Siyasət

"Qarabağ münaqişəsinin həlli üçün ciddi danışıqların vaxtıdır"

10 May 2017 11:29
0 Şərh     Baxış: 918

Ermənistan və Azərbaycan təmas xəttində hərbi əməliyyatların başlamasının mümkünlüyü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün vasitəçiləri narahat edir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində deyib.

R.Hoqland münaqişə tərəfləri arasında indiyə qədər insidentlərin yaşandığını təəssüflə qeyd edib.
Eyni zamanda, amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilən görüşündə münaqişənin sülh yolu ilə həll edilməsinin zəruriliyinin qeyd olunduğunu xatırladıb və buna ümid etməli olduqlarını bildirib. ABŞ-dan olan həmsədr problemi birdəfəlik həll etmək üçün ən yüksək səviyyədə ciddi danışıqların vaxtının çatdığını vurğulayıb.
ABŞ və Rusiya arasındakı ziddiyyətlərin münaqişənin həll edilməsinə mane olub-olmayacağı ilə bağlı suala cavabında R.Hoqland iki ölkənin bu istiqamətdə işləyəcəyinə əmin olduğunu bildirib: "ABŞ və Rusiya arasındakı əlaqələr bu prosesə mənfi təsir göstərməyəcək".

R.Hoqland bəzi eksperlərin Rusiyanın Qarabağ münaqişəsinin saxlanmasında maraqlı olması və ABŞ-ın münaqişənin həllinə daha çox cəlb edilməsiylə bağlı bəyanatlarına şərh verib: "Sizi əmin edirəm ki, Rusiya Azərbaycan və Ermənistan arasında münaqişənin olmasını istəmir. Bu, regiopnda sabitliyi pozar. Əlbəttə, ABŞ və Rusiyanın maraqları fərqli olacaq. Amma bu, o demək deyil ki, biz birlikdə problemləri həll edə bilmirik. Bəli, ABŞ-ın prosesə daha çox cəlb olunmasının gərəkli olduğu fikri ilə razıyam. İndi bizdə yeni administrasiya var. Vaşinqton hələ xarici siyasətin müxtəlif versiyalarını nəzərdən keçirir. Gəlin bir az gözləyək və görək necə olur"

ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən münaqişə tərəfləri arasında görüşün təşkil edilməsinin mümkünlüyü barədə danışan diplomat bunun mümkün olduğunu, amma sülh prosesində əsas danışıqların iki ölkənin yüksək vəzifəli rəsmilərindən asılı olduğunu bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.