Siyasət

"Sərhədsiz reportyorlar"ın "sərhədsiz yalanları"

28 Aprel 2017 11:39
Baxış: 634

"Media azadlığı hesabatı"nın təzadları

"Dünyada mətbuat azadlığının səviyyəsi son 13 ildə ən aşağı həddə düşüb. Səbəb əvvəlki illərdən fərqli olaraq, avtoritar rejimli ölkələrlə yanaşı, böyük, demokratik quruluşlu ölkələrdə də jurnalistlərə və media orqanlarına qarşı görünməmiş təhdidlərin başlanılmasıdır".

"Sərhədsiz reportyorlar"ın (RSF) 2016-cı il üzrə hazırladığı və 2 gün öncə açıqladığı illik hesabatın başlığına çıxardığı bu tezis ilk baxışdan elə təəssürat yaradır ki, sənəd obyektiv hazırlanıb. Düşünürsən ki, yəqin əvvəlki illərdən fərqli olaraq, RSF kiçik, hədəfdə olan ölkələrlə yanaşı, böyük, "gücçatmaz", yalançı "demokrat" imici formalaşdırılmış dövlətlərin də üzərinə gedib; qərəzsiz bir hesabat hazırlamağa çalışıb; Donald Trampdan başlamış media qanunvericiliyini tam tərsinə çevirdiyi üçün etiraz doğuran Polşa hakimiyyətinə qədər hər kəsi təhlil edib.

Amma bu, ilk və yanlış təəssüratdır. RSF və onunla eyni düşərgədən olan "Freedom house"nin illik hesabatlarının "obyektivliyi" bu iki cümlə ilə bitir. 3-cü, 4-cü cümlələrdən başlayaraq, RSF tarixi ənənəsini davam etdirir, "media hesabatını" "siyasi bəyanata" çevirir, bu hesabatdan ABŞ-ın və Avropa Birliyinin hədəfində olan ölkələri ləkələmək üçün istifadə edir.

RSF-nin aprelin 26-da açıqlanan hesabatına görə, "Azərbaycan media azadlığının durumu indeksində 180 ölkə arasında 162-ci yerdədir". "Freedom House" isə hesabatında "199 ölkəni əhatə edib" və burada Azərbaycanın adını 190-cı yerə qədər gerilədib. Ölkəmizi "İran, Suriya, Şimali Koreya, Türkmənistan, Çin" və başqaları ilə bir sıraya qoyub. Ermənistanı isə 60 pillə önə çəkib... 

Hesabatın yalan, qərəz, siyasi maraqlar üzərində qurulduğu, yanlış faktlara əsaslandığı aşkar görünür. Müəlliflər hazırladıqları yalanların qəbul ediləcəyinə o qədər əmin olublar ki, veb səhifələrində onları ifşa edəcək faktlar aradan qaldırmağı düşünməyiblər.

Rəqəmlər üzərində manipulyasiya

Söz və ifadə azadlığının qlobal durumunu dəyərləndirən, rəy formalaşdıran beynəlxalq jurnalist təşkilatlarının hesabatlarında maraqlı bir nüans var: bu hesabatlarda faciə qurbanı olmuş, öldürülmüş, həbs edilmiş jurnalistlərin sayı ilə bağlı ciddi şəkildə müxtəliflik mövcuddur. Diqqət edək: Sərhədsiz Reportyorlar (RSF) 2016-cı il üzrə hesabatında göstərir ki, bu il ərzində dünya ölkələrində ümumilkdə 78 nəfər jurnalist qətlə yetirilib (https://rsf.org/en/barometer?year=2016&type_id=234#list-barometre). Digər təşkilatın-Beynəlxalq Jurnalistlər Federasiyasının analoji hesabatında isə, bu rəqəm 111 nəfərlə ifadə olunub (http://ifj-safety.org/en/2016/killings). Bu münvalla, nüfuzuna görə ilk 5-liyə daxil olan beynəlxalq jurnalist təşkilatlardan hər birinin hazırladığı hesabata gözucu baxış imkanı verir ki, öldürülən jurnalistlərin sayı ilə bağlı rəqəmlər arasındakı müxtəlifliyi görmək mümkün olsun. Hələlik bu müstəvidə daha çox diqqət çəkən Sərhədsiz Reportyorların (RSF) "29 nəfərlik əskiyi" ilə kifayətlənək.

