Siyasət

"Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var"

16 İyun 2017 18:23
Baxış: 1 449

Heç bir əsası olmayan sənədin qəbul edilməsi ancaq məlumatsızlıq və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var.

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov Avropa Parlamentində  (AP) "Əfqan Muxtarlı işi" adlı qətnamənin qəbul edilməsinə münasibətində bildirib.

Millət vəkili AP-nin bu qərarını ölkəmizə qarşı növbəti qərəzli addım kimi qiymətləndirib. Komitə sədri Avropa Parlamenti ilə Azərbaycan arasındakı münasibətlərin bundan əvvəl də hamar olmadığını xatırladaraq bildirib ki, sözügedən qətnamənin belə təcili qəbul edilməsi ikitərəfli əməkdaşlığa kölgə salan məsələdir:

"İndiki dövrdə qətnamələrlə, bəyanatlarla hər hansı məsələ həll olunmur. Konkret onların səbəb göstərdiyi məsələ ilə bağlı qətnamə qəbul etmələri doğru hal deyil. Çünki hələ istintaq davam edir. İstintaqın nəticəsi olmadığına görə, konkret söz demək mümkün deyil. Təbii ki, istintaq yekunlaşdıqdan sonra fikir irəli sürmək olar. Sadəcə, belə hallar işin gedişinə təsir kimi qiymətləndirilə bilər. Ona görə də indi tələsik qətnamə qəbul edilməsi heç cür başadüşülən deyil".

F.Muradov bir vurğulayıb ki, dialoq hansısa problemin həlli üçün ən yaxşı variantdır: "İstənilən məsələ dialoq çərçivəsində əməkdaşlıq yolu ilə aradan qaldırılmalıdır. Dialoq ən optimal variantdır və buna üstünlük verilməlidir. İndi elə bir zamana gəlib çatmışıq ki, beynəlxalq hüquq da heç bir təşkilata əsas vermir ki, hansısa dövlətlə bəyanat və ya qətnamə dili ilə danışsın".

Komitə sədri bildirib ki, bütün bunlara baxmayaraq, ilk dəfədir ki, Avropa Parlamenti deputatlarının yarıdan çoxu Azərbaycanla əməkdaşlığa üstünlük veriblər: "İnanmaq istəyirəm ki, Avropa Parlamentinin deputatları Azərbaycanla Avropa İttifaqı arasındakı böyük layihələri diqqətə və nəzərə alacaq və ölkəmizə qarşı belə qərəzli əməllərindən əl çəkəcəklər. Onlar istənilən halda seçicilərinin maraqlarına uyğun hərəkət və əməl nümayiş etdirməlidirlər".

Millət vəkili əlavə edib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadığından Avropa Parlamentinin tələsik qəbul etdiyi həmin qətnamənin hüquqi yükü də yoxdur: "Heç bir əsası olmayan sənədin qəbul edilməsi ancaq məlumatsızlıq və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var. Biz bu məsələni diqqətdə saxlamalıyıq, ona görə ki, bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı deyillər və münasibətlərin pozulmasının  tərəfdarıdırlar. Azərbaycan hüquqi dövlətdir və beynəlxalq təşkilatlarla əməkdaşlığa çalışır. Ölkəmiz bunu yalnız sözdə deyil, apardığı dövlət siyasətində də göstərir. Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirir və dünyanın bütün beynəlxalq təşkilatları ilə əməkdaşlıqda maraqlıdır. Amma qarşı tərəf bu əməkdaşlıqda maraqlı deyilsə, o zaman ikitərəfli münasibətlərin pozulmasında günahkar Azərbaycan deyil. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanla Avropa Birliyinin böyük layihələri var. Mütləq həmin qüvvələr bunu nəzərə almalıdırlar. Başqa alternativ yolu yoxdur".

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.