Siyasət

Prezident: "Biz yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi möhkəmləndirməliyik"

17 Aprel 2017 16:34
Baxış: 242

"Biz yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi möhkəmləndirməliyik".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində yekun nitqində bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Biz xarici bazarları da geniş təhlil etməliyik, araşdırmalıyıq. Çünki indi bazarlar uğrunda mübarizə gedir. Bizə elə gəlməməlidir ki, biz burada istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və ondan sonra bütün məsələlər öz həllini tapacaq. Yox, biz bazarlar uğrunda mübarizə aparmalıyıq və aparırıq. Bunun üçün, ilk növbədə, xarici bazarlar dəqiq təhlil edilməlidir, həm onların indiki vəziyyəti, həm də perspektivləri. Biz də bunu yaxşı bilirik ki, indi bir çox ölkələr daxili tələbatını daxili istehsal hesabına təmin etmək istəyirlər və təkcə biz bu işlə məşğul olmuruq. Ona görə, bizim üçün bilmək vacibdir ki, məsələn, ənənəvi bazarlarda hansı tendensiyalar gedir, hansı dövlət proqramları icra edilir və bu proqramların nəticəsində hansı məhsulun yetişdirilməsi, istehsalı gözlənilir və öz işimizi buna uyğun şəkildə planlaşdırmalıyıq. Bizim üçün indi ənənəvi bazarlar var və o bazarlara ənənəvi məhsulumuz ixrac edilir. Ancaq bir gün o bazarlarda, o ölkələrdə onlar daxili tələbatı təmin edəcəklər, bizim məhsulumuza ehtiyac olmaya bilər, onda biz nə edəcəyik? Ona görə, bax, burada çox ciddi analiz aparılmalıdır ki, mövcud vəziyyət və potensial vəziyyət nədən ibarətdir".

İlham Əliyev əlavə edib ki, bununla paralel olaraq biz yeni bazarlara çıxmalıyıq: "Elə fikirləşməməliyik ki, bizim burada ənənəvi qonşuluqda bazarlarımız var və nə istehsal ediriksə, onu da oraya göndəririk. Biz bu sahədə də çox dəqiq siyasət aparmalıyıq. İxracın şaxələndirilməsi məsələləri təkcə çeşidlərlə ölçülmür. Biz coğrafiyanın şaxələndirilməsinə və bütövlükdə yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi daha da möhkəmləndirməliyik. Bunun, əlbəttə ki, müxtəlif yolları var. İlk növbədə və ən başlıcası hesab edirəm ki, burada əsas məsələ yaxşı siyasi əlaqələrin mövcudluğudur".

Prezident deyib ki, Azərbaycanın demək olar ki, bütün ölkələrlə, o cümlədən, ilk növbədə, qonşu ölkələrlə çox yaxşı işgüzar dostluq münasibətləri var: "Bu, bu gün dünya miqyasında o qədər də tez-tez rast gəlinən mənzərə deyil. Daha çox qonşular arasında mübahisələr olur, problemlər yaranır. Ermənistan istisna olmaqla bizim heç bir qonşu ilə heç bir problemimiz yoxdur. Əksinə, son illər ərzində apardığımız siyasət nəticəsində dörd qonşu ölkə ilə bizim münasibətimiz sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Ona görə, bu imkanlardan sahibkarlar da istifadə etməlidirlər. Onlar üçün qonşu bazarlara və hər hansı bir bazara çıxış əldə etmək üçün heç bir siyasi əngəl yoxdur. Amma biz görürük ki, harada siyasi problemlər var, bu, sahibkarlara da dərhal təsir edir, müxtəlif bəhanələrlə məhdudedici tədbirlər görülür, ixrac üçün problemlər yaranır. Bizim sahibkarlar bundan azaddırlar. Bizim siyasətimizin sayəsində bu, yoxdur".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.