İndi isə həbsdə olan və fəaliyyətinə görə təqib edilən jurnalistlərin siyahısına baxaq. RSF-nin bu məsələyə yanaşması da eyni müstəvidədir. ABŞ-da yerləşən və 5-liyə daxil olan Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ) göstərir ki, 2016-cı ildə dünya üzrə həbsdə olan jurnalistlərin sayı 259 nəfərə çatıb (https://cpj.org/imprisoned/2016.php). Sərhədsiz Reportyorlar (RSF) isə bu rəqəmi 360 nəfərlə ifadə edir. Bu dəfə "qurbanların" sayı azaldılmayıb, əksinə artırılıb. Ortada 101 nəfərlik fərq var. Hesabatlar üzrə geri hərəkət edəndə, 2015, 2014-cü... illəri araşdıranda da eyni münasibəti görürük: rəqəmlər arasında ciddi fərqliliklər var. Maraqlı deyilmi, Sərhədsiz Reportyorların rəqəmlərində belə fərqlilik nədən yaranır?!

Son illərdə monitorinq keçirilməsi, hesabat yayılması, statistikanın açıqlanması məsələsində bəzi yeni prinsiplər tətbiq edilib ki, bu prinsipləri pozanların hesabatları ciddiyə alınmır. Yeniliklərdən biri budur ki, hesabatlarda göstərilən statistika real faktlarla sübut edilməlidir, yəni burada qurban hesab edilən jurnalistlərin ümumi statistikası ilə yanaşı hər bir qurbanın adı, ünvanı, qarşılaşdığı problemin təfsilatlı təsviri də əlavə edilməlidir. Bu baxımdan, öldürülən jurnalistlər məsələsində yalançı say artımı tətbiq etmək olmaz: hesabatda yanlış fakt verilərsə, bu, ad-soyadların, ünvanların araşdırılması zamanı dərhal üzə çıxar. Burada say artımı yox, sayın azaldılması mümkündür: deyə bilərlər ki, "filan hadisə nəzərdən qaçıb, yaxud araşdırmanı tamamlaya bilməmişik", ona görə də ölümlə nəticələnmiş filan insident bizim hesabata düşməyib. Həbsdə olan jurnalistlər məsələsində isə, əksinə vəziyyət fərqlidir. Siyahını nə qədər desən, uzatmaq mümkündür. Buraya peşəkar jurnalistlərlə yanaşı "vətəndaş jurnalistlərin", bloggerlərin, sosial şəbəkə istifadəçilərinin də adlarını qatmaqla siyahını "n" qədər uzatmaq mümkündür. Məsələn, bir nəfər hansısa kriminal əməlinə görə cəzalandırılırsa, beynəlxalq təşkilatda ehtimal yarana bilər ki, bu cəzalandırma adamın konkret cinayətinə görə yox, hansısa sosial şəbəkədə yazdığı statusa görə baş verir. Əgər ortada maraq varsa, həmin şəxs dərhal "söz azadlığı qurbanları" siyahısına daxil edilir və siyahı böyüyür. Başqa məsələdir, sübut etmək olacaqmı ki, bu adam jurnalistdir, ya yox? Sübut edəndə də artıq gec olur: artıq informasiya yayılıb, beynəlxalq rəy yanlış yöndə köklənib. Sərhədsiz Reportyorlar bu variantlardan maksimum yararlanıb, "həbsdə olanlar" siyahısını 111 nəfər artıq, ölənlərinin sayını isə 29 nəfər az göstərib. Amma bu, yuxarıda səslənən sualın cavabını tam açmır, əksinə yeni sual yaradır: Sərhədsiz Reportyorların (RSF) belə saxtakarlıq etməkdə marağı nədir?! Nə üçün həbsdə olan jurnalistlərin sayını süni surətdə artırır, ölənlərin sayını isə azaldır?

