Siyasət

İlham Əliyev: "Azərbaycanda pambıqçılığı demək olar ki, bərpa etmişik və bundan sonra ancaq inkişaf yolu ilə gedəcəyik

28 Mart 2017 23:58
Baxış: 1 293

Azərbaycanda pambıqçılığı demək olar ki, bərpa etmişik və gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlətimizin başçısı bu il 22 rayonda pambıq əkiləcəyini bildirib: "Mənə verilən son məlumata görə, əkin sahələri 136 min hektar olacaq. Rayonlar üzrə hektarların həcmi aşağıdakı kimidir. Mən istəyirəm bu rəqəmləri səsləndirim. Həm bunu ictimaiyyət, həm də zəhmətkeşlər bilsinlər ki, burada işləmək üçün çox böyük imkanlar yaranıb.

Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvarda 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucarda 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkiləcək. Bu, yaxşı göstəricidir, keçən illə müqayisədə təxminən 3 dəfə çoxdur. Biz əlbəttə, çalışmalıyıq ki, növbəti illər üçün əkin sahələrini genişləndirək".

İlham Əliyev əlavə edib ki, orta məhsuldarlıq 20 sentner ətrafında gözlənilir: "Əlbəttə ki, çox da ola bilər, az da. Misal üçün keçən il 17 sentner olub. Ancaq keçən il, əlbəttə ki, biz bir qədər vaxt itirdik. Eyni zamanda, hava şəraiti imkan vermədi. Burada qeyd olundu ki, hətta yanvar ayında pambıq yığılırdı. Ancaq kütləvi surətdə yığım dekabr ayına qədər davam edirdi. Bu il əlbəttə ki, bütün işlər vaxtında görülməlidir. Bütün hazırlıq işləri vaxtında və əsaslı görülüb. Səpinə artıq bu gün start verildi və yığım da əlbəttə ki, vaxtında aparılmalıdır. Əgər biz hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir. Əgər biz 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir. Qısa müddət ərzində görülən işlər, bax, bu gözəl nəticəyə gətirib çıxarıb. Bu, onu göstərir ki, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda hər şeyi etmək mümkündür. Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik".

Prezident deyib ki, bütün tarlalarda zəhmətkeşlər üçün yaxşı şərait yaradılmalıdır: "Əkin sahələri artdıqca, əlbəttə, bütün lazımi infrastruktur, tədbirlər, tarla düşərgələri, hər şey yüksək səviyyədə təşkil edilməlidir ki, zəhmətkeşlər razı qalsınlar. Biz itkiləri həm tarlalarda, həm də ki, yollarda minimuma endirməliyik. Pambıq sahələrinə gedən yollar əsaslı təmir edilir. Ümumiyyətlə, ölkəmizdə kənd yollarının təmiri və tikintisi, yeni yolların salınması geniş vüsət alıb. Biz son illər ərzində bir çox layihələr həyata keçirmişik. Təkcə bu il 40-dan çox layihə icra edilir və bu layihələr yüzlərlə kəndi birləşdirən layihələrdir. Mən artıq giriş sözümdə qeyd etdim, Saatlı rayonunda bir kənd yolu layihəsi qalıb, o da icra olunandan sonra bir dənə də asfaltsız, təmirsiz kənd yolu qalmayacaq. Bütün rayonlarda da bu proqram icra edilir. Bu il və gələn il buna böyük vəsait ayrılıb və ayrılacaq. Burada biz kəndləri birləşdiririk. Bu, vətəndaşlar üçün böyük rahatlıq deməkdir. Eyni zamanda, biz əsas əkin sahələrinə də yollar çəkirik ki, itkilər az olsun, yanacaq sərfiyyatı aşağı düşsün, fermerlər öz məhsullarını bazarlara, ya da emal müəssisələrinə daha qısa müddət ərzində çatdıra bilsinlər".

Dövlət başçısı vurğulayıb ki, qəbul məntəqələrində və pambıqtəmizləmə zavodlarında fasiləsiz elektrik enerjisi təmin edilməlidir: "Eyni zamanda, nasos stansiyalarına da fasiləsiz enerji verilməlidir. Bu gün Saatlıda açılışında iştirak etdiyim yeni yarımstansiyanın timsalında biz yeniləşən enerji təsərrüfatını görürük. Bütün bölgələrdə yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, dirəklər dəyişdirilir. Bir sözlə, fasiləsiz elektrik enerjisi həm əhaliyə, eyni zamanda, iqtisadiyyata lazımdır. Xüsusilə pambıqçılıq sahəsi üçün fasiləsiz elektrik enerjisi mühüm əhəmiyyət daşıyır. Keçən il bu işlər yaxşı səviyyədə görülüb, bu il də ən yüksək səviyyədə təmin edilməlidir".

İlham Əliyev bildirib ki, əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq. Keçən il bu rəqəm 64 min idi. Yəni, burada da iş üçün 3 dəfədən çox imkanlar yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. İşləmək istəyən vətəndaşlar özləri üçün iş tapa biləcəklər:

"Mən artıq qeyd etdim ki, keçən il pambığın qiyməti 9 qəpik artırıldı, 10 qəpik də subsidiya verilir. Bu, bir daha göstərir ki, dövlət bu sahəyə çox böyük əhəmiyyət verir. Eyni zamanda, onu göstərir ki, dövlət, ümumiyyətlə, fermerlərə öz dəstəyini əsirgəmir. Hesab edirəm ki, fermerlərimiz üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Bizim fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