Siyasət

Azərbaycana qarşı 20 dəqiqəlik oyun: qərəz, absurd və hədə

16 İyun 2017 19:37
Baxış: 3 668

Avropa Parlamentində dünən jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı "Əfqan Muxtarlı və Azərbaycanda mətbuatın vəziyyəti" adlı qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.

Əvvəlcə altı deputat qrupu (Yaşıllar, sağ mərkəzçi EPP, mühafizəkar ECR, liberal ALDE, sosial-demokrat S&D və sol GUE qrupları) ayrıca qətnamə layihələri hazırlamışdılar.

Sonda onlar yekun qətnamə layihəsini səsverməyə çıxarıblar.

Qətnamə layihəsində deyilirdi ki, "araşdırmaçı jurnalist Əfqan Muxtarlı Tbilisidə mayın 29-da yoxa çıxıb və bir neçə saat sonra Bakıda peyda olub".

Yəni sənəd Meydan TV, "Azadlıq Radiosu" və s. kimi media strukturlarında yer alan iddiaların faktiki təkrarıdır.

Layihədə deyilir ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.

Eyni zamanda sənəddə Gürcüstan hakimiyyətinin, Gürcüstan dövlətinin bu hadisə ilə bağlı olması barədə bütün şübhələrə aydınlıq gətirilməsi üçün bütün mümkün addımların atılmasının vacib olduğunu bildirir, habelə Azərbaycan hakimiyyətinə müraciət edilir ki, "təxirəsalınmaz qaydada Əfqan Muxtarlıya qarşı bütün ittihamları ləğv etsin və jurnalisti azadlığa buraxsın" (!).

Sənəd Əfqan Muxtarlının "oğurlandığını" bildirir və bunu kəskin şəkildə pisləyir, "insan haqlarının ciddi şəkildə pozulması" adlandırır.

Hamı bir arada

Avropa Parlamentinin qətnaməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, aprelin 28-də həbsxanada vəfat etmiş bloqer Mehman Qələndərli, "siyasi məhbus" sayılan İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Mehman Hüseynov, Bayram Məmmədov, İlqar Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, Elgiz Qəhrəmanov, Əfqan Sadıqovdan bəhs olunur.

Hazırda cəza çəkən və mizantorpiya qaydalarına uyğunmuş təki "siyasi məhbus" sayılanların "dərhal" azad olunması istənilir. Sənəddə Bakıya qarşı irəli sürülən tələblər bunlarla bitmir, xeyr. Halbuki, həmin şəxslərin hər biri konkret qanun pozuntularına görə cəzalanıblar və bununla bağlı istintaq aparılıb, məhkəmə qərar verib.

Azərbaycan hakimiyyətindən İntiqam Əliyev və Xədicə İsmayılovaya qarşı bütün ittihamların ləğv olunması tələb olunur. Sual yaranır: məhkəmə qərarının ləğvinin, ittihamların geri götürülməsini tələb edənlər bu aqressiv, siyasi prinsiplərdən və əxlaqdan çox kənar, beynəlxalq qanunlara zidd "ultimatum"un, əslində, Avropa Parlamentinin təməl prinsiplərinə zidd olmasının fərqindədirmi?!

Sənəddə hüquqi marazmın zirvə nöqtəsi isə bu söz yığını sayıla bilər: "Avropa Birliyi və Azərbaycan arasında yeni əməkdaşlıqla bağlı razılaşmanı yada salıb bildiririk ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı dövlət idarəçiliyi, insan haqları və fundamental azadlıqlar - yeni razılaşmanın kökündə dayanır, yada salır ki, yeni razılaşmadan əvvəl danışıqlar boyunca situasiyanı yaxından monitorinq edəcək".

Yəni Bakı aşkar şəkildə hədələnir ki, bu da yumşaq desək, siyasi korafəhmliyin nümunəsi sayıla bilər.

20 dəqiqəlik qərar və Avropa tragikomediyası

Əvvəla, vurğulayaq ki, Azərbaycan Avropa Birliyinin üzvü olmadığından Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil. Qətnamə ən yaxşı halda məsləhət, yaxud məşvərət funksiyalıdır ki, belə sənədlər ən yaxşı halda xatırlatma, gileylənmə, konkret durumda isə qərəzli vaysınma sayıla bilər.