Sərhədsiz Reportyorları saxtakarlığa vadar edən səbəblər

Kənara getməyək, cavab RSF-nin öz saytında var. Sadəcə, bir qədər artıq diqqət yetirmək kifayətdir ki, işin mahiyyəti açılsın. Baxaq: 2015-ci il ABŞ mediası üçün yeni təlatümlü dövrün başlanğıcı oldu. 2015-ci il avqustun 26-da ABŞ-da 2 jurnalist - Alison Parker və operator Adam Wardun qətlə yetirildilər. Bununla da 2010-cu ildən etibarən fəaliyyətinə görə öldürülən ABŞ jurnalistlərinin sayı 8 nəfərə çatdı və ABŞ-da medianın durumuna dair qlobal müzakirələrə yol açdı. Çox maraqlıdır ki, bu faktlar RSF-nin hesabatında yer tutmayıb (https://rsf.org/en/barometer?year=2015&type_id=233#list-barometre). Yeri gəlmişkən, bu faktlar 5-liyə daxil olan digər təşkilatların, o cümlədən BJF-nin hesabatında var (http://ifj-safety.org/en/2015/killings). Sərhədsiz Reportyorlar öz hesabatında ABŞ-a aid bölümdə təkcə ölüm faktlarını gizlətməyib, həbslər məsələsinə də eyni kontekstdən yanaşıb. 2015-ci ilin iyununda ABŞ-ın Missisipi ştatında 5 illik həbsə məhkum edilmiş blogger Kleyton Kellinin və digərlərinin adları da RSF-nin siyahısında yoxdur. RSF tərəfindən təqdim edilən və təşkilatın saytında yerləşdirilən siyahıya diqqətlə baxanda bu boşluğu dərhal görmək olur.

ABŞ-da media ilə bağlı xoş olmayan durum bu gün də davam edir. Beynəlxalq təşkilatlar prezident Donald Trampın mediaya yönəlik siyasətini nəinki ABŞ, ümumilikdə dünyada söz azadlığı üçün təhlükə hesab edirlər. Beynəlxalq təşkilatlar bu amili nəzərə laraq Trampa qarşı aksiya keçirməyə, mediaya yanlış yanaşmanı durdurmağa çalışdılar. Əlavə olaraq, Avropa İttifaqının prezidenti Donald Task da bəyan edib ki, hazırda Avropa və "Avropa dəyərləri" üçün 3 ciddi təhlükədən biri ABŞ-ın yeni iqtidarıdır (http://www.amerikaninsesi.org/a/avropa-abs/3701764.html?ltflags=mailer). "Avropa dəyərləri" sırasında ilk yeri söz azadlığı tututur və əgər Task ABŞ-ın adını Rusiya və Çinlə eyni siyahıya daxil edib onları "Avropa dəyərlərinə qarşı" təhlükə sayırsa, məntiqlə RSF də fəaliyyətini ilk öncə ABŞ-a qarşı yönəltməlidir. Amma əksinə, RSF nəinki ABŞ iqtidarının söz azadlığına qarşı siyasətini pisləyən prosesdə görünmədi, həmçinin ABŞ-da baş verən insidentləri gizlətməklə onu qorumağa çalışır.

Bütün məsələlərin məğzi də buradan başlayır. RSF öz hesabatları ilə təkcə rəsmən maliyyə aldığı ABŞ-ı qorumur. Bu hesabatlarda Ermənistan haqqında da heç nə tapa bilməzsiz. Çünki Fransadakı erməni lobbisinin bu təşkilata ciddi təsiri var. Beləliklə, RSF-nin siyahısındakı "ölüm əskikliyi" bu kontekstə bağlanır. RSF maliyyə aldığı, nüfuzundan qorxduğu, maraqlarına xidmət etdiyi ölkələrdə media ilə əlaqəli baş verən hadisələri monitorinqə almır, bu insidentləri siyahısına daxil etmir, onları ictimailəşdirmir. Ona görə də "ölmüş jurnalistlər siyahısında əskiyi çıxır".

