ilə Polşa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bu səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə də "Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə" münasibətlərimizin daha da inkişafı üçün siyasi iradəmizin göstəricisidir. Siyasi münasibətimizin mövcud səviyyəsi iqtisadi əlaqələr üçün də yeni perspektivlər açır. Tarixi İpək yolu üzərində əlverişli coğrafi mövqeyə malik Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri əməkdaşlımızın daha da genişlənməsinə imkan verir.

Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabığ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş və bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Mövcud status-kvo qəbuledilməzdir və işğal edilmiş ərazilər qeyd-şərtsiz azad olunmalıdır.

Mən Polşaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, dəvətə və yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirir, öz növbəmdə Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. Sizə cansağlığı, ölkənizə, xalqınıza daim inkişaf və uğurlar arzulayıram.

----------

18:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikası Senatının marşalı Stanislav Karçevski ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Stanislav Karçevski Azərbaycana səfərini və Prezident İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladı. Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayan Senatın marşalı bu əlaqələrə böyük əhəmiyyət verdiklərini söylədi, xalqlarımız arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə etdi. Stanislav Karçevski Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin və bu səfər çərçivəsində keçirilən biznes forumun ikitərəfli əlaqələrin müxtəlif sahələrdə gücləndirilməsi baxımından önəmini vurğuladı. O, Polşanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Parlamentlərarası əməkdaşlığa böyük önəm verdiklərini diqqətə çatdıran Polşa Senatının marşalı Azərbaycanın nəqliyyat dəhlizi imkanlarından istifadə edilməsinin iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Polşaya rəsmi səfəri çərçivəsində strateji tərəfdaşlığa və müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlərin imzalanmasının ölkələrimiz arasında dostluq münasibətlərinin yaxşı göstəricisi olduğunu bildirdi. Dövlətimizin başçısı Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdı. Səfər çərçivəsində iqtisadi əlaqələrimizin mühüm hissəsinin - Azərbaycanın nəqliyyat dəhlizləri və ölkəmizin tranzit imkanlarından istifadə olunması məsələsinin müzakirə edildiyini bildirən Prezident İlham Əliyev bu nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

Azərbaycan-Polşa əməkdaşlığının böyük tarixinin olduğunu deyən dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın Polşa ilə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa parlament strukturlarında uğurla əməkdaşlıq etdiklərini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Polşa arasında siyasi, iqtisadi, humanitar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda Prezident İlham Əliyev Senatın xatirə kitabına ürək sözlərini yazdı.

---------

18:33

İyunun 27-də Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda biznes forumun açılış mərasimində iştirak ediblər.

Polşanın iqtisadi inkişaf nazirinin müavini Tadeusz KOSCİNSKİ biznes forumda çıxış edərək dedi:

- Mən hörmətli prezidentləri və bütün qonaqları salamlamaq istəyirəm. İqtisadi İnkişaf Nazirliyi adından bütün iştirakçıları bu gün keçirilən biznes forumda salamlayıram. Bu, birgə keçirilən tədbirdir. Bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edir. Ümidvaram ki, bu gün məhz müzakirələr və fikir mübadilələri bizim iqtisadi inkişafımıza və Azərbaycan ilə Polşa arasındakı iqtisadi əməkdaşlığa zəmin yaradacaq.

Mən hesab edirəm ki, məhz Azərbaycan Polşanın Cənubi Qafqaz regionunda ən etibarlı və perspektivli tərəfdaşlarından biridir. Polşa Azərbaycan ilə münasibətlərin dərinləşdirilməsində maraqlıdır. Bu baxımdan son aylar ərzində hökumətlər səviyyəsində müxtəlif görüşlər keçirilmişdir. Biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığımızı qurmuşuq. Lakin onun bugünkü səviyyəsi mövcud iqtisadi potensiala uyğun deyil. Bunu nəzərə alaraq və xüsusən də bu əməkdaşlığın perspektivlərini görərək biz Azərbaycan Hökumətinin həyata keçirdiyi iqtisadi siyasəti öyrənirik. Bilirik ki, bu siyasət ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Biz bilirik ki, Azərbaycan iqtisadiyyatın liberallaşdırılması istiqamətində bir çox addımlar atmışdır. Sərmayələrin qoyuluşu üçün Azərbaycanda münbit şərait yaradılmışdır. Bu baxımdan, həmçinin stimullaşdırıcı tədbirlər də görülüb ki, məhz investorlar cəlb edilsin, güzəştli kreditlərin verilməsi yolu ilə bu kimi iştirakçıların sayı çox olsun. Təbii ki, bu, iqtisadi münasibətlərimizə, ölkələrimiz arasındakı əlaqələrə müsbət təsir göstərir. Hesab edirik ki, bu gün məhz iqtisadi əməkdaşlığın, Polşa ilə Azərbaycan arasındakı əlaqələrin gücləndirilməsində bir çox imkanlar var. Məsələn, gəmi tikintisi, dəmir yolları, daşımalar, inşaat materialları istehsalı, maşınqayırma, energetika, sənaye, neft sənayesi, kənd təsərrüfatı, yeyinti məhsulları, kimya sənayesinin inkişafı baxımından bir çox imkanlar var.

