Siyasət

"İslamiada Azərbaycan üçün hərbi-siyasi meydanlara çıxış vasitəsidir"

20 May 2017 08:00
Baxış: 728

"İslamiadanın Bakıda keçirilməsi Azərbaycan üçün yalnız idman hadisəsi deyil, həm də idman arenalarından böyük hərbi-siyasi meydanlara çıxmaq üçün vasitədir".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc deyib.

Onun sözlərinə görə, ümumiyyətlə dövlət başçısı İlham Əliyevin siyasəti Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə xidmət edir: "Bu gün Azərbaycanda beynəlxalq idman turniri keçirilir, sabah qlobal mədəniyyət tədbiri, daha sonra böyük iqtisadi-biznes forumlar ola bilər. Amma süjet xətti məqsəd, seçilən hədəf dəyişmir. Doğrudur, 2015-ci ildəki Avropa Oyunlarından fərqli olaraq İslam Həmrəyliyi Oyunları nisbətən başqa prinsiplər əsasında təşkil olunub. Yəni burada əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələr toplaşıblar. Təəssüf ki, müsəlman dünyasının bir sıra regionlarında ağır münaqişələr var, silahlı qarşıdurma gedir. Biz ölkəmizin çərçivəsində, onun statusunda və beynəlxalq münasibətlər sistemində yerinə uyğun çağırışlar edirik ki, müharibələr etməyin, qan tökməyin, qırğınlar törətməyin, gəlin gücünüzü idman meydanlarında sınayın. Ancaq bu da bir reallıqdır ki, müharibələri aparan, İslam etiqadlı insanları toqquşdurmağı bacaran güc mərkəzləri var və müsəlman qardaşları qarşı-qarşıya səngərlərdə yerləşdiriblər".

Z.Oruc hesab edir ki, Azərbaycan həmrəyliyə xidmət edən bu nüfuzlu tədbir vasitəsilə Ermənistanla da mübarizə aparır: "Çünki beynəlxalq münasibətlər sistemində əhəmiyyətsiz ölkə yoxdur. Hər bir qitədə, hətta Okeaniyada balaca bir ada dövlətinin də səsi, sözü var və onun mövqeyi sadəcə statistik mahiyyət daşımır. Kim bilərdi ki, ötən əsrin 60-cı illərində Latın Amerikası ölkələrində saxta "soyqırım" qərarlarını satın alan Ermənistan sonrakı dövrlərdə hansı ölkələrdən dəstək qazanacaq? Yəni ilk addımlar ağlagəlməz, sadə bir ölkədən seçilərək atılır. Ona görə də fikrimcə, prezident İlham Əliyevin ən böyük missiyası bu xalqa əvvəlcə idman cəbhəsində uğurlar qazandırıb onu gələcəyə inandırmaqdır. Etiraf edək ki, birinci Qarabağ savaşında uduzmuşuq. Qarşı tərəfdə bizə qarşı kimin vuruşması, hadisələrin necə inkişaf etməsi tamam ayrı bir söhbətin mövzusudur. Reallıq ondan ibarətdir ki, ərazilərimiz işğal altındadır. Bu millət mədəni, mənəvi, iqtisadi, diplomatik və informativ cəbhədə uğur qazanmalıdır ki, onların hamısı toplanıb bizim bu təcavüzdən, məğlub durumdan çıxmağımızda rol oynasın. Tarixdə də belə nümunələr olub. Mənim fikrimcə, prezident İlham Əliyevin yürütdüyü bu siyasət II Dünya müharibəsindən sonra Konrad Adenauerin Almaniyadakı fəaliyyəti ilə xeyli oxşardır".

Millət vəkili qeyd edib ki, o, Azərbaycan atletlərinin İslamiadadakı uğurlarına hər hansı idmançının əldə etdiyi medal və ya onun qazanacağı maddi məbləğ kontekstindən yox, daha geniş mənzərə şəklində şəklində baxır: "İslamiadanın davam etdiyi vaxtda da cəbhə xəttində gərginlik azalmayıb, əksinə artıb. Çünki görünür erməni tərəfi istəyir ki, Azərbaycanı qeyri-sabit məkan kimi göstərsin və cəbhədəki gərginlik əhval-ruhiyyəsi Bakıya da keçsin. Lakin bu baş tutmur. Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, ölkədə normal həyat davam edir. Beynəlxalq səviyyədə də bunu görürlər. Bir neçə gündən sonra başa çatacaq İslamiadanın da əhəmiyyəti odur ki, Azərbaycan beynəlxalq səviyyədə öz mövqelərini qoruyacaq və daha da gücləndirəcək. Bu xətt ona xidmət edir ki, informasiya məkanında öz həqiqətlərimizi ortaya qoyaq, tərəfdarlarımızı artıraq, dostlarımızın sayını çoxaldaq. Hesab edirəm ki, nəticədə gözlədiyimiz kimi də olacaq".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.