"Həbsdə olanlar siyahısı"nın artıq çıxmasının isə bir qədər fərqli səbəbi var.

Beynəlxalq jurnalist təşkilatlarının "ilk 5-liyinə daxil olan" RSF və onun ətrafında olan təşkilatlar media, söz və ifadə azadlığı ilə bağlı durumun kəskin pisləşdiyi ölkələri yox, maraqlarına xidmət etdikləri güclərin hədəfində olan ölkələri "monitorinq edirlər", "jurnalist ölümlərinin çoxluğuna" və "həbsdə olan jurnalistlərin sayına" görə hədəf seçdikləri ölkələri beynəlxalq ictimai rəyin qınaq obyektinə çevirirlər. Bu baxımdan hədəf ölkələrdə media ilə əlaqəli insidentlərin sayı çox görünməlidir. RSF bu görüntünü yaratmaq üçün hər cürə manipulyasiyalara əl atır.

Onların hədəflərində Azərbaycan da var. Ölkəmizə qarşı işlətdikləri taktikanı təhlil edəndə aydınlaşır ki, özünü beynəlxalq qurum, hüquq müdafiə təəssübkeşi elan etmiş bu təşkilatlar hansı irgəncliklərə əl atırlar.

Rəqəmlərdə gizlənən həqiqətlər

RSF və ona tay olan təşkilatlar faktları saxtalaşdırmaq üçün türlü vasitələrdən istifadə etsələr də, ümumi fonda bəzi həqiqətlər ortaya çıxır. Yenidən RSF saytına qayıdaq. Jurnalist ölümlərinin sayını göstərən siyahılara diqqət edərkən, ölüm sayının çox olduğu və illər üzrə təkrarlandığı ölkələrin mənzərəsi yaranır: Filippin, Kolumbiya, Meksika, Suriya, İraq, Braziliya, Hindistan, Somali, Cənubi Sudan, Pakistan, Rusiya, Yəmən, Banqladeş və başqaları... RSF saytındakı real rəqəmlərə əsaslansaq, Azərbaycan xəbər istehsalçılarının ölümü siyahısında nəinki ilk beşlikdə, ilk onluqda, hətta əllilik və yüzlükdə də yoxdur. Azərbaycan adı bu siyahılarda yalnız dövlətlərin adlarının əlifba sırasına görə sıralanması ilə görünür. Jurnalistlərin təqib və həbs olunduğu ölkələr siyahısında da durum eynidir. RSF saytındakı rəqəmlər götərir ki, həbslərin çox olduğu ölkələr Çin (29 nəfər), İran (27 nəfər), Misir (26 nəfər), Vetnam (15 nəfər), Suriya (24 nəfər), İsrail (nəzarətdə saxladığı torpaqlar), Türkiyə, Rusiya, Eriteriya və digərləridir. Məntiqlə yanaşsaq, RSF və ətrafındakılar öz fəaliyyətlərini bu ölkələr üzərində fokuslaşmalı, beynəlxalq rəyi sadalanan ölkələr üzərinə yönəltməlidirlər.

Amma durum fərqlidir. RSF-nin hədəfində yuxarıda təsvir edilən ölkələr deyil, yalnız Azərbaycan və Türkiyə var. Qeyri- adi görünməsin, RSF-nin qurduğu bütün oyunların kökündə Azərbaycan və Türkiyənin imicinə ləkə vurulması dayanır. Oyunlar isə çoxçeşidlidir, təkcə siyahıların saxtalaşdırılması ilə bitmir.

Müşfiq Ələsgərli
Milli.az üçün

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.