Siyasət

Tbilisi Bakını eşitdi: çirkli siyasət zirzəmisi təmizlənir

31 May 2017 14:11
Baxış: 3 426

15-ci əsrin əvvəllərində Fransa tarixinin ən qaranlıq və məşum dövrlərindən birini yaşayırdı. İngiltərə ilə Yüzillik Savaşın davam etdiyi bir dönəmdə fransızların milli, siyasi və dövlət maraqlarına xəyanət edənlər, Parisin ingilislərin əlinə keçməsi üçün dəridən-qabıqdan çıxanlar Burqundiya hersoqluğuna sığınmışdılar. 

Hersoqluğun paytaxtı Dijonda İngiltərə kralının göstərişlərini və əmrlərini yerinə yetirərək Fransa kralına qarşı düşmən mövqe tutanlar qaynaşırdılar. Onlar Dijonda özlərini çox rahat hiss edirdilər, çünki Fransa əleyhinə əməllicə "zirzəmi şəbəkəsi" qurmuşdular.

Əsrlər sonra İspaniyada respublikaçılarla general Franko tərəfdarları arasında vətəndaş savaşı başlananda qonşu Portuqaliyanın paytaxtı Lissabon ispan dövlətinə, millətinə və Madriddəki hakimiyyətə qənim kəsilənlərin sığınacağına çevrildi.

Tarix yenə təkrarlanır.
Alman filosof Georg Hegel "Tarix iki dəfə təkrarlanır: bir dəfə faciə təki, ikinci dəfə eybəcər fars kimi" söyləmişdi və bu sözlərin diskretliyi, gerçəkliyi indi bir daha aşkarlanır.

Azərbaycanın bioloji koma vəziyyətinə düşən, güclə nəfəs alan və ölüm ayağındakı orqanizmi xatırladan radikal müxalifətinin bir çox mənsubu indi Tbilisidə, Gürcüstanın paytaxtındadır. Onlar qonşu ölkənin baş şəhərində özlərinə rahat məskənlər tapıblar, siyasi sığınacaq almağa çalışırlar, siyasi qaçqın statusu əldə etmək niyyətindədirlər.

"Niyə və məqsəd nədir?" sualına cavabı Gürcüstanın müvafiq dövlət strukturları, yəqin ki, arayırlar. Hər halda buna ümid edirik, çünki istənilən dövlətin ərazisi və xüsusilə də paytaxtı qonşu ölkənin hakimiyyətinə, idarəetmə strukturlarına, siyasi sisteminə qənim kəsilmiş insanların kompakt məskunlaşdıqları əraziyə çevriləndə mütləq şəkildə problemlər yaranır.

Abxaziya və Cənubi Osetiyanı 2008-ci ildə faktiki olaraq itirmək səviyyəsinə gələn Gürcüstan hələ respublikaçı İspaniyada amerikalı dahi yazar Ernest Heminqueyin "quinta columna" ("beşinci kolon") adlandırdığı marginallar, radikallar və ekstremizmə meylli dəstələrin mövcudluğunun ölkəyə hansı gələcək vəd etdiyi barədə dediklərini, yazdıqlarını unutmuşdu, deyəsən.

Rusiyanın cənubunda məskunlaşan abxaz və osetin separatçılar, Tbilisidəki mərkəzi hakimiyyətə düşmən kəsilən siyasi elementlər məsuliyyətə cəlb olunmadı, onların haqqında qiyabi də olsa qanunvericilik çərçivəsində tədbirlər görülmədi.

Tbilisi Qərbin vədlərinə, demokratiya və insan haqları ilə bağlı bitmək bilməyən çıxışlara, efemerlik səviyyəsinin hədsizliyə çatdığı nitqlərə bel bağladı.

Ən başlıcası isə Tbilisi siyasi plüralizm, fikir müxtəlifliyi, söz azadlığı, siyasi fəaliyyət özgürlüyü prinsiplərinin yaş taxtaya vurulan paslı mıx səsi ilə Gürcüstanın hakimiyyət dairələrinə diqtə edilən Qərb ritorikası qarşısında geri çəkildi.

Nəticələr Tbilisi üçün çox acıdır və qonşu ölkə yol verdiyi taktiki səhvlərin, strateji yanlışlıqların acısını indi də çəkir.

Azərbaycansa kimsənin səhvlərini təkrarlamaq niyyətində deyil. Hə, ola bilər ki, "müdrik səhv etməyən yox, başqasının səhvlərindən nəticə çıxarandır" deyimi postsovet məkanının bəzi, hətta əksər ölkələrinin diplomatiyası ilə daxili siyasətində məhvər prinsipləri bəlirləyən açar anlamlar olsun.

Mümkündür, ola bilər.

Amma Azərbaycan hakimiyyətinin bir prinsipi  var: "müdrik, ümumiyyətlə, ciddi səhvlərə yol verməyəndir". Bu prinsip ölkəmizin yürütdüyü diplomatiyasını son illər Qərbin sabiq Sovetlər Birliyi məkanında ucuz yuyucu toz reklamları təki yaymağa çalışdığı "komplimentarlıq" məsələsinin absurdluğunu faş edir.

