Siyasət

Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı başladı - FOTO

16 İyun 2017 12:11
Baxış: 721

"Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib. Konfransın aktual məsələlərə həsr olunduğunu xatırladan ombudsman qeyd edib ki, Azərbaycanda sabitlik, insan hüquq və azadlıqları təmin olub. O bildirib ki, ombudsman müstəqil olsa da, qanunvericilik, icraedici, məhkəmə orqanları, QHT-lərlə sıx əməkdaşlıq edir.
 
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov çıxışında bəyan edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu qlobal təşəbbüsə qoşulan dövlətlərin zəruri resurslara malik olması mühüm şərtdir: "Müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir. Azərbaycan bu gün güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş dövlətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin sağlam qüvvələrini, bacarıqlı, vətənpərvər və intellektual insanlarını ətrafına toplayaraq böyük vəzifələrin öhdəsindən uğurla gəldi və Azərbaycanın yüksəlişinin əsaslarını yaratdı. Onun rəhbərliyi və iradəsi ilə demokratik, hüquqi dövlətə və azad cəmiyyətə xas olan institutlar və təsisatlar, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, ədalətli sosial siyasət formalaşdırıldı, mədəniyyət, təhsil, səhiyyə, idman və ekoloji problemlərə diqqət artırıldı".
 
İlham Əliyevin prezident kimi fəaliyyətinə konseptual baxımdan qiymət verən Ə. Həsənov bu dövrü "fasiləsiz islahatlar və modernləşmə dövrü" kimi xarakterizə edib. O bildirib ki, bu dövr sosialist təsərrüfat sistemindən yeni sistemə keçidin başa çatması ilə də tarixə düşüb. Ə. Həsənov qeyd edib ki, bu dövr "Dayanıqlı İnkişaf Məqsədləri"nin reallaşdırılması baxımından xüsusilə əlamətdardır: "İlk növbədə yoxsulluğun 49 faizdən 5 faizə, işsizliyin 50 faizdən 5 faizə endirilməsi qeyd olunmalıdır. Bir milyona qədər qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli, infrastrukturun yenilənməsi, sosial müdafiə və sosial xidmətlərin səviyyəsinin və əlçatanlığının yüksəldilməsi, ekoloji problemlərə diqqətin artırılması və digər göstəricilər "Dayanıqlı İnkişaf Məqsədləri"nin həyata keçirilməsi istiqamətində böyük nailiyyət hesab edilməlidir".
 
Prezidentin qeyd edib ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı sahələrində böyük uğurlar qazanılıb: "Ölkədə birləşmək, söz, fikir və mətbuat azadlıqları, habelə digər azadlıqlar təmin olunur, insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir. Ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb, bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. İndi Azərbaycanda 3 mindən çox QHT, yüzlərlə KİV, 55 siyasi partiya, müxtəlif dinlərə mənsub icmalar azad fəaliyyət göstərir. İnternetdən istifadə edənlərin xüsusi çəkisi 80 faizdən çoxdur. Ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi hesab olunaraq, davamlı inkişaf məqsədlərinin, insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyi sahəsində qabaqcıl beynəlxalq prioritetlər nəzərə alınaraq, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planları qəbul olunur və icra edilir. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya edilən dəyişikliklər vətəndaşların hüquqlarının daha da genişlənməsi və etibarlı qorunması üçün əlavə təminatların yaradılmasına xidmət edib".
 
Ə. Həsənov deyib ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır: "Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur". 
 
Milli Məclis sədrinin müavini Bahar Muradova Milli Məclisin Ombudsman təsisatı ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, əlavə edib ki, Azərbaycan bütün mənalarda öz üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşır: "Baxmayaraq ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Bununla belə, Azərbaycan öz mövqeyindən geri çəkilməyərək digər dövlətləri beynəlxalq hüquqa əməl etməyə çağırıb".
 
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyd edib ki, Azərbaycan öz Konstitusiyasında, beynəlxalq sazişlərdə insan haqlarını daim dəstəkləyir: "Bu baxımdan Ombudsman Aparatı insan hüquqlarının qorunması təmin edir və insan hüquqlarının pozulmasının qarşısını alır".
 
Konfrans bu gün və sabah plenar iclaslarla davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.