Siyasət

Münasibətlərdə yeni mərhələ: Tramp Azərbaycanın əhəmiyyətini anlayır

1 İyun 2017 19:00
Baxış: 892

Milli.Az Trend-ə istinadən Bəxtiyar Hacıyevin məqaləsini tədim edir:

Son günlərdə ABŞ Prezidenti Donald Tramp 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu və Bakıda keçirilən 24-cü illik Beynəlxalq Xəzər Neft-Qaz sərgi və konfransının iştirakçılarına müraciət ünvanladı.

Birləşmiş Ştatların Prezidenti Respublika Günü münasibətilə təbrik məktubunda Azərbaycanın ABŞ-ın dəyərli tərəfdaşı olduğunu, iki ölkənin birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışdığını bildirdi: "Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik. Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir".

Donald Tramp Azərbaycanın Avropa üçün yeni enerji mənbəyi olduğunu da vurğuladı: "Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. ...Həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm".

ABŞ Prezidenti Xəzər Neft-Qaz sərgi və konfransının iştirakçılarına müraciətində isə son 25 il ərzində Birləşmiş Ştatlarla Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirdiyini, bu tərəfdaşlığın davamlı inkişafını arzuladığını, ölkəsinin "Cənub Qaz Dəhlizi"ni qətiyyətlə dəstəklədiyini, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışladığını qeyd etdi:

"Mən qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirirəm".

Donald Tramp iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəklədiyini və alqışladığını, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzuladığını bildirib: "İqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatları davam etdirdiyiniz bir zamanda Amerika Birləşmiş Ştatları Sizinlə işləməyə hazırdır. Amerika Birləşmiş Ştatları, həmçinin regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək Minsk qrupu prosesi vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir".

Məlum olduğu kimi, Tramp ABŞ-ın əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacağını, digər ölkələrlə bərabərhüququlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyduğunu bəyan etmişdi. Bu gün artıq ABŞ-ın yeni administrasiyasının məhz bu siyasəti yürütdüyünü görürük.

Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika Zirvə görüşünü xatırladaraq, Donald Trampın sammitdə səsləndirdiyi fikirləri yüksək qiymətləndirmişdi:

"Zirvə görüşündə Amerika Prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o demişdir ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir. Ümid edirəm ki, bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaq və bizim işimizə qarışma cəhdləri aradan götürüləcək. Onsuz da bu ildən başlayaraq Amerika rəhbərliyində dəyişikliklər oldu və görürük ki, artıq bu müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür. Biz bunu alqışlayırıq və ümid edirik ki, bu, davam etdiriləcək. Çünki yeganə düzgün siyasət də məhz budur. Mən əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, əgər ölkələr bir-birinin işinə qarışmasalar onda nə müharibə, nə münaqişə olacaq, ancaq sülh olacaq, əməkdaşlıq olacaq".

Ötən gün ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini xanım Robin Danniqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev vurğuladı ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu bildirən dövlətimizin başçısı qeyd etdi ki, "Bakı-Tbilisi-Ceyhan" layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən "Cənub Qaz Dəhlizi" layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləmiş və bugünkü sərgiyə ABŞ Prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir:

"Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir. ...Azərbaycan neft və qaz sənayesinin inkişafında yeni səhifə açır, bütün lazımi infrastruktur, boru kəmərləri, peşəkar heyətlər hazırdır. Beləliklə, qarşımızda heç bir maneə yoxdur və çox yaxşı haldır ki, biz ABŞ-ın yeni administrasiyası ilə həm enerji sahəsində, həm də Prezident Trampın məktubda dediyi kimi, bir çox digər sahələrdə də yaxşı əməkdaşlığı davam etdiririk".

Bir sözlə, cari vəziyyət və Birləşmiş Ştatlar rəhbərinin yuxarıdakı fikirləri ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başladığını söyləməyə əsas verir. Donald Trampın bu siyasəti ilə Birləşmiş Ştatların sabiq Prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan soyuqluğun aradan qaldırılacağı, iki ölkə arasında faydalı və bərəbərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyi gözlənilir.

Beləliklə, ABŞ artıq Azərbaycanın etibarlı tərəfdaş kimi əhəmiyyətini anlayır, ölkəmizlə əməkdaşlığın hərtərəfli genişləndirilməsində maraqlıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.