Azərbaycan bütün dövlətlərlə normal, sivil, qarşılıqlı sayğıya, effektiv və sərfəli əməkdaşlığa, ən başlıcası isə maraqların nəzərə alınmasına əsaslanan əlaqələr qurub, belə əlaqələrdə maraqlıdır.

ATƏT, AŞPA, BMT ekspertləri və siyasətçiləri, Avropa Birliyinin komissarları ilə emissarları daim soruşurlar: "Bakının geosiyasi davranış matrisinin kökü nədir, hansı prinsiplərə əsaslanır?" Çoxsaylı qeyri-dövlət təşkilatları, beynəlxalq qurumlar da bu ritorikanı təkrarlayırlar.

Halbuki, hər şey göründüyündən də sadədir, hətta 2x2 səviyyəsindədir: Azərbaycan hər hansı dövlətin maraqlarının vasitəçisi, təminatçısı olmayıb və olmayacaq. Azərbaycan miqyasından, iqtisadi və siyasi qüdrətindən, hərbi, maliyyə və ya humanitar potensialından asılı olmayaraq heç bir ölkənin "əl uşağı" olmayıb, bu funksiyaları da yerinə yetirmək niyyətində deyil.

Biz bütün qonşu dövlətlərlə, hətta terroru dövlət siyasətçinə çevirmiş işğalçı Ermənistanla da normal münasibətlərdə maraqlayıq (Ermənistan işğal etdiyi ərazilərdən çəkiləcəyi təqdirdə, təbii). Sadalanan postulatlar Gürcüstana da şamil olunur.

Daha dəqiq olsaq, xüsusilə şamil edilir.

Səbəblər çoxdur: Gürcüstanda 450 mindən artıq soydaşımız yaşayır, Bakı və Tbilisi arasında həddən ziyadə sıx, mehriban və səmimi münasibətlər var, Gürcüstanın üzləşdiyi ən ağır dönəmlərdə onun dadına çatan ilk ölkə Azərbaycan olub və s.

Belədirsə, Tbilisidə Azərbaycanın siyasi autizmə və demensiyaya mübtəla olmuş radikal müxalifətinin marginal mənsublarının toplaşması, bu yığnağın Azərbaycana qarşı aktiv fəaliyyətdə olması ən azı sual doğurur.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili dönəmində Tbilisi "problemi araşdırırıq, çözəcəyik" vədləri verirdi.

Həmin vədlər indi də səslənir, amma bəhs etdiyimiz mənhusluq hələ də davam edir.

Tbilisini Azərbaycana qarşı destruktiv fəaliyyət üçün çox əlverişli, rahat, ən başlıcası isə yaxın yer görən bu insanlar kütləvi etiraz aksiyalarına, yürüşlərə, mitinqlərə və piketlərə çağırış etməklə kifayətlənmirlər. Yox, onların işləri belə sivil, demokratiya çərçivəsində sayıla biləcək işlərlə bitmir.

Azərbaycana qarşı aşkar qərəzli, obyektivlikdən uzaq mövqe tutmuş "Freedom House", "People in Need", "Human Rights Watch", NDI və s. təşkilatların himayəsində, nəzarətində və göstərişlər arealında olan bu adamlar Azərbaycanda zorakı yolla hakimiyət dəyişikliyini, çevrilişi və ya qiyamı arzulayırlar.

Onlar xaos, anarxiya həsrətində qovrulanlardır.

Biçarəliklərinin, zavallılıqlarının fərqində də deyillər.

Cənubi Qafqaz kimi geosiyasi baxımdan ən riskli bölgədə yerləşən Azərbaycanın hakimiyyəti  müstəqilliyini, suverenliyini qoruyub, ölkədə stabilliyi tam təmin edib.

Qərb də artıq səhvlərini dərk edir. Postsovet məkanı ilə yanaşı, Yaxın Şərq ölkələrində yeni siyasi sistem, indiyə kimi görünməmiş azadlıqlar və inkişaf vəd edən güc mərkəzləri bir sıra dövlətlərdə rəngli "inqilab"lar adı ilə çevrilişlərə, qiyamlara və üsyanlara nail oldular.

Sonuc dizə çıxan qan gölü, parçalanmaq həddinə çatmış dövlətlər, ən müxtəlif terror qruplaşmalarının güclənərək az qala regional hərbi-siyasi oyunçulara çevrilməsi oldu. Feodalizmdən kapitalizmə hoppanmış cəmiyyətlərdə dünyəvi, sivil hakimiyyətləri "diktatura" adlandırıraq çıxdılar və indi Suriyadan tutmuş, Liviyayadək, Yəməndən başlayaraq Əfqanıstanadək geniş coğrafiyada pırtlaşıq saqqallı, bərələ gözlü "mömin"lər bir zamanlar onları yetişdirən, təlim verən, pul və silahla təmin edən Qərbə qarşı "müqəddəs cihad"a çağırırlar.

