Siyasət

Onun şansı çoxdur - Ermənilər artıq yol axtarır, bəs biz? - FOTO

24 Aprel 2017 11:33
0 Şərh     Baxış: 2 141

"Kreml və onun təbliğatını aparan rusiyalı politoloqlar Fransada Fransua Fiyonun və ya Marin Le Penin prezident seçilməsini istəyirdilər. Çünki hər ikisi Rusiya ilə sıx tərəfdaşlıqdan danışır və Krımı Rusiyanın ərazisi sayırlar. Ancaq Kremlin planları reallaşmayacaq. Böyük ehtimalla Emanuel Makron ikinci turda Le Pen üzərində qələbə çalacaq. Çünki ikinci tura keçməyən namizədlərin az qala hamısı seçicilərini ikinci turda Makrona səs verməyə çağırdılar. Makron Rusiya ilə sərt dialoqun davamının tərəfdarıdır".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloq Makronun prezident olmasının Azərbaycanla münasibətlərlə mümkün təsirini belə açıqlayıb: "Len Pen və Fiyon seçkiqabağı çıxışlarında ermənipərəst açıqlamaları ilə də yadda qaldılar, Dağlıq Qarabağı Ermənistana "birləşdirdilər". Makrondan oxşar açıqlama eşitmədik. Ancaq bu, o demək deyil ki, Makron prezident seçilərsə, Ermənistanla Azərbaycana eyni gözlə baxacaq. Buna baxmayaraq, Makron keçmiş iqtisadiyyat naziridir. Deməli, prezident seçilərsə, Azərbaycanla əməkdaşlıqda iqtisadi səmərəlilik prinsipini arxa plana atmayacaq".

E.Şahinoğlunun fikrincə, dünyada erməni lobbisinin niyə güclü olmasını belə izah edib: "Erməni lobbisi hər ölkədə fəal seçici olmağa çalışır. Elə ölkələr var ki, orada türklər ermənilər qədərdir, ancaq yenə də prezident və deputat seçilmək istəyən şəxs birinci növbədə erməni lobbisinin təmsilçiləri ilə görüşmək istəyir. Çünki bilir ki, seçkidə onların səslərinə arxayın ola bilər, bir şərtlə ki, "erməni soyqrımının" tanınması istiqamətində, Türkiyə və Azərbaycan əleyhinə addımlar atmağa vəd etsin".

Ekspertin fikrincə, bunu nəzərə alaraq Azərbaycan tərəfi Makronla daha fəal dialoq qurmağa çalışmalıdır: "Fransa prezidentliyinə əsas namizəd Emmanuel Makron seçkiqabağı çıxışlarında hələ ki, ermənilərə heç nə vəd etməyib. Fransadakı erməni lobbisinin əsas namizədləri keçmiş baş nazir Fiyon və milliyətçi Le Pen idi. Ancaq Makron hər ikisini geri qoydu və böyük ehtimalla ikinci turda Le Pen üzərində qələbə çalacaq. Bunu erməni lobbisi də anlayır və mən istisna etmirəm ki, Le Pendən əlini üzən erməni lobbisi artıq Makrona yol axtarır, onunla görüşəcəklərini istisna etmirəm. Bunun qarşılığında Makronun erməni lobbisinə nə vəd edəcəyi üzərində baş sındırmağa dəyməz. Bizimkilərdən nə xəbər var?"

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.