Siyasət

Trampın məktubları: ABŞ-Azərbaycan münasibətlərində yeni ümidlər

20 İyun 2017 13:55
Baxış: 1 608

Amerikanın dövlət başçısı xarici siyasətdə dəyişikliklər edəcəyi barədə seçki marafonunda vədlər vermişdi. Artıq onun bir sıra əlamətləri özünü göstərir.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki,o cümlədən, Vaşinqtonun Azərbaycan siyasətində yeni nəfəs duyulmaqdadır. Ər-Riyadda Ərəb-İslam-Amerika sammitində də Donald Tramp dünya dövlətləri ilə münasibətlərdə həyata keçirmək istədiyi yeni prinsiplərdən söhbət açmışdı. Ayrıca, son iki həftədə Azərbaycan rəhbəri İlham Əliyevə iki məktub yazan ABŞ Prezidenti iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsində maraqlı olduğunu vurğulayıb. O, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib, müxtəlif sferalarda əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bəyan edib. Ekspertlər bunu Amerika-Azərbaycan münasibətlərində yeni səhifənin açılması kimi xarakterizə ediblər. Bu məsələyə təhlili yanaşmağa ciddi ehtiyac duyulur.

Dəyişiklik: Vaşinqtonun düzəlişləri

Ekspertlər ABŞ-ın yeni rəhbərliyinin xarici siyasətində postsovet məkanı ölkələri istiqamətinin nə dərəcədə yer aldığını maraqla gözləyirdilər. Açığı, fərqli mövqelər ifadə olunurdu. Xüsusilə, Cənubi Qafqaz dövlətləri ilə Vaşinqtonun münasibətlərinin taleyi aktual hesab edilir. Onu vurğulayaq ki, bir sıra erməni ekspertlər elə bir ciddi arqument gətirmədən Ermənistana ayrıca önəm veriləcəyindən bəhs edirdilər. Həm də bunun fonunda Amerikanın Azərbaycanı müəyyən dərəcədə özündən uzaqlaşdıracağını iddia edirdilər.

Lakin ABŞ Prezidentinin iki həftədə Azərbaycan Prezidentinə ünvanladığı iki məktubda ifadə edilən fikirlər və Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika sammitində D.Trampın Amerikanın xarici siyasəti ilə bağlı söylədikləri tamamilə başqa bir mənzərəni ortaya qoyur. Vaşinqton Azərbaycanla nəinki mövcud əməkdaşlığı saxlamaqda maraqlı olduğunu bəyanlayır, həm də münasibətləri inkişaf etdirməyin konkret formullarını təklif edir.

Bu bağlılıqda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun jurnalistlərə müsahibəsində vurğuladığı bir fikri maraqlıdır. Novruz Məmmədov deyib: "Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, düşünürük ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdə yeni səhifənin açılması üçün geniş imkanlar var".

Bu fikirdə ABŞ-Azərbaycan münasibətləri üç aspektdə yığcam ifadə olunub. Birinci aspekt iki ölkə arasındakı əlaqələrin beynəlxalq aləmdə cərəyan edən proseslərdən asılı olmayaraq inkişaf etmək potensialına malik olmasını ifadə edir. Bu isə yalnız tam müstəqil və suveren dövlətlər arasında mümkün ola bilər. Yəni Vaşinqton Azərbaycanın müstəqil milli dövlət kimi formalaşdığını qəbul edir. Müstəqilliyini əldə etmiş ölkə üçün bunun əhəmiyyəti böyükdür.

İkinci aspekt ölkələrimiz arasındakı əməkdaşlığın imkanlarının geniş olmasında Prezident İlham Əliyevin yeritdiyi xarici və daxili siyasət kursunun müstəqil, reallığı tam nəzərə alan, XXI əsrin çağırışlarına cavab verə bilən olması və bütün sahələr üzrə islahatların sistemli aparılmasının həlledici rol oynaması ilə bağlıdır. Donald Tramp Azərbaycan Prezidentinə yazdığı son məktublarda həmin məqamları lakonik ifadə edir.

Amerikanın rəhbəri Azərbaycanın qlobal təhlükəsizliyə, terrorla mübarizəyə, beynəlxalq əməkdaşlıq işinə verdiyi töhfələri aydın vurğulayır, ölkə başçısının apardığı siyasətin səmərəsini qeyd edir və biznes əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu ayrıca vurğulayır.

