Siyasət

Rusiyadakı Azərbaycan diasporuna qarşı proseslərin gizli tərəfləri

14 May 2017 08:30
Baxış: 2 424

"Rusiyanın rəsmi dairələri Ümumrusiya Azərbaycan Konqresinin (UAK) ləğvi məsələsini sənədləşdirmədəki nöqsanlarla əsaslandırır. Əslində isə bu prosesin arxasında əsasən siyasi maraqlar durur".

Bunu Milli.Az-a açıqlamasında "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Ekspertin sözlərinə görə, əgər bu hüquqi məsələ olsaydı, problemi aradan qaldırmaq üçün vaxt vermək olardı, sənədlərdə düzəliş etmək olardı. Ona görə də onun fikrincə, bu proseslərin arxasında iki əsas məqam gizlənir ki, onlardan biri siyasi məsələlərlə, digəri maliyyə ilə bağlıdır:


"Əvvəla, Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanla çox bağlıdırlar. Bu isə bəzi dairələri narahat etməyə bilməz. Bu narahatlıq isə ilk növbədə erməni diasporunda yaranıb. Çünki 9 may hadisələri göstərir ki, Rusiyada yaşayan azərbaycanlılar istər ermənilərin separatçı bayraq qaldırması, istərsə də digər hadisələrə qarşı fəallıq göstərirlər. Ola bilər ki, heç də istədiyimiz qədər və ya səviyyədə deyil, lakin qeyd etmək lazımdır ki, diasporumuz Rusiyada Azərbaycanın mövqeyini çox aktiv şəkildə müdafiə edir. Bu da Rusiyada bəzi ermənipərəst dairələri, qrupları ciddi narahat edir.

Digər tərəfdən, Rusiyada yaşayan azərbaycanlılar böyük maliyyə resurslarına malikdirlər, çoxları fəal bizneslə məşğul olur. Çox güman ki, bəzi qüvvələr onların maliyyə axınının üstünə əl qoymaq istəyirlər.

Bəzən mətbuatda yazırlar ki, Rusiyadakı azərbaycanlılar fəal deyillər, Azərbaycana kömək etmirlər.  Bununla razı deyiləm. Oradakı azərbaycanlılar çox fəaldırlar və vətənlərinə çox bağlıdırlar. Lakin onların vahid şəkildə olmasını, birləşməsini əngəlləyən qüvvələr var. Onlar da əsasən, Rusiyada ayrı-ayrı iqtisadi-maliyyə qruplarıdır".

E.Ələsgərov qeyd edib ki, Rusiyada bəzi güc strukturları azərbaycanlılara qarşı dini və etnik məsələlərdən təzyiq kimi istifadə etmək niyyətlərindən də əl çəkməyiblər: "Düzdür, son zamanlar bu məsələ bir az səngiyib. Lakin bir də görürsən ki, hansısa KİV-də erməni separatçılarını çıxarıb onları reklam edirlər, yaxud da guya Azərbaycanda şiə-sünni problemi olduğunu qabardırlar. Bəzi qruplar ermənilərlə əlbir olub Azərbaycana qarşı əməlli-başlı mübarizə aparır, oradakı azərbaycanlıları sıxışdırır, diasporumuzu parçalamaq istəyirlər. Oradakı azərbaycanlıların hələ də vahid şəkildə birləşməməsinin bir səbəbi də məhz budur. Yəni, Rusiyadakı Azərbaycan diasporu ilə bağlı bütün bu proseslərin altında dərin məsələlər gizlənir. Hər halda ümid edirəm ki, rəsmi Moskva bu məsələyə ciddi yanaşacaq, ÜAK-ın qeydiyyatı ləğv edilməyəcək və bu təşkilat fəaliyyətini davam etdirəcək".

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi bu ilin martın 3-də Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Rusiya Ədliyyə Nazirliyindən bildiriblər ki, ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub. Nazirlik bəyan edir ki, onlar tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. Ədliyyə Nazirliyi də "İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Lakin təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi bu ilin martın 3-də Ali Məhkəməyə təşkilatın ləğvinə dair inzibati iddia ilə müraciət edib.

Rusiya Ali Məhkəməsinin qərarına əsasən, müvafiq məhkəmə işinə mayın 15-də baxılacaq.

Xatırladaq ki, ÜAK 2001-ci ildə yaradılıb, 2016-cı il dekabrın 28-də isə Moskvada Konqresin IV Qurultayı keçirilib. Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçinin qatıldığı qurultayda təşkilatın rəhbər orqanlarına seçkilər olub. Tədbirdə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri də iştirak edib.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.comFacebookTwitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.