Biz hesab edirik ki, iqtisadi inkişafımızda məhz yeni texnologiyaların araşdırılıb tətbiq edilməsində Polşa şirkətlərinin təcrübəsindən yararlanmalıyıq. Polşa tərəfi nəinki Azərbaycanın daxili bazarında öz iştirakının genişləndirilməsində maraqlıdır, o cümlədən Azərbaycan şirkətlərinin bizim ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrində iştirakına maraq göstərir.

Xanımlar və cənablar, hesab edirik ki, keçirilən bu biznes forum məhsuldar əlaqələrin qurulmasında bir çox imkanlar yaradacaq və əməkdaşlığımız bununla daha da genişlənəcək. Sağ olun.

x x x

Sonra dövlət başçıları biznes forumda çıxış ediblər.

Polşa Prezidenti Andjey Dudanın çıxışı

- Hörmətli cənab Prezident. 

Hörmətli nazirlər.

Hörmətli şirkət rəhbərləri, dəyərli qonaqlar.

Bu gün keçirilən forumda iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu gün biz yeni bir layihəni həyata keçiririk. Yəni, Polşa ilə Azərbaycan arasında iqtisadi münasibətlərin məhz genişləndirilməsinə yönəlmiş bu tədbirdə iştirak edirik. Mən xüsusən də "AZPROMA"ya təşəkkürümü bildirmək istəyirəm. Çünki Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu bu tədbirin təşkil olunmasında yaxından iştirak edib.

Biz görürük ki, burada iqtisadiyyatımızın müxtəlif sahələri üzrə şirkətlər təmsil olunub. Hesab edirik ki, bu, bizim üçün yeni təmasların qurulmasına imkan yaradacaq və biznes münasibətlərimiz daha da intensivləşəcək.

Xanımlar və cənablar, Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır. Bu baxımdan biz Azərbaycan ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinə xüsusi önəm veririk. Bu gün Prezident İlham Əliyevin və mənim iştirakımla Prezident sarayında mühüm sənədlər imzalandı. Əminəm ki, bunun sayəsində ticarət münasibətlərimiz daha da intensiv olacaqdır. 2005-ci ildə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bunun əsasında hökumətlərarası komissiya yaradılmışdır. Komissiya Bakıda və bizim paytaxtımızda dəfələrlə görüşlər keçiribdir. Bu baxımdan, həmçinin strateji tərəfdaşlıq haqqında bu gün imzalanmış Birgə Bəyannamə əməkdaşlığımızı daha da gücləndirəcək və biz bu Bəyannamə əsasında digər sahələrdə də iş birliyi qura biləcəyik.

Əvvəlcə bildirmək istəyirik ki, Azərbaycan ilə Polşa arasında əməkdaşlığın çox geniş perspektivləri var. Çünki bizim ölkələrimiz tarixi İpək Yolunun bərpasında xüsusi rol oynaya bilər. Azərbaycan mühüm daşımalar marşrutlarında, Asiya ilə Avropanın kəsişməsində yerləşir. Bu baxımdan hesab edirik ki, biz məhz Cənub və Qərb, o cümlədən Qərb-Şərq arasında saziş imzalamışıq. Həmçinin İranın da bu daşımalar marşrutuna qoşulmasını nəzərdə tuturuq. İstəyirik ki, digər tərəfdaşlar da bu işə qoşulsunlar və Şərq Tərəfdaşlığı çərçivəsində yeni bir layihə həyata keçirilsin. Biz dəmir yolunun məhz Cənub-Şərq hissəsinin şəbəkəmizə qoşulmasını təmin etmək istəyirik. Bu, bir növ Avropanın bütün Asiya ölkələrinə, regionuna çıxışını təmin edəcəkdir. Eyni zamanda, məhz bizim şəbəkələr Avropa İttifaqının bazarına böyük çıxışı təmin edir. Polşanın iqtisadi diplomatiyası məhz yeni ticari tərəfdaşların tapılmasına və yeni ticari münasibətlərin qurulmasına yönəlibdir. Bu baxımdan Azərbaycan sərmayədarları bizim üçün vacibdir. Azərbaycanın daxili bazarında da olmağımız bizim üçün əhəmiyyətlidir. Biz hesab edirik ki, bu baxımdan hər iki tərəf yalnız qazana bilər və bu, hər iki tərəfə qarşılıqlı surətdə hər hansı bir fayda gətirə bilər. Bu işdə avadanlıqlar, xidmətlər, neft və qaz emalı prosesləri, dəmir yolları xətlərinin təkmilləşdirilməsi, Polşa texnologiyalarının, mövcud mühəndis həll variantlarının tətbiq edilməsi də öz rolunu oynaya bilər. Polşada istehsal edilən avtobuslar, ictimai nəqliyyat vasitələri Stokholmda və digər Avropa paytaxtlarında artıq istifadə olunur. Bizim, həmçinin dəmir yolu sahəsində texnologiyalarımız var. Biz, həmçinin informasiya texnologiyaları, kənd təsərrüfatı, yeyinti məhsulları sahələrində də fəal işləyirik. O cümlədən logistika sahəsində də imkanlarımız kifayət qədər genişdir. Əczaçılıq və kosmetika sənayesi də geniş şəkildə inkişaf etmişdir.

