Siyasət

Hikmət Babaoğlu: "Yeni dramatik hərbi-siyasi mərhələ başlaya bilər, bu, çox qorxuludur"

7 Aprel 2017 13:09
Baxış: 2 641

Bundan sonra Yaxın Şərqdə baş verən hadisələr daha dramatik və dəhşətli forma ala bilər.

Bu barədə Milli.Az-a Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu ABŞ-ın Suriyaya Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə raket zərbələri endirməsinin gizli məqamlarını şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bir müddət əvvəl regionda yaranmış sakitliyin niyə yenidən pozulması böyük maraq doğurur: "Suriya hakimiyyətinin İdlib şəhərində kimyəvi silahdan istifadə etməsi tam təsdiqini tapmayıb, amma bəzi ciddi mənbələrdə belə faktların olduğu təsdiqlənir. Son günlərdə Suriyada hadisələrin yüksələn xətlə inkişaf etməsi isə onunla əlaqədardır ki, ABŞ-da prezident seçkilərindən sonra Yaxın Şərq probleminin həlli istiqamətində və Suriyadakı proseslərdə "pauza" əmələ gəldi. Hələ o zaman qeyd etmişdik ki, bu, fırtınaqabağı sakitlikdir".

Onun fikrincə, Suriyada, Yaxın Şərqdə baş verənlər "İŞİD" məsələsi də deyil, çünki "İŞİD", sadəcə, bəzi imperialist mərkəzlərin Yaxın Şərqdə öz siyasətini həyata keçirmək üçün bir vasitədir: "Artıq heç kimdə "İŞİD"i kimlərin yaratması ilə bağlı şübhə qalmayıb. Çünki ABŞ prezidenti Donald Tramp "İŞİD"i kimin yaratdığını açıq-aşkar bütün dünyaya elan etdi. Deməli, məsələ Qərb imperializminin Yaxın Şərqdə yenidən "demoqrafik mühəndislik" adlandırdığımız yeni sosial struktur formalaşdırmasından, yeni etno-siyasi coğrafiya yaratmasından ibarətdir. Burada gizli məqamlar var. Planlar Yaxın Şərqdə bir çox ölkələrin demoqrafik, eyni zamanda siyasi-inzibati və etno-siyasi sərhədlərinin yenidən çəkilməsindən ibarətdir. Ona görə də bu prosesdə "İŞİD" və digər terror təşkilatlarından maşa kimi istifadə edilir".

Politoloq hesab edir ki, əslində, ABŞ-ın Suriyaya yenidən həmləsi gözlənilən idi. Çünki ABŞ başladığı işi istədiyi kimi sona yetirə bilməmişdi: "Prezident seçkilərində yaranan fasilə de-fakto vəziyyətin yenidən təhlil edilməsi və növbəti addımların müəyyənləşdirilməsi mərhələsi idi. Bu planın baş tutmamasının əsas səbəblərindən biri isə regionda yeni tandemin yaranması, yəni 2011-ci ildə Suriyada münaqişə başlayanda aktiv olmayan beynəlxalq aktorların prosesə müdaxiləsi oldu. Bunlardan ən əsası Rusiya-Türkiyə tandemidir.

Əgər 2016-cı ilədək Türkiyə bu proseslərdə, sadəcə, NATO üzvü və müttəfiq ölkə kimi iştirak edirdisə, 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlindən Türkiyə ortaya yeni siyasi iradə qoydu. Eləcə də Rusiya 2014-cü ilədək proseslərdə passiv iştirak edirdisə, ondan sonra həddən artıq aktivləşdiyini gördük. Beləliklə, Yaxın Şərqdə əvvəlcədən planlaşdırılmamış aktorlar meydana çıxdı. Onlar Qərb imperializminin əvvəlcədən müəyyənləşdirdiyi planların bir hissəsini pozdular. Ona görə də ABŞ-da seçkilərlə bağlı yaranan fasilə bir növ yenidənqiymətləndirmə və Qərb imperializminin Rusiya-Türkiyə tandeminə qarşı hərbi strategiyasının müəyyənləşdirilməsi mərhələsi idi".

H.Babaoğlunun qənaətincə, buna paralel olaraq göstərilən müddətdə çox qorxulu və ciddi hərbi-siyasi proses də baş verdi: "Əgər ABŞ-ın Suriyanı bombalamasını münaqişənin yeni mərhələsi kimi səciyyələndirsək, prosesdə yaranmış fasilədə terror təşkilatlarına daha ciddi - ağır silah və hərbi texnikalar göndərildi. Bu, daha dəhşətli mərhələnin başlanmasına işarədir. Qərb imperializminin planı regionda müstəqil iradə nümayiş etdirən aktorlara, xüsusən Türkiyəyə qarşı "İŞİD" də daxil olmaqla 60 minlik və ən müasir silahlarla təchiz edilmiş ordu yaratmaqdan ibarətdir. Buna artıq terror təşkilatı kimi yox, terrorçu ordu kimi baxmaq lazımdır. Çünki onların əllərində terrorçuların istifadə etdiyi adi silahlar deyil, ən güclü ölkələrin hərbi arsenalında olan ən ağır silahlar olacaq. Bu, çox qorxuludur. Fikrimcə, bu məsələ Rusiya və Türkiyənin də diqqətindən yayınmır və onlar da qabaqlayıcı tədbirlər görürlər və görməlidirlər. Bundan sonrakı mərhələdə biz hələ bir müddət də hadisələrin daha dramatik formada inkişafının şahidi olacağıq".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.