Vur-tut 20 dəqiqə davam edən və bununla da "səsvermə müzakirələri"nin rejissurası əvvəlcədən biçilmiş ssenari üzrə aparılmış oyun olduğu bilaixtiyar aşkarlanan "qətnamə"nin heç bir hüquqi qüvvəsi yoxdur.

Yəni Azərbaycan üçün hansısa hüquqi, prosessual, siyasi və digər nəticə doğurmur.

Bununla yanaşı, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər soyuqqanlı, məntiqli, isterikadan uzaq deputatın olduğunu göstərir. Çünki haqqında bəhs etdimiyiz sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb.

Xatırladaq ki, son günlər ciddi-cəhdlə "tanınmış jurnalist, reportyor, araşdırmaçı yazar" kimi qələmə verilən Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Nə olacaq?

Ötən ilin sentyabrında  Azərbaycanın "Avronest"də fəaliyyəti bərpa olunub. Avropa Parlamenti ilə Azərbaycanın Milli Məclisi arasında əlaqələr normal durumdadır və hər iki tərəf situasiyanı inkişafa meylli proses kimi dəyərləndirir.

Belə olan təqdirdə Avropa Parlamentində Ə.Muxtarlı ilə bağlı qətnamə kimi qələmə verilən, əslində isə Azərbaycana aşkar, amma primitiv təzyiq vasitəsi kimi istifadə olunması nəzərdə tutulan bu sənəd - daha doğrusu, paskvil - rəsmi Bakıda müvafiq reaksiya doğurmaya bilməz.

Başqa cür mümkün də deyil, çünki Azərbaycan müstəqil xarici siyasət yürüdür və suveren, kimsədən hər hansı formada vassal asılılığı olmayan dövlət olduğundan daxili işlərinə müdaxiləyə imkan verməyib, verməyəcək də.

Bəhs etdiyimiz sənəd kobud müdaxilə istəyi olmaqla yanaşı, ultimatum cəhdidir.

Doğrudur, insan haqları və demokratiya transsərhəd anlayışlardır, bu və digər dövlətin daxili işi sayıla bilməz. Fəqət, insan haqları haqqın insanlarının yaşadığı və belə insanların siyasətçi olduğu dövlətlərə şamil olunduğundan heç bir halda beynəlxalq təşkilatın bir ölkəyə pressinq vasitəsinə çevrilməməlidir.

Bundan başqa, insan haqları və demokratiya şüarları ilə indiyədək dünyanın müxtəlif bölgələrində eyni, sadəcə, variasiyaları fərqli ssenarilərlə çevrilişlər, qiyamlar, üsyanların gerçəkləşdiyini, bütün bunların "rəngli inqilablar" kimi qələmə verildiyini xatırlasaq, Avropa Parlamentinin cəhdi pis niyyət təsiri bağışlayır.

Avropa Parlamenti, deyəsən, ötən əsrin köhnəlmiş geosiyasət prinsipləri ilə yaşayır və hələ də dərk etmir ki, "Pax Americana" təki qlobalist, neoimper taktikanın daşıyıcısı olmuş ABŞ belə, həmin davranışın, demokratiya və insan haqlarına riayət adı ilə müdaxilələrin gözlənilən nəticələr vermədiyini, tam əksinə, xaos, hakimiyyətsizlik və anarxiya yaratdığını Vaşinqton anlayıb, prezident Donald Tramp isə sələfi Barak Obamanın hakimiyyəti illərində geniş istifadə edilərək az qala panaseya sayılmış bu yanlışlıqdan əl çəkildiyini bəyan edib.

Ə.Muxtarlı ilə bağlı sənəd, əslində, Avropa Parlamentindəki bir sıra deputatların siyasətçi yox, marionetka olduğunu ortaya qoydu.

Ən azı ona görə ki, qurum dövlətlərarası münasibətlərdə fundamental prinsiplərin efemer, uydurma məqamlar yox, suverenliyə, dövlət müstəqilliyinə sayğı olduğunu qulaqardına vurub.

Belə zavallıların halına isə, sadəcə, acımaq qalır.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.