Bizim ticari münasibətlərimizdə digər bir məqam ondan ibarətdir ki, hələ istifadə olunmayan potensialımız var. 2016-cı ildə təxminən 100 milyon ABŞ dolları həcmində ticarət dövriyyəmiz olmuşdur. Ümid edirəm ki, cənab Prezident İlham Əliyevin ölkəmizə səfəri sayəsində ticari mübadilələr daha da artacaqdır. Söhbət əsnasında və bu gün apardığımız danışıqlar zamanı biz iqtisadi münasibətlərimizə xüsusi toxunduq. Biz bu fikrə gəldik ki, iqtisadiyyatlarımızı bir-birimizə daha açıq etməliyik və beynəlxalq səviyyədə birgə mövqedən çıxış etməliyik. Zənnimcə, biz son on il ərzində digər xarici tərəfdaşlarımızla öz ticarət dövriyyəmizi necə artırmışıqsa, eyni zamanda, Sizin ölkənizlə də bu səviyyəni artırmalıyıq. Onu da qeyd edim ki, qlobal reytinq təşkilatları bu gün Polşanı məhz Avropada üç ən cəlbedici sərmayə mərkəzlərindən biri hesab edir. Buna görə də istərdim ki, Azərbaycan şirkətləri ölkəmizə gəlsin və sərmayələr yatırsınlar. Biz Avropa İttifaqının altıncı ən böyük iqtisadiyyatıyıq.

Xanımlar və cənablar, ümidvaram ki, bu gün keçirilən görüş bir sıra təmasları qurmaq imkanı yaradacaq və siz birgə layihələr üzərində razılığa gələcəksiniz, öz şirkətləriniz, öz ölkələrinizin iqtisadiyyatı üçün bir çox fayda əldə edəcəksiniz. Çox sağ olun.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar, əziz dostlar.

Əvvəla, mən cənab Prezidentə məni Polşaya səfərə dəvət etdiyinə, mənə və bizim nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz əməkdaşlığımızın inkişafının yeni mərhələsinə qədəm qoyuruq. Mənim Polşaya səfərim çox uğurlu keçir. Biz bir çox sənədləri imzalamışıq. Onların arasında mən strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq üzrə Birgə Bəyannaməni xüsusi vurğulamaq istəyirəm. Bu, siyasi və iqtisadi əlaqələrimizin inkişafında yeni bir yol xəritəsini əmələ gətirir. Bəyannamənin adı bizim iqtisadi əməkdaşlığa necə önəm verdiyimizi göstərir. Bugünkü biznes forum onun digər bir göstəricisidir. Çünki biznes icmaları çox həssasdırlar və çox aydın başa düşürlər ki, bu gün Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi əlaqələr onlar üçün yeni imkanlara yol açır. Məndə olan məlumata görə, bu gün biznes forumda şirkətlərimiz arasında bir neçə razılaşma imzalanacaqdır.

Əlbəttə ki, ticarət dövriyyəmizin cari səviyyəsi bizi qane edə bilməz və bu gün biz cənab Prezident və nümayəndə heyətləri ilə ticarət dövriyyəsinin necə artırılması yollarını müzakirə etdik. İqtisadi əlaqələrimizə təkan vermək üçün və həmçinin ixrac potensialımızın yaxşı mənzərəsinin formalaşmasına dair əlverişli fürsətlər var. Yəni, biz bir-birimizə nəyi ixrac edə bilər və hansı birgə biznes layihələrini icra edə bilərik.

