Siyasət

Azərbaycan XİN: "Həmsədrlərin səfəri ərəfəsində Ermənistan təxribat əməliyyatları törədir"

17 İyun 2017 16:20
Baxış: 768

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin ağır silahlardan intensiv şəkildə pozulması və təxribat əməliyyatlarının törədilməsi həyata keçirilir.

Milli.Az xəbər verir ki, barədə Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar şərhində deyib.

Onun sözlərinə görə, 15 iyundan etibarən cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir ki, atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir: "Bununla Ermənistanın atəşkəsin birinci kimin tərəfindən pozulması barəsində mifik propaqanda iddiaları növbəti dəfə tamamilə alt-üst olur.

ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib.

Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır".

XİN rəsmisi bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir: "Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hal-hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir.

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir".

H.Hacıyev qeyd edib ki, cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.