Siyasət

İlham Əliyev: "Azərbaycan gələcək illər ərzində ixrac strategiyasını müəyyən etməlidir"

17 Aprel 2017 17:53
Baxış: 350

"Azərbaycan gələcək illər ərzində ixrac strategiyasını müəyyən etməlidir".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində yekun nitqində bildirib.

Kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı qarşıda duran məsələlərə toxunan dövlətimizin başçısı deyib:

"Hazırda 24 rayonda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına 1,1 milyard manat dəyərində sərmayə qoyulur. Bu aqroparkların yerləşdiyi ərazi, istifadə etdiyi torpaq sahəsi 142 min hektardır. Əminəm ki, bu aqroparkların fəaliyyətə başlaması nəticəsində biz daxili tələbatı 100 faiz ödəyəcəyik və çox böyük ixrac potensialımız yaranacaqdır. Yenə də qayıdıram əvvəlki sözlərimə, biz indidən planlaşdırmalıyıq ki, nəyi haraya ixrac edəcəyik. Çünki sahibkarın özü çətinlik çəkəcək. Dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi əlbəttə ki, Prezident Administrasiyasının rəhbərliyi ilə gələcək illər ərzində bizim ixrac strategiyamızı müəyyən etməlidir. Biz artan ixrac potensialımızı necə realizə edəcəyimizi indidən bilməliyik. Əlbəttə, elə ixrac məhsulları var ki, onlar üçün bazarlar axtarmaq lazım deyil. Onlardan biri də pambıqdır, birjalarda satılır. Ancaq meyvə-tərəvəz və digər məhsulların ixracı üçün biz indidən işləməliyik, planlar qurmalıyıq".

İlham Əliyev əlavə edib ki, ixrac potensialımıza böyük təkan verəcək növbəti layihələr suvarma ilə bağlıdır:

"Təkcə bu il 150 min hektar əlavə əkin sahəsi dövriyyəyə cəlb ediləcək. Orada müxtəlif çeşidli məhsullar yetişdiriləcək və bu da əlavə ixrac potensialımız deməkdir. Bu, böyük inkişafa təkan verəcək bir layihə olacaqdır. Əgər biz bu siyahıya tikilməkdə olan istixanaları əlavə etsək, görərik ki, istehsal edəcəyimiz məhsulların həcmi daha böyük olacaqdır. 130 investisiya təşviqi sənədi arasında 26 istixana var. Bu 26 istixanada minlərlə iş yeri yaradılır və bu istixanalara qoyulan sərmayə 342 milyon manatdır. Bütün bunlar ixracyönümlü məhsullardır.

Mən suvarma ilə bağlı görülmüş işləri qeyd etdim. Hazırda yeni kanallar çəkilir, mövcud kanallar təmizlənir. Biz növbəti ildə də 10 minlərlə hektar yeni suvarılacaq torpağı fermerlərə təhvil verəcəyik. Biz buna hazırıq və beləliklə, istifadə olunmayan, münbit olmayan torpaqları əkin dövriyyəsinə cəlb edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.