Polyak dost və tərəfdaşlarımızı çox sürətli iqtisadi inkişaf münasibətilə təbrik etmək istəyirəm. Bu gün Polşa ən yüksək iqtisadi artım sürəti, siyasi və iqtisadi sabitlik nümayiş etdirir. İnkişaf isə bu gün ölkənizin tərəqqiyə doğru yolunu gücləndirmək üçün çox yaxşı imkanlar yaradır.

Azərbaycana gəlincə, ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunmuşdur. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri - siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olmuşdur. Bu gün Azərbaycan, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirir. 2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır.

Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik.

Azərbaycan sərhədlərimizdən çox kənara uzanan olduqca önəmli enerji və nəqliyyat layihələrini həyata keçirir. Nəqliyyat sahəsində, cənab Prezidentin qeyd etdiyi kimi, biz artıq dəhlizlərin yaradılması üzrə birgə fəaliyyətə başlamışıq. Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması üzərində uzun illərdir ki, çalışırdı və indi bütün zəruri nəqliyyat infrastrukturu artıq yaradılmışdır. Bizim bütün qonşularımızla şimal, cənub və qərb istiqamətində dəmir yolu əlaqəmiz var. Bizim bütün təyyarələri qəbul edə bilən altı beynəlxalq hava limanımız var. Bizim yükdaşıma donanmamız dünya miqyasında fəaliyyət göstərən ən aparıcı yükdaşıma donanmalarından biridir. Ölkəmiz regionla ən yeni magistrallar şəbəkəsi ilə birləşir. Biz daşımaların həcmini Xəzər dənizində yeni tikilmiş ən böyük liman vasitəsilə artırırıq. Onun birinci mərhələsi artıq fəaliyyət göstərir və növbəti il dəniz limanının tikintisinin tamamlanması bizə ən azı ildə 15 milyon ton yük və bir milyon ton konteyneri yükləyib-boşaltmaq imkanını verəcəkdir. Artıq Çindən Avropaya gedən sınaq konteyner qatarları Azərbaycandan keçir. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizi demək olar ki, icra edilib. Azərbaycan nəinki təkcə ölkə daxilinə sərmayə yatırmış, eyni zamanda, Gürcüstanda dəmir yolunu tikmək üçün 700 milyon dollardan çox maliyyə dəstəyi göstərmişdir. İndiki mərhələdə biz İranda dəmir yolunu tikmək üçün maliyyə dəstəyinin göstərilməsi məqsədilə iranlı qonşularımızla danışıqların ən son mərhələsindəyik. Bu dəmir yolu İran dəmir yollarını bizim dəmir yolları ilə birləşdirəcəkdir. Beləliklə, biz çoxsaylı dəhliz formatını, Azərbaycan ərazisindən keçən, Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb dəhlizlərini yaratmış olacağıq.

Polyak dostlarımızla üzərində çalışdığımız digər bir layihə isə Cənub-Qərb dəhlizidir. Bunu cənab Prezident də qeyd etmişdir və mən çox şadam ki, Polşa bizim tərəfdaşımızdır. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə yüklərin Azərbaycan ərazisindən çatdırılma vaxtı ənənəvi marşrutlarla müqayisədə ən azından iki dəfə qısa olacaqdır. Çoxlu işlər görüləcək, var-dövlət əmələ gələcək və layihə özü ilə yeni əməkdaşlıq sahələrini gətirəcəkdir.

Həyata keçirdiyimiz və Avropada çox yüksək səviyyədə dəstəklənən digər bir vacib layihə "Cənub Qaz Dəhlizi" layihəsidir. Bu gün bu layihə Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir. Cənub Qaz Dəhlizi Azərbaycanın bir neçə il bundan öncə başladığı layihədir. Bu, dəyəri 40 milyard dollar təşkil edən və demək olar ki, artıq tamamlanan bir layihədir. Bizə bu layihəni 100 faiz tamamlamaq üçün 2-3 il lazımdır. İndi bu layihənin müxtəlif seqmentlərinin icrası 40-95 faiz arasındadır. Bu, Avropaya təbii qazın çatdırılması üçün digər bir mənbə olacaqdır. Bu, enerji şaxələnməsi, enerji təhlükəsizliyi, Avropa bazarlarına təbii qazın davamlı çatdırılması deməkdir. Biz cənab Prezidentlə bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etdik. Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır. Bizim Polşa ilə əməkdaşlığımız da çox uğurludur. Beləliklə, əməkdaşlığımızın bu aparıcı qüvvələri qlobal enerji, nəqliyyat və təhlükəsizlik layihələri kimi mühüm əhəmiyyət kəsb edir. Lakin, eyni zamanda, onlar bu layihənin bir hissəsi olmaq üçün özəl şirkətlərə böyük imkanlar açır. Mən bir daha Polşa şirkətlərini bizim tərəfdaşımız olmağa dəvət edirəm. Biz daha sıx iqtisadi və işgüzar əlaqələr yaratmaq istəyirik. Polşa bizim üçün yaxın dost və nəinki Avropada, dünya miqyasında böyük potensialı və çox yaxşı mövqeyi olan bir ölkədir.

