Siyasət

"Lüksemburq Azərbaycanın vacib tərəfdaşlarından biridir"

20 İyun 2017 12:57
Baxış: 209

2016-cı ilin aprel ayında Lüksemburqda keçirilmiş xarici işlər nazirlikləri arası məsləhətləşmələr ikitərəfli əlaqələrdə səmərəli təcrübənin əsasını qoyub.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Lüksemburq xarici işlər nazirinə iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubunda bildirilir.

E.Məmmədyarov Azərbaycan və Lüksemburq arasında sıx əməkdaşlıq əlaqələrinin, səmərəli siyasi dialoqun bərqərar olduğunu və 2015-ci ildə ölkəmizdə təşkil olunmuş 1-ci Avropa Oyunları zamanı Lüksemburq Böyük Hersoqu əlahəzrət Anrinin Azərbaycana səfərinin bunun bariz nümunəsi olduğunu bildirib. Nazir bu xüsusda, Lüksemburq Böyük Hersoqunu Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

E.Məmmədyarov 2016-cı ilin aprel ayında Lüksemburqda keçirilmiş XİN-lərarası məsləhətləşmələrin ikitərəfli əlaqələrdə səmərəli təcrübənin əsasını qoyduğunu, həmçinin gələcək münasibətlərin irəli aparılması üçün zəngin gündəlik müəyyən etdiyini diqqətə çatdırıb. Bu xüsusda, sözügedən məsləhətləşmələrin növbəti mərhələsinin 2018-ci ilin ikinci yarısında Bakıda keçiriləcəyinə ümid etdiyini qeyd edib.

Nazir Lüksemburqun Avropa İttifaqı (Aİ) çərçivəsində də Azərbaycanın vacib tərəfdaşlardan biri olduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Aİ təsisatlarına etdiyi son səfəri zamanı danışıqlarına rəsmi başlanğıc verilmiş Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair sazişin hüquqi çərçivəni təmin etməklə, Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün möhkəm özül yaradacağına əminliyini ifadə edib.

Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və immiqrasiya naziri J.Asselborn E.Məmmədyarova ünvanladığı məktubunda Lüksemburq və Azərbaycanın ötən müddət ərzində müxtəlif sferalarda praqmatik və uğurlu əməkdaşlığın inkişaf etdirilməsinə, iki ölkəni birləşdirən əlaqələrin gücləndirilməsinə, hər iki xalqın bir-birini tanıması prosesinin dərinləşdirilməsinə və iki dövlət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə nail olduğunu qeyd edib.

J.Asselborn ikitərəfli münasibətlərin geniş potensialı olduğunu vurğulayaraq, bu ildönümün əlaqələrin daha da yüksək səviyyəyə qalxması və iki dövlətin qarşılıqlı maraqları naminə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Nazir Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.