Siyasət

Deputat: "ÜAK-ın ləğvi qərarı iki dövlət və xalq arasında dostluq münasibətlərinə kölgə salır"

20 May 2017 14:21
Baxış: 1 001

Rusiya Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bu ölkənin Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsi barədə çıxarılan qərar Azərbaycan ictimayyəti tərəfindən narahatlıqla qarşılanıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Deputat bildirib ki, bu, təsadüfi deyil:

"Azərbaycanla Rusiya arasında çoxəsrlik əlaqələr mövcuddur. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edərək dostluq və strateji əməkdaşlıq səviyyəsinə çatıb. İki dövət başçılarının qarşılqlı səfərləri, onların arasındakı şəxsi dostluq münasibətləri iki dövlət və xalqlar arasındakı münasibətlərin bu səviyyəyə çatdırılmasında mühüm rol oynayıb. Azərbaycanla Rusiya arsındakı münasibətlərin belə yüksək sürətlə inkişaf etməsindən, ümumiyyətlə, Azərbaycanın regionda əsas siyasi oyunçulardan birinə çevrilməsindən narahat olan, Rusiyada fəaliyyət göstərən ermənipərəst, anti-Azərbaycan qüvvələr belə bir qərarın qəbul edilməsində fəal surətdə iştirak ediblər.

ÜAK-ın ləğvi qərarı böyük bir hissəsi artıq Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına səbəb olub. Bu, eyni zamanda, iki dövlət və xalq arasında mövcud olan ənənəvi dostluq münasibətlərinə kölgə salır. Hesab edirəm ki, sağlam düşüncə qalib gələcək, iki dövlət və xalq arasında dostluq münasibətləri qorunub saxlanacaq və gələcəkdə daha da inkişaf edəcək".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.