Siyasət

"Rusiyada bəzi qüvvələr azərbaycanlıların güclənməsini istəmir" - İlqar Hacıyev

6 Aprel 2017 21:05
Baxış: 1 996

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) İcraçı direktoru İlqar Hacıyevin Milli.Az-ın əməkdaşı İlkin İzzətə müsahibəsi:

- Rusiyanın Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsinə dair iddia ilə çıxış etməsi Rusiyadakı Azərbaycan diasporu, eləcə də Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Belə bir iddianın ortata çıxmasına hansısa hüquqi əsas varmı?

- Ümumrusiya Azərbaycan Konqresini ləğv etməyə, onu bağlamağa və ya fəaliyyətinə qadağa qoymağa heç bir hüquqi əsas yoxdur. Amma sadəcə prosedur olaraq Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə belə bir müraciət edilib.

- Sizcə bu bir anlaşılmazlıqdır, yoxsa ÜAK-ın ləğvi iddiasının arxasında görünməyən başqa məqamlar gizlənir?

- Xeyr, bu heç də anlaşılmazlıq deyil. Ümumilikdə ÜAK-ın Rusiya cəmiyyətində, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin inkişafında rolu çox böyükdür və onun varlığı vacibdir. ÜAK artıq 15 ildən də çoxdur ki, keçdiyi yolda həmişə Rusiya dövlətinə dəstək olub, Rusiyanın maraqlarının qorunmasında, dövlət proqramlarının icrasında yaxından iştirak edib. ÜAK həmçinin Ümumruisya Xalq Cəbhəsinin, eləcə də hakim "Vahid Rusiya" partiyasının tədbirlərinə yaxından dəstək verib.

- Bəs onda bu məsələ birdən-birə hardan ortaya çıxdı? Səbəb nədir?

- Bizim fikrimizcə, bunun bir neçə səbəbi var. İlk növbədə odur ki, bizim burada mövcudluğumuz, böyük nüfuza sahib olmağımız bəzilərinə xoş gəlmir. ÜAK-ın mövcudluğu, Azərbaycan diasporunun güclənməsi kimlərdəsə ciddi narahatçılıq doğurur. Bu isə ilk növbədə ermənilərdir.
 

- Deyirsiniz, bu məsələnin arxasında ermənilər durur?

- Hər şey ola bilər. Biz hələ ki, dəqiq heç nə deyə bilmərik, çünki konkret hansısa şəxsin adından ərizə yoxdur. Ona görə də bilmədiyimiz şey haqqında danışmağımız düz olmaz. Sadəcə biz bunun niyə belə olduğunu araşdırırıq.Ən azından gərək hüquqi baxımdan elə böyük bir qanun pozuntusu olsun ki, ÜAK-ın fəaliyyətinə qadağa qoyulsun. Buna əsas ola biləcək belə bir ciddi qanun pozuntusu isə yoxdur və olmayıb. Bilirsiz ki, ÜAK ictimai təşkilatdır. Burada bizə iclaslar, protokollar və s. ilə bağlı müxtəlif iradlar ola bilər. Amma bu bütün təşkilatlarda adi haldır. Tutaq ki, ola bilər ki, regionlarda hansısa iclas olub, onlar ÜAK-ın Moskvada keçirilən sonuncu, IV Qurultayına öz nümayəndəsini göndəriblər, ola bilər ki, nazirlik də ora sorğu göndərib və məlum olub ki, iclas düz keçməyib. Əvvəla, regionda hansısa iclasın düz keçməməsini ümumilikdə ÜAK-a şamil etmək olmaz. İkincisi, bu əsas vermir ki, qurultayı qanuni hesab etməsinlər. Tutaq ki, 70-dən artıq regiondan 2-3-nün protokolunda nöqsan olubsa da, əslində heç buna da inanmırıq, bunu bütün Konqresə şamil etmək olmaz axı...
 

- Belə aydın olur ki, bütün bu məsələlər sonuncu qurultaydan sonra ortaya çıxıb...

- Bəli, proses məhz bu qurultaydan sonra başlayıb. Hesab edirəm ki, Rusiya Ədliyyə Nazirliyinin ortaya qoyduğu bütün sualların hamısına bizdə tutarlı cavablar var və ümidvarıq ki, bu sorğular ciddi problemə çevrilməyəcək. Biz artıq əvvəlcədən etirazlarımızı Ali Məhkəməyə təqdim etmişik və orada verilən sualların da cavablarını ətraflı qeyd etmişik. Ona görə də inanırıq ki, məhkəmədə qalib gələn tərəf də biz olacağıq.

Qeyd: Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Rusiya Ədliyyə Nazirliyindən bildiriblər ki, ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub.

Nazirlik bəyan edir ki, onlar tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. Ədliyyə Nazirliyi də "İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Lakin təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi bu ilin martın 3-də Ali Məhkəməyə təşkilatın ləğvinə dair inzibati iddia ilə müraciət edib.

Rusiya Ali Məhkəməsinin qərarına əsasən, müvafiq məhkəmə işinə aprelin 11-də baxılacaq.

Xatırladaq ki, 2016-cı il dekabrın 28-də Moskvada Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı keçirilib. Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçinin qatıldığı qurultayda təşkilatın rəhbər orqanlarına seçkilər olub. Tədbirdə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri də iştirak edib. 

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.