İraq, Liviya, Suriya, Yəmən artıq dövlət kimi yoxdur: olan mərkəzi hakimiyyətə tabe olmayan ərazilər, bir-biri ilə ölüm-dirim savaşına girmiş dəstələr, terroru bütün dünyaya yaymağa çalışan idiotlardır.

Qərb illüziyalarının təhlükəsini və qaş qayırmaq istədiyi yerdə vurub iki gözü tökdüyünü görür. Bu səbəbdən də inqilablar eyforiyası, daimi yürüşlər və vəcdə gələrək bayraq yelləyənlərin mitinqlərinin metafizikası sarsaqlıq kimi qəbul olunur artır.

Məhz buna görə Qərb Azərbaycandakı marginal müxalifətin mahiyyətini görərək geri çəkilib və neoislamçılarla, ölkədə Şəriət qanunları ilə idarə olunan "məmləkət" yaratmaq istəyən din dəllalları ilə sövdələşməyə gedən AXCP-ni; baş verənləri guya laqeydliklə izləyən, amma girəvə arayan Müsavatı; kukla teatrı məzhəkələrini xatırladan iclasları ilə ölkə müxalifətinin ölü ruhuna ucuz komediantlıq qatan Milli Şuranı uğursuzlar, vurulmuş fiqurlar, hər hansı siyasi perspektivdən bilmərrə məhrum strukturlar sayır.

Buna rəğmən, Azərbaycanın odioz müxalifətinin tam məhv olmaması üçün inyeksiyalar edilir və Tbilisi də indi radikal müxalifət liderləri üçün pul alınan yer funksiyasını oynayır.

Onlar dağıdıcı, anarxiyanın ən primitiv formatına köklənmiş fəaliyyətləri üçün ayrılan və fərqli adlar, məqsədlərlə pərdələnərək guya leqallaşdırılan vəsaiti sadaladığımız beynəlxalq təşkilatların Tbilisidəkti nümayəndəliklərindən, habelə çeşidli adları olan törəmə strukturlarından alırlar.

AXCP sədrinin müavini Gözəl Bayramlı son iki ildə 40 dəfə Tbilisiyə gedib-gəlir və bunun, sadəcə, "müalicə" ilə bağlı olduğu deyilir.

Əfqan Muxtarlı psevdojurnalistika fəaliyyətini bir kənara qoyaraq Tbilisidə radikal müxalifətin de-fakt "səfir"lərindən birinə çevrilir, amma bunun "müxalifətçilik fəaliyyəti" olduğu vurğulanır.

Fərman Ceyranov Tbilisidəki özəl klinikası vasitəsilə radikal müxalifətə dəstək olur - baş verənlər "fərdin azad seçimi" kimi qələmə verilir.

Bu, siyasi biçarəlik deyilsə, nədir?

Marginallar toplusu hələ də dərk etmək istəmir ki, Azərbaycan cəmiyyəti onları, ideyalarını, çağırışlarını, klişeyə çevrilmiş şüarlarını qəbul etmir.

Cəmiyyətimiz stabilliyi, normal yaşamı xaosa, marazmı "demokratik sosium" kimi vətəndaşlara sırımaq cəhdlərinə, Əbülfəz Elçibəyin vaxtındakı siyasi dərəbəyliyin yeni variantının "çıxış yolu" olduğuna inanmır.

Cəmiyyət dərk edir ki, sabahkı günün, perspektivlərin, stabil yaşamın təminatçısı indiki, mükəmməl olmasa da, etibarlı siyasi sistemdir, çünki bəhs etdiyimiz sistem elə vətəndaşla dövlət arasındakı genişmüstəvili, amma fərdi anlaşmadır.

Hakimiyyət dövlət, dövlət də elə hakirmiyyətin özüdür və belə formasiya Azərbaycan cəmiyyətinin sosial sifarişi, gözləntilərinin məcmusudur.

Müxalifət isə fantomdur, geosiyasi küləklərin yellədiyi qovuqdur və bunu radikalların özləri də bilirlər.

Yerli cəmiyyətin onları qəbul etmədiklərini, boşboğazlıqlarından və primitiv davranışlarından, illüzor vədlərindən və ideyasızlığından bezdiyini, hətta iyrəndiyini görən margianalların yeganə çıxış yolu "beyin mərkəzi"ni ölkə xaricinə çıxarmaq, oradan idarə olunmaqdı.

Tbilisi buna görə seçildi.

Di gəl, radikalların Gürcüstanla bağlı ümidləri də puç olur, çünki rəsmi Tbilisi illərdən bəri davam edən qəflət yuxusundan ayılaraq bu yığnaqla bağlı gərəkli, gecikmiş tədbirlərə başlayıb.

Gürcüstanın hakimiyyət dairələri lümpenləşmiş dəstənin artıq Tbilisini özü üçün də təhlükəyə çevrilməyə başladığını görürlər.

Onu da görürlər ki, müxalifətçi, demokratik qüvvələrin təmsilçiləri qismində gördükləri şəxslərdə nə demokratiya anlayışı var, nə də qüvvə...

Elçin Alıoğlu
Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.