Bu gün həmkarım Prezident Dudanı böyük müvəffəqiyyət - Polşanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına demək olar ki, iki yüz ölkənin dəstəyi ilə qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etdim. Bu, ölkənizə beynəlxalq səviyyədə olan hörmətin və sizin etdiklərinizə verilən qiymətin əlamətidir. Əmin ola bilərsiniz ki, Cənubi Qafqaz və Xəzər regionunda sizin etibarlı dostunuz və tərəfdaşınız var. Bacarıqlı, sözünə əməl edən və əməkdaşlığımızı gücləndirmək istəyən dostunuz var. Əminəm ki, ölkələrimizin biznes icmaları imkanları ətraflı şəkildə nəzərdən keçirəcəklər. Əminəm ki, siz bu gün kənd təsərrüfatı, sənaye, turizm, əczaçılıq və böyük potensialı olan digər əməkdaşlıq sahələrində müxtəlif layihələri müzakirə edəcəksiniz. Biz bunu Prezident Duda ilə artıq müzakirə etdik və əminəm ki, müzakirələriniz və qarşılıqlı əlaqələriniz yaxşı nəticələrin hasil olunmasına gətirib çıxaracaqdır.

Bir daha sizi salamlamaq, forumda iştirak etdiyiniz üçün sizə minnətdarlığımı bildirmək və uğurlar diləmək istəyirəm. Çox sağ olun.

x x x

Sonra biznes forum işini müzakirələrlə davam etdirib.

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 150-dən çox, o cümlədən Azərbaycandan 60-dan artıq iş adamı iştirak edib.

Forum çərçivəsində Azərbaycanın və Polşanın müxtəlif biznes qurumları və şirkətləri arasında ümumilikdə beş müqavilə və əməkdaşlıq memorandumu imzalanıb.

---------

15:54

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Varşavada "Naməlum əsgər" abidəsini ziyarət edib.

Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev "Əbədi məşəl"in önünə əklil qoydu, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi.

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

----------

15:20

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 27-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.

Polşa Prezidenti Andjey Duda bildirib:

- Zati-aliləri cənab Prezident. Hörmətli qonaqlar.

Prezident İlham Əliyevi Polşada məmnuniyyətlə salamlayıram. Bu, sırf onunla bağlı deyil ki, o, dövlət başçısıdır. O, həmçinin elə bir insandır ki, Polşa Respublikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Əslində, sonuncu dəfə rəsmi səfər 2008-ci ildə - 9 il əvvəl olmuşdur. Həmin vaxt cənab Prezident ölkə başçısı, professor Lex Kaçinski ilə görüşlər keçirdi. Yaxşı xatirimdədir ki, biz cənab Prezidenti və onun xanımını prezident sarayı qarşısında səmimiyyətlə qarşıladıq. Çox şadam ki, cənab Prezident, Siz yenidən Varşavadasınız.

Sizin səfəriniz çərçivəsində bu gün biz ölkələrimiz arasında bir çox sənədləri imzaladıq. Hesab edirəm ki, bu sənədlərin məqsədi əməkdaşlığın, xüsusən də iqtisadi, elmi, siyasi əməkdaşlığın genişləndirilməsi deməkdir. Çünki imzaladığımız sənədlər ölkələrimiz arasında siyasi əməkdaşlığımızı, strateji tərəfdaşlığımızı inkişaf etdirəcək və bu da çox vacibdir. Cənab Prezident, mən çox şadam ki, ölkələrimizin iqtisadi potensialı, sözün əsl mənasında, çox böyükdür və ticari mübadilələrimiz həyata keçirilir. İl ərzində onun həcmi 100 milyon dollar civarındadır.

