Siyasət

Heydər Əliyev irsi və İslam həmrəyliyi

18 Aprel 2017 11:04
Baxış: 326

Azərbaycanın son onilliklər ərzində bir çox sahələrdə qazandığı uğurlar heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda hər bir sahədə olduğu kimi, dini sahədə də problemlər aradan qaldırıldı, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoydu.

Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində Azərbaycanda din sahəsində də müəyyən pərakəndəlik yaşanırdı. 70 il ərzində öz dinindən, adət-ənənələrindən ayrı düşmüş Azərbaycan xalqında, cəmiyyətində, belə demək mümkünsə, bir boşluq yaranmışdı. Ölkənin çətin illərində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, iqtisadiyyatın tənəzzülə uğradığı bir dövrdə bu vəziyyətdən sui-istifadə etmək istəyən qüvvələr ölkədə qeyri-ənənəvi dinləri yaymağa çalışdılar. Müxtəlif xarici missioner təşkilatlarının üzvləri əsas azadlıqlar və insan haqları adı altında milli təhlükəsizliyimizə təhdid olan dini sektaları təbliğ etməyə başladılar.

Belə mürəkkəb və ziddiyyətli şəraitdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin yüksək dövlətçilik təcrübəsi nəticəsində bu sahədə dönüş yarandı. Həmin dövrdə Prezident məscidlərə gedir, müəyyən dini mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin bu sahədə strateji xəttini izah edirdi. Ulu Öndər dərin biliyi, yüksək idarəçilik təcrübəsi, uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərində yaranmış uçurumu aradan qaldıra, dinin birləşdirici gücündən maksimum istifadə edə bildi. Görkəmli dövlət xadimi göstərdi ki, İslam həqiqətən də sülh dini, mehribanlıq dinidir.

Heydər Əliyev 1993-cü ilin sentyabrında Təzəpir məscidində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə çıxışında bildirmişdi: "Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq". Təbii ki, Ulu Öndər bu vədinə tam əməl etdi. Bundan başqa, Ümummilli Lider Azərbaycanda bir sıra məscidlərin, tarixi mədəniyyət abidələrinin bərpasında yaxından iştirak etdi. Bakının ən böyük məscidi olan Təzəpir məscidinin, qədim tarixi olan Bibi Heybət məscidinin, Mir Möhsün ağanın ziyarətgahının bərpası bilavasitə onun himayəsi altında həyata keçirildi.

Sovet dövründə ölkədə məscid statuslu tikililərin sayı cəmi 17 idisə, təsadüfi deyil ki, Azərbaycanın müstəqillik qazanmasından, xüsusilə, Ulu Öndərin respublikaya rəhbərlik etməsindən sonra vicdan azadlığı tam bərqərar olundu, əhalinin dindar təbəqəsinin rahat şəkildə ibadət etməsinə şərait yaradıldı. Qeyd edək ki, bu gün ölkədə məscidlərin sayı artıq 2166-ya çatıb.

1993-cü ildə Heydər Əliyevin "Allahın yolunda hamımız hür olaq" kitabı Azərbaycan və bir neçə xarici dildə nəşr olundu. 1994-cü ilin iyul ayında Ümummilli Lider müqəddəs Məkkə və Mədinədə ümrə ziyarətində oldu. Bu səfəri zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə görüşlər keçirdi.

Ulu Öndər dövlət-din münasibətlərini qanunvericilik səviyyəsində nizamlaya bildi. 1996-cı ildə Prezident Heydər Əliyev "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununda əlavə və dəyişiklikləri təsdiq etdi. Bununla da, dövlət-din münasibətlərində yeni mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı.

Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Dövlət Komitəsinin yaradılmasında məqsəd Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin (Vicdan azadlığı) həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək idi.

Ümumiyyətlə, Ulu Öndər İslam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab edirdi, hər zaman İslam dininin mütərəqqi din olduğunu, insanların mənəvi dünyasının paklanmasında rolunu xüsusi vurğulayırdı: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu, eyni zamanda, İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır".

Bununla belə, Ümummilli Lider Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verəcəyini bildirirdi. 1998-ci ilin oktyabrında Bakıda keçirilən "Müasirlik və dini-mənəvi dəyərlər" adlı beynəlxalq konfransda Ulu Öndər dünyəvi dövlətdə etiqad azadlığı prinsipindən geniş bəhs etdi: "Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik".

Heydər Əliyevin bu və digər fikirləri onun xalqımızın ümumi və bəşəri dəyərlərə yiyələnməsində İslamın roluna yüksək qiymət verdiyini göstərir.

Ümummilli Liderin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev də dini sahəyə, dindarlara daim diqqət və qayğı göstərir, həmçinin İslam dövlətləri ilə yaxın dost münasibətləri qurub.

Bu gün Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulur, bərpa olunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə" kompleksi və onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Dövlət başçısı müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir. Özü və ailə üzvləri müqəddəs Kəbəni ziyarət ediblər. Bütün bu işlər bir dövlət başçısının öz ölkəsinin dini çoxluğuna, özünün də mənsub olduğu dini icmaya qayğısının təzahürüdür.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda İslamın qorunması və inkişafı, eləcə də İslam həmrəyliyinin gücləndirilməsi və dünyadakı islamofob dairələrə qarşı mübarizə sahəsində 50-dən artıq İslam dövlətləri başçısı sırasında həmişə xüsusi fəallığı ilə seçilib, Azərbaycan dövlətinə qarşı siyasət yürüdən bəzi xarici dairələrdən, rəsmi və qeyri-rəsmi ünsürlərdən fərqli olaraq, əsl İslam təəssübkeşliyi nümayiş etdirib.

Bakıda mədəniyyətlərarası, dinlərarası dialoq üzrə bir sıra iri beynəlxalq tədbirlər keçirilib və keçirilməkdə davam edir. Paytaxtımızın 57 müsəlman ölkəsini birləşdirəcək IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək şəhər seçilməsi də təsadüfi deyil.

Beləliklə, Ulu Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində böyük işlər gördü. Bütün bu misilsiz işlərin nəticəsidir ki, bu gün Azərbaycan İslam dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir, müvafiq irimiqyaslı tədbirlər keçirir. Bu gün dünyaya multikulturalizm nümunəsi olan Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq da Heydər Əliyevin müdrik siyasətinin, dini sahədə də balanslaşdırılmış siyasət yürütməsinin nəticəsidir.

Elçin Mehdiyev
Trend

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.