Üçüncü aspekt Amerika-Azərbaycan münasibətlərinin məzmunca yeni səviyyəyə yüksəlmək şansına malik olmasından ibarətdir. Bunun əsasında, təbii ki, əvvəlki iki aspekt dayanır. Xüsusilə, Azərbaycanın xarici siyasətinin səmərəliliyi, ölkənin suverenliyini təmin edən mövqenin dayanıqlığı və həyata keçirilən islahatlar kursu ayrıca əhəmiyyət kəsb edir.

Məsələnin digər tərəfi, Novruz Məmmədovun da xüsusi vurğuladığı kimi, Vaşinqtonun xarici siyasətdə etdiyi müəyyən düzəlişlərlə əlaqəlidir. Belə ki, Ərəb-İslam-Amerika sammitində D.Tramp söylədiyi nitqdə ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıqda hansı prinsiplərə üstünlük verəcəyini ortaya qoyub. Novruz Məmmədov həmin kontekstdə ifadə edib: "Biz bu prinsipləri bəyənirik. Neçə illərdir, deyirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı, ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var və biz də bu perspektivlərlə bağlı lazımi addımları atırıq".

Vədlər və reallıqlar: dialoqa aparan yolda

Vurğulanan məqamların fonunda Donald Trampın Azərbaycan Prezidentinə yazdığı məktubda ifadə etdiyi bir məqam üzərində dayanmaq zəruridir. ABŞ dövlət başçısı yazıb: "Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik".

Bu cümlədən görünür ki, Vaşinqton Azərbaycanla bütün sahələr üzrə əməkdaşlıq etməkdə maraqlıdır. Buraya təhlükəsizlik, iqtisadi-energetik sfera, nəqliyyat və demokratik islahatlar proqramları daxildir. Təhlükəsizliyin təminində beynəlxalq terrorla mübarizə xüsusi yer tutur. D.Trampı bu məsələdə başa düşmək olar. Yaxın Şərqdə gedən proseslərdən bu, aydın görünə bilər.

Lakin terrorla mübarizə həm də Cənubi Qafqazı illərdir təhdid altında saxlayan erməni separatizmi və terroru ilə mübarizəni də mütləq şəkildə əhatə etməlidir. Təəssüf ki, həmin məqam haqqında D.Trampın məktubunda fikir yoxdur. Ancaq Vaşinqtonun nümayəndələri Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazisindən çıxarılmasının vacibliyini qeyd edirlər. Əslində, Amerika bu məsələyə prinsipial əhəmiyyət verməlidir.

Çünki Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasa, Cənubi Qafqazda heç bir dövlətin təhlükəsizliyini təmin etmək mümkün olmayacaq. Bu bağlılıqda D.Trampın "biz Azərbaycan xalqının yanındayıq" ifadəsi konkret məzmun kəsb etməz. Çünki erməni terroru regiona ciddi risklər gətirir və burada xalqların müstəqil inkişafına ciddi təhlükələr mövcud olaraq qalır.

Vaşinqton üçün Azərbaycanın iqtisadiyyat və enerji sahələrində həyata keçirdiyi proqramların əhəmiyyəti təhlükəsizliyin təmin edilməsi ilə birbaşa bağlıdır. Məsələ ondan ibarətdir ki, regional miqyasda təhlükəsizlik real əsaslara dayanmadıqca sabitliyi pozmaq riski yüksək olaraq qalır. O halda D.Trampın məktublarında vurğuladığı bir məqam üzərində ABŞ rəhbərliyinin özü ciddi düşünməlidir. Amerika Prezidenti yazıb: "Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və biz bu sahədə uzunmüddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir". Yəni "Avropa üçün yeni enerji mənbəyi olan bir müstəqil dövlətlə uzunmüddətli və uğurlu əməkdaşlıq etmək" üçün mütləq regional təhlükəsizlik məsələsinə real şərtlər prizmasından baxmaq gərəkdir. Rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasəti bu məqamı tam ödəyirmi? Təəssüf ki, ödəmir!

Belə çıxır ki, Donald Trampın Prezident İlham Əliyevə yazdığı son məktublar, eyni zamanda, Amerikanın Cənubi Qafqaz siyasətində hansı məqamlara daha çox diqqət yetirməli olduğunu ortaya qoyur. Azərbaycan səmimi və səmərəli əməkdaşlığa tam hazırdır. ABŞ-ın bunu görüb qiymətləndirməsi və yeni addımlar atması zərurət kimi dərk edilir. Donald Trampın məktubları bu bağlılıqda ciddi siqnal ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.