İqtisadi imkanlara gəldikdə, onların geniş olmasına baxmayaraq, əməkdaşlığımız hələ ki, istənilən səviyyədə deyil. Bu gün sənədlər imzalandı. Cənab Prezident, çox böyük səmimiyyətlə onu gözləyirəm ki, bu gün biz Sizinlə birgə biznes forumu açıq elan edəcəyik və ölkələrimizin işgüzar dairələri həmin tədbir çərçivəsində görüşəcəklər. Bu, əslində ölkə prezidentlərinin məhz iqtisadi əməkdaşlığa, məhz şirkətlər arasındakı əməkdaşlığa böyük dəstəyinin göstəricisidir.

Cənab Prezident, çox sağ olun ki, məni Azərbaycana, Bakıya dəvət etdiniz. Elə indicə - bizim geniş tərkibdə görüşümüz zamanı Sizin qeyd etdiyiniz kimi, baxmayaraq, böyük bir vaxt keçibdir, lakin bu rəsmi səfəriniz üçün bizim hazırlıq işlərimiz əslində yaxşı nəticə verdi, ölkələrimiz arasında sənədlər imzalandı.

Cənab Prezident, Sizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk ki, Siz Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə dəstək verdiniz. Mən buna görə Sizə çox minnətdaram. Siz gördünüz ki, bir çox səslər bizim ölkəmizin namizədliyinin lehinə verildi. Bizim seçilməyimiz bütövlükdə BMT-nin 190 üzvü arasında böyük dəstəyə malik olduğumuzu göstərdi. Çox şadıq ki, 2018-2019-cu illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacağıq. Bu, həmçinin bizim beynəlxalq arenada mövqeyimizin gücləndirilməsi deməkdir. Buna görə Sizə çox minnətdaram, cənab Prezident. Bu gün mən, həmçinin Vuc şəhərinə Sizin dəstəyinizi xahiş etdim. Çünki biz orada 2022-ci ildə sərgi təşkil etmək fikrindəyik. Ümidvaram ki, Azərbaycan Prezidentinin verdiyi dəstək sayəsində Polşanın belə bir gözəl şəhərinin namizədliyi keçəcək və bir neçə ildən sonra biz qonaqları orada salamlayacağıq.

Xanımlar və cənablar, bizim cənab Prezidentlə çox yaxşı fikir mübadiləmiz oldu. Biz bir çox məsələlərə toxunduq. Biz əvvəlcə təmaslarımızın inkişafı haqqında danışdıq. Biz, həmçinin beynəlxalq proseslərə diqqət yetirdik və öz mülahizələrimizi bildirdik ki, vəziyyət nədən ibarətdir və necə dəyərləndirilməlidir. Təbii ki, bu vəziyyətin dəyərləndirilməsində də mövqelərimiz üst-üstə düşür. Bir çox strateji məsələlərə gəldikdə, cənab Prezidentin tutduğu mövqe mənim fikirlərimlə üst-üstə düşür. Biz bundan çox məmnunuq. Cənab Prezident, Sizə təşəkkür edirəm ki, fikir mübadiləmiz baş tutdu, Ukrayna haqqında danışdıq, Donald Trampın Avropaya və xüsusən də Polşaya səfəri nəzərdən keçirildi.

Cənab Prezident, həmçinin Sizə təşəkkürümü bildirirəm ki, Siz Avropa ilə Asiya arasında iqtisadi baxımdan əlaqələrin gücləndirilməsi barədə fikirlərinizi bildirdiniz. Qeyd etdiniz ki, nəqliyyat sahəsində bizim əlaqələrimiz genişlənməlidir. Çox istərdik ki, Azərbaycan ilə Polşa arasında birbaşa dəmir yolu xətti Gürcüstan və Ukrayna ərazilərindən keçərək yaradılsın. Bu, olduqca əhəmiyyətlidir. Çünki bunun sayəsində bizim nəqliyyat dəhlizimiz, əslində, Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" layihəsi tam həyata keçirilir. Biz də bu layihənin bir hissəsiyik və bizim, həmçinin Hindistana və İrana çıxışımız təmin olunur. Hesab edirik ki, biz bu perspektiv sayəsində, həmçinin ticari münasibətlərimizi və təmaslarımızı genişləndirəcəyik. Bizim qarşımızda həm Polşa, həm Azərbaycan üçün böyük imkanlar açılacaq. Bu səbəbdən iqtisadi münasibətlərimiz ikitərəfli münasibətlərimizin vacib bir hissəsidir. Mən çox şadam ki, bizim Asiya regionu ilə iqtisadi əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövqeyimiz üst-üstə düşür. Cənab Prezidentlə biz istərdik ki, bu layihələri həyata keçirək.

