Siyasət

İranda prezidentliyə namizədlər arasında Azərbaycan üçün ən məqbulu hansıdır?

24 Aprel 2017 11:11
1 Şərh     Baxış: 1 993

İranda mayın 19-da keçiriləcək prezident seçkilərində sürpriz ola bilər.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, hazırda prezidentləyiə namizədlər arasında mühafizəkarların nümayəndələri çoxluq təşkil edir. Qərb isə onların seçilməsində maraqlı deyil: "Mindən çox namizəddən cəmi 6 nəfərin namizədliyi təsdiq olunub. Misal üçün, keçmiş prezident Mahmud Əhmədinejatın namizədliyi qeydə alınmayıb. Buna baxmayaraq, namizədlər içərisində mühafizəkarların təmsilçiləri kifayət qədərdir. Bunların içərisində İranın keçmiş prokuroru Seyyid İbrahim Rəisini və Tehranın meri Baqir Qalibafı göstərmək olar.

Qərb ölkələri İranda prezident seçkisində mühafizəkarların qələbəsində maraqlı deyil. Bu qələbədənsə Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsində maraqlıdırlar. Çünki məhz Həsən Ruhaninin dövründə nüvə anlaşması imzalandı, beynəlxalq aləm gərginlikdən qurtardı. 6-7 il əvvəl gündəmin əsas narahatedici mövzusu Suriya deyildi, İranın nüvə proqramı idi. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlaya biləcəyi müzakirə predmeti idi. Bu mövzuya yalnız Həsən Ruhaninin prezident seçilməsiylə son qoyuldu. Çünki keçmiş prezident Mahmud Əhmədinejatdan fərqli olaraq Həsən Ruhani Amerika ilə ümumi dil tapa bildi. Ona görə də Qərb dünyası, o cümlədən Vaşinqton, London və Brüssel mühafizəkar namizədin İranda prezident seçilməsini istəmirlər. Çünki mühafizəkar prezident İranda yenidən nüvə çalışmalarına başlaya bilər. Bu isə Qərb dünyası üçün yeni problem yaradacaq".

Ekspertin fikrincə, İranda prezident seçkilərində sürpriz gözləməyə dəyər: "İranda prezident seçkilərində sürprizlər az olmayıb. Bu ölkədə müstəqil rəy sorğuları keçirilmədiyinə görə, kimin prezident seçiləcəyini proqnozlaşdırmaq çətindir. Məsələn, 1990-cı illərin sonlarında parlamentin keçmiş sədri Natiq Nuri ilə keçmiş mədəniyyət naziri Məhəmməd Hatəmi arasında mübarizə gedirdi. Çoxları deyirdi ki, Natiq Nurini dini lider, İslam Keşikçiləri və ümumilikdə mühafizəkarlar müdafiə edir. Ona görə də o, prezident seçiləcək. Ancaq nəticə fərqli oldu. Çoxlarının gözləmədiyi halda Hatəmi prezident seçildi və ikinci seçkidə də kürsüsünü qorudu. Doğrudur, onun prezidentliyinin İranda siyasi və iqtisadi islahatları sürətləndirdiyini vurğulamaq çətindir. Bu mənada may ayındakı seçkidə də prezidentin kimin seçiləcəyini proqnozlaşdırmaq çətindir. Vəziyyət qəfil dəyişə bilər".

Politoloq qeyd edib ki, belə fikirlər var ki, İran əhalisi islahatların dərinləşməsini istəyir, əhalinin əksər hissəsi də gəncdir və onlar yenilikdə maraqlıdırlar. Yəni bu məntiqdən çıxış edərək Həsən Ruhaninin öz kürsüsünü qoruyacağı proqnozlaşdırılır: "Ancaq yenə də keçmiş illərdə olduğu kimi bu proqnoz da səhv çıxa bilər. İranda qərarı iki əsas mərkəz - ali dini lider və İslam Keşikçilərinin generalları verirlər. Bu iki qüvvə mühafizəkar olsa da, bəzən prezident kürsüsünü şərti adı liberallar olan kəsimin namizədin nəzarətinə keçməsinə mane olmurlar. Çünki bilirlər ki, prezident hər istədiyini həyata keçirə, dini liderin çızdığı "qırmızı çizgini" aşa bilməz. Mühafizəkar mərkəzlər islahatçı düşüncəli siyasətçinin prezident seçilməsinə ona görə mane olmaya bilərlər ki, Qərblə iqtisadi əməkdaşlıq və sanksiyaların yumşalması prosesi davam etsin".

E.Şahinoğlunun fkrincə, Qərb kimi Azərbaycan da İranda şərti adı islahatçı olan kəsimin nümayəndəsinin prezident seçilməsini istəyir: "Məsələn, elə indiki prezident Həsən Ruhaninin vəzifəsinə davam etməsi rəsmi Bakının da maraqlarına cavab verir. Məhz Həsən Ruhaninin dövründə iki ölkə arasındakı əlaqələr inkişaf etdi, iqtisadi-ticarət mübadiləsi artdı, ortaq regional layihələrin icrasına başlanıldı. Bu baxımdan Həsən Ruhani o birilərlə müqayisədə Azərbaycan üçün məqbul namizəddir. Təəssüf ki, Tehran Ermənistan siyasətini dəyişmir, əvvəlkitək işğalçı dövlətlə əlaqələrini davam etdirir və bu amil haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq doğurur. Ancaq bu siyasəti dəyişmək İran prezidentinin əlində deyil. Bu siyasətin dəyişməsi üçün də ali dini liderin icazəsi lazımdır".

Mərkəzi rəhbəri hesab edir ki, ali dini lider Seyyid Əli Xameneyi milliyətcə Azərbaycan türküdür və nə qədər mühafizəkar kürsünün sahibi olsa da, milli maraqları arxa plana atmamalıdır: "Məsələn, keçən ilin aprel döyüşlərində ali dini liderin Güney Azərbaycandakı təmsilçiləri Cümə namazlarında Azərbaycan dəstək ifadə edən ifadələr işlətdilər. Elə ali dini liderin özü də Qarabağla bağlı Azərbaycana dəstək ifadə edən açıqlama verib. Bütün bunlar ortada varkən milliyətçə azərbaycanlı olan ali dini liderin niyə Ermənistanla da əlaqələrə üstünlük verdiyini anlamaq mümkün deyil.

Azərbaycanın siyasi dairələri və cəmiyyəti İranın ali dini lideri Dağlıq Qarabağla bağlı daha qətiyyətli mövqe gözləyir. Ali dini lider Tehranın Ermənistan siyasətini müəyyənləşdirməsində mühüm rol oynaya bilər. Bu İran-Azərbaycan münasibətlərində də keyfiyyətcə yeni vəziyyət yaradar. Bu siyasətin dəyişməsində rəsmi Bakı da fəal ola bilər. Elə etmək lazımdır ki, İranla Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri, regional layihələrin sayı daha çox olsun ki, son nəticədə bu, Tehranın Ermənistanla bağlı xarici siyasətinə də təsir etsin. Bu mənada İran-Azərbaycan hökumətlərarası komissiyasının İrandan olan həmsədri Mahmud Vaezinin fəaliyyətini müsbət qiymətləndirmək olar. Onun prezident Həsən Ruhaninin yanında nüfuzu böyükdür. Bu imkandan da istifadə etmək mümkündür".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.