Siyasət

"Rusiyada yenə də terror aktları törədilə bilər"

4 Aprel 2017 12:35
2 Şərh     Baxış: 2 452

Sankt-Peterburq metrosunda baş verən partlayışın daha çox terror aktı olduğunu ehtimal etmək olar. Bundan sonra Rusiyada yenə də bu cür terror aktları törədilə bilər.

Bunu Milli.Az-a açıqlamasında Sankt-Peterburq metrosunda baş verən partlayışla bağlı məsələləri şərh edən sabiq xüsusi xidmət orqanı əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, belə hadisələr olanda ehtimallar 3 versiya üzərində qurulur: "Bunlar məişət, kriminal və terror versiyalarıdır. Baş vermiş hadisənin xarakterini və partlayışın gücünü nəzərə alsaq, deyə bilərik ki, Rusiya hüquq-mühafizə orqanları əsas diqqəti terror versiyasına yönəltməkdə düzgün ediblər. Bunu Sankt-Peterdurq metrosunda partlayış üçün istifadə olunan partlayıcının gücü də sübut edir. Çünki bu qədər trotildən yalnız terror aktları üçün istifadə edilir. Ona görə də bu hadisə nə kriminal, nə də məişət araşdırmalarına, haqq-hesab cürütmələrinə oxşayır".   

A.Nağıyev terror aktının niyə məhz Sankt-Peterburqda törədilməsinə də toxunub: "Məlumdur ki, Ümumrusiya Xalq Cəbhəsinin orada böyük media forum keçirdi. Bu tədbirdə həm çoxsaylı jurnalistlər, həm də prezident Vladimir Putin iştirak edirdi. Bundan başqa Sankt-Peterburq prezident Putinin doğma şəhəridir. Bunları nəzərə alaraq, demək olar ki, bu, əvvəlcədən planlaşdırılmış terror hadisəsi idi. Sadəcə, maşinistin çox ağıllı hərəkət edərək qatarı tuneldən platformaya sürməsi nəticəsində terror qurbanlarının sayı çox olmadı. Lakin yenə də bu qədər insanın ölümü və yaralanması təəssüf hissi doğurur".

Teraktın konkret kimlər tərəfindən törədilməsinə gəlincə, ekspert burada, əsasən, 3 variantın üzərində dayanır: "Adətən "canlı bomba"lardan "İŞİD" terror qruplaşması istifadə edir. Belə terrorçular həm özünü partladır, həm də ətrafdakı insanları öldürür. Amma bu hadisədə məhz "canlı bomba"dan istifadə olunmasına dair ortada, hələ ki, dəqiqləşmədirilmiş məlumat yoxdur. Nəzərə alsaq ki, Sankt-Peterburqda Osta Asiyadan gələn, əsasən, tacik, özbək, qırğız və "İŞİD"ə beyət etmiş "Hizbut-təhrir" qruplaşmalarının ardıcılları məskunlaşıb. Rusiyanın müsəlman inanclı 11 subyektində keçirilən axtarışlar zamanı da daha çox məhz Orta Asiya mənşəli terror təşkilatlarının izinə rast gəlinir. Məncə, burada da əsas şübhə onların üzərinə düşəcək və hadisəni törədən də məhz onlardan biri olacaq. Təbii ki, hadisəni törədən şəxs "İŞİD"ə beyət edən qruplaşmanın üzvüdür. 

Bundan başqa, "İmarət Qafqaz" qruplaşmasını da nəzərdən qaçırmaq olmaz. Fikrimcə, dünən və srağagün Şimali Qafqazda keçirilən antiterror əməliyyatları Sankt-Peterbuqrdakı terrora səbəb olan məsələlərdən biri ola bilər. Yəni burada hadisənin 3 qruplaşma tərəfindən törədildiyini ehtimal etmək olar. Bunlardan biri "İŞİD", ikincisi, Orta Asiya qruplaşmaları, üçüncüsü isə Şimali Qafqaz qruplaşması ola bilər. Hərçənd, burada hadisənin birbaşa "İŞİD" tərəfindən törədilməsi ehtimalı azdır. Çünki bu, onların dəst-xəttinə bənzəsə də, bəzi fərqli var. Ona görə partlayışın "İŞİD"ə beyət edən hansısa qrup tərəfindən törədilməsi daha inandırıcıdır".

Ekspertin fikrincə, Rusiyada bu cür terror aktlarının törədilməsi bundan sonra da davam edə bilər: "Buna Rusiyanın Suriyada apardığı əməliyyatlar, dünyada və regionda öz mövqeyini bərpa etmək istiqamətində atdığı addımlar, həmçinin Donbasda gedən müharibədə və bir sıra münaqişə ocaqlarında müxtəlif formalarda iştirakı səbəb ola bilər. Rusiyanın hüquq-mühafizə orqanlarının yüksək səviyyədə işlədiyini demələlərinə baxmayaraq, onlar da müəyyən səhvlər buraxıblar. Təbii ki, heç bir dövlət hansısa terror aktından sığortalanmayıb. Rusiyanın son zamanlar yürütdüyü siyasət buna misal kimi göstərilə bilər".

Qeyd edək ki, aprelin 3-də Rusiyanın Sankt-Peterburq şəhərində metroda partlayış baş verib. Hadisə nəticəsində 14 nəfər ölüb, 72 nəfər yaralanıb. Yaralananlardan 15-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə qurbanları sırasında milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşları da var. Belə ki, partlayış nəticəsində Dilbarə Əliyeva adlı azərbaycanlı xanım ölüb, Zaur Əliyev adlı kişi isə yaralanıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.