Enerji əməkdaşlığımıza da toxunduq. Ümidvaram ki, biz energetika sahəsində də çox sıx əməkdaşlıq quracağıq. Bu ideyalar hələ professor Lex Kaçinski Polşanın Prezidenti olduğu vaxtda irəli sürülmüşdür.

Cənab Prezident, ümidvaram ki, biz bu münasibətləri daha da intensivləşdirməyə müvəffəq olacağıq. Qeyd etmək istəyirik ki, bu layihələr Lex Kaçinskinin vaxtında irəli sürülmüşdür. Çox şadam ki, cənab Prezident, Siz ölkəmizə, Varşavaya səfərə gəlmisiniz.

Mənim dəvətimi qəbul etdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib:

- Çox sağ olun, hörmətli cənab Prezident.

İlk növbədə, məni Polşaya dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən dost Polşa torpağında olmağımdan çox məmnunam.

Bu saraya daxil olarkən mənim dostum, Azərbaycanın dostu Prezident Kaçinskini xatırladım. Onun faciəvi ölümü dostlarını da sarsıtmışdır. Onun xatirəsi dostlarının qəlbində bu gün də yaşayır. Siz də onun silahdaşı kimi, bu gün dost Polşaya rəhbərlik edirsiniz.

Biz bu gün yenidən Polşa-Azərbaycan əlaqələrinin inkişafına təkan veririk. Prezident Kaçinskinin dövründə mənim Polşaya, onun Azərbaycana çoxsaylı səfərləri olmuşdur. Bu səfərlər zamanı biz dostluğumuzu möhkəmləndirirdik, birgə layihələr haqqında danışırdıq, bəzi layihələrə start verirdik. İndi isə Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır. O, əslində Prezident Kaçinskinin dövrünün məntiqi davamıdır.

Bu gün biz bir çox məsələlər ətrafında səmimi fikir mübadiləsi apardıq. Bir daha gördük ki, Polşa və Azərbaycan iki dost ölkədir. Biz dostluğu bundan sonra da gücləndirəcəyik və əlaqələrimizin inkişafı üçün birgə səylər göstərəcəyik.

Prezident qeyd etdiyi kimi, bu gün bir çox önəmli sənədlər imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın perspektivlərini müəyyən edir. Mən onların arasında əlbəttə ki, prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhləsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm ki, Azərbaycan dövləti və xalqı erməni işğalından iyirmi ildən çoxdur ki, əziyyət çəkir. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu tezislər Birgə Bəyannamədə öz əksini tapmışdır.

Biz bu gün beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz haqqında da danışmışıq. Fürsətdən istifadə edərək, bir daha Polşanı böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Dünya birliyinin mütləq əksəriyyəti - 200-ə yaxın ölkə Polşanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir. Bu, ölkənizə və apardığınız siyasətə verilən böyük dəstəkdir. Bu dəstəyi Siz öz fəaliyyətinizlə, siyasətinizlə qazanmısınız.

Polşa sürətlə inkişaf edir. Polşa beynəlxalq arenada çox möhkəm mövqelərə malikdir. Polşa beynəlxalq arenada özünü prinsipial və ləyaqətli aparır. Hesab edirəm ki, bu amillər də belə böyük dəstəyə səbəb olmuşdur. Mən şadam ki, təxminən 200 ölkənin arasında Azərbaycanın səsi də olubdur. Bu gün biz razılaşdıq ki, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizi dəstəkləyəcəyik.

Qarşılıqlı əlaqələr təbii ki, iqtisadi sahəni əhatə edir. Biz razılaşdıq ki, indiki ticarət dövriyyəsi bizi qane edə bilməz. Ümid edirəm ki, bu gün keçiriləcək biznes forum və onun nəticələri ticarət əlaqələrimizin inkişafına xidmət göstərəcək. Artıq bu gün bir neçə konkret məsələlər ətrafında söhbət aparılmışdır.

Nəqliyyat və energetika. Hesab edirəm ki, bunlar iqtisadi bloka aid əsas istiqamətlər olmalıdır. Energetika sahəsində. Azərbaycan nefti Polşa bazarlarına çatdırılır. Bu gün Azərbaycan tərəfdaş ölkələrlə birlikdə nəhəng layihə olan "Cənub Qaz Dəhlizi" layihəsini uğurla icra edir. Bu layihə Azərbaycan qazını Avropa məkanına çıxaracaq. Layihənin ümumi dəyəri 40 milyard dollardır və icrası da uğurla davam etdirilir. Ümid edirəm ki, bu layihənin birinci mərhələsi gələn il, ikinci və sonuncu mərhələsi 2020-ci ildə başa çatacaq. Beləliklə, Azərbaycan Avropa üçün çox etibarlı tərəfdaş kimi özünü göstərəcək. Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə də öz dəyərli töhfəsini verəcək. Əlbəttə ki, energetika sektorunda digər istiqamətlər üzrə də yaxşı perspektivlər var. Əminəm ki, biz bundan istifadə edəcəyik.

Nəqliyyat sahəsinə gəldikdə Prezident Duda da qeyd etdi, həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bizim ölkəmizdə artıq bütün müasir infrastruktur yaradılıb. Dəniz limanları, dəmir yolları, aeroportlar, avtomobil yolları və eyni zamanda, artıq regional əməkdaşlıq formatı da yaradılıb. İndi bizim vəzifəmiz ondan ibarətdir ki, bu əməkdaşlığı dərinləşdirək, Avropa ölkələrini də bu əməkdaşlığa cəlb edək. Bu yaxınlarda Bakıda dəmir yolları rəhbərlərinin keçirdikləri görüş deməyə əsas verir ki, artıq geniş beynəlxalq əməkdaşlıq formatı yaranır. Şadam ki, Polşa tərəfi də bu formatda iştirak edir. Bu, bizim qarşımızda çox böyük perspektivlər açır. Əminəm ki, bu istiqamətdə aparılacaq əlaqələndirmə işləri və birgə səylər tezliklə yaxşı nəticələrə gətirib çıxaracaq, bütün iştirakçı ölkələr bundan faydalanacaq.

Çıxışımın sonunda mən əlaqələrimizin humanitar aspektinə də toxunmaq istərdim. Biz polyakları və Polşanı yaxşı tanıyırıq. Müxtəlif dövrlərdə Azərbaycanda çalışmış və ölkəmizə xidmət etmiş məşhur polyak memarların, mühəndislərin, ictimai xadimlərin xatirəsi Azərbaycan xalqı tərəfindən yüksək hörmətlə anılır. Polyaklar 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın rəhbərliyində də təmsil olunmuşlar. Yəni, tariximizin bu səhifələri bugünkü dostluğun təməlidir. Humanitar sahədə, mədəniyyət, turizm sahələrində də çox yaxşı perspektivlər var. Bugünkü səfərim bizim dostluğumuzu bir daha təsdiqləyir.

Prezident qeyd etdiyi kimi, mən cənab Dudanı Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Əminəm ki, o, dəvəti qəbul edəcək və biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik.

Bir daha təşəkkür edirəm.

----------

15:15

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Prezident İlham Əliyev və Prezident Andjey Duda "Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə"ni imzaladılar.

"2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında Protokol"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın müdafiə nazirinin müavini Tomaş Ştatlovski imzaladılar.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın energetika nazirinin müavini Mixal Kurtika imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının İnfrastruktur və Tikinti Nazirliyi və Dəniz İqtisadiyyatı və Daxili Naviqasiya Nazirliyi arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Polşanın infrastruktur və tikinti naziri Andjey Adamçek və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrubarçek imzaladılar.

"Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və Polşanın Elm və Texnologiya Universitetinin prorektoru Yeje Lis imzaladılar.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "Polşa Dövlət Dəmir Yolları" Səhmdar Cəmiyyəti arasında dəmir yolları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və "Polşa Dövlət Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Kşiştof Maminski imzaladılar.

---------

13:08

İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Polşa Prezidenti ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, qarşılıqlı ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirən Prezident Andjey Duda bu sahədə imkanların araşdırılması baxımından Azərbaycan-Polşa biznes forumunun və imzalanan sənədlərin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına təkan verəcəyini qeyd edən Prezident Andjey Duda bildirdi ki, Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmasını dəstəkləyir.

Prezident İlham Əliyev Azərbaycan-Polşa siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirdi, bu səfərin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı, bu baxımdan Azərbaycan-Polşa biznes forumunun əhəmiyyətini qeyd etdi.

Söhbət zamanı, həmçinin nəqliyyat, dəmir yolu, energetika, infrastruktur, kənd təsərrüfatı, maşınqayırma, turizm, ərzaq, tikinti, əczaçılıq sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

----------

13:00

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 27-də təkbətək görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim ediblər.

---------

12:42

İyunun 27-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Prezident İlham Əliyev və Prezident Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim etdilər.

-----------

12:32

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidentinin sarayına gəldi.

Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Polşanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olundu.

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev Polşa əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.

Prezidentlər birgə foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşdü.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

------------

26.06.2017
20:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın "Okeçie" hərbi hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.