Siyasət

İngiltərənin tarixi "erməni məsələsi" planları: mənbələr və tarixi qaynaqlar

31 May 2017 16:15
0 Şərh     Baxış: 1 001

"Erməni məsələsi" əsasən XIX əsrin ikinci yarısından başlayaraq o dövrün bir sıra böyük dövlətləri tərəfindən süni şəkildə qabardılmış və yüz əlli ildən artıqdır ki, regionun, xüsusilə də Qafqazın "qara yarası"na çevrilmişdir. Tarixi araşdırmalar göstərir ki, bu plan bəzi dövlətlərin geosiyasi maraqlarına xidmət edən siyasət olaraq meydana gəlmişdir. Bu baxımdan problemin tədqiq edilməsi, onun əsl mahiyyətinin ortaya qoyulması xüsusilə "erməni məsələsi"ndən əziyyət çəkən Azərbaycan, Türkiyə və digər region ölkələri üçün zəruridir.

Milli.Az xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarixçi alim Emin Arifin (Şıxəliyev) problemin tədqiqinə həsr edilən kitabı bu baxımdan olduqca dəyərli elmi mənbə hesab edilə bilər. Alimin Böyük Britaniyanın arxiv materialları əsasında hazırladığı "İngiltərənin geosiyasi maraqlarında "erməni məsələsi"nin yeri və Azərbaycana təsiri (1917-1920)" adlı kitabı uzun və gərgin axtarışlar nəticəsində ərsəyə gəlmişdir.

Kitabda XX əsrin əvvəllərində regionda, eləcə də Qafqazda özünün geosiyasi maraqlarını təmin etməyə çalışan Böyük Britaniya Birləşmiş Krallığının ermənilərdən sui-istifadə etməsi, bu məqsədlə "erməni məsələsi"ni necə gündəmə gətirməsi, ermənilərin hüquqlarının guya pozulması bəhanələrilə Osmanlı İmperiyasına göstərilən təzyiqlər elə İngiltərənin öz arxivlərində qorunan mənbələr əsasında gün işığına çıxarılmışdır.

Müəllif arxiv sənədləri əsasında sübut etmişdir ki, Krallığın Xarici İşlər Nazirliyi, Hərbi Kabineti, Ali Baş Qərargahı, Hərbi Kəşfiyyat Xidməti və digər dövlət və qeyri-dövlət qurumları müxtəlif qərarlarla erməniləri silah və digər ləvazimatlarla təmin etmiş, onların bölgədə süni şəkildə gücləndirilməsi planı həyata keçirilmişdir. Kitabda I Dünya müharibəsinin sonlarına doğru baş verən proseslərdə erməni kartından necə istifadə edildiyi tədqiq edilmişdir.

Qeyd edək ki, tarixçi Emin Arif tədqiqat əsərində "erməni məsələsi"ndən 1917-1920-ci illərdə əsasən Böyük Britaniyanın necə istifadə etdiyini tarixi sənədlərlə araşdırmış və oxuculara təqdim etmişdir.

Kitabda, həmçinin XX əsrin əvvəllərində ermənilərin guya Osmanlı dövləti tərəfindən soyqırımına məruz qalması tarixi sənədlərlə ifşa edilir, əksinə, ermənilərin silahlandırılması nəticəsində Anadolu və Azərbaycanda müsəlman-türk xalqlarına qarşı kütləvi qətliamların həyata keçirildiyi öz əksini tapır.

Əsərdə arxiv materialları ilə yanaşı, o dövrün rus, ingilis, türk və erməni alimlərinin, siyasət və dövlət adamlarının əsərlərində, məktub və yazışmalarında ermənilərin siyasi oyunların alətinə çevrilməsi halları işıqlandırılmışdır.

Kitab sözügedən problemlə məşğul olan araşdırmaçılar üçün dəyərli və etibarlı mənbə olmaqla bərabər, mövzu ilə maraqlanan kütləvi oxucular üçün də əhəmiyyətlidir. Azərbaycanın ermənilər və süni yolla yaradılan Ermənistan dövlətinin təcavüzü ilə üzləşməsindən yaranan problemlərin düzgün təhlil edilməsi və bundan doğru nəticənin çıxarılması baxımından kitab qiymətli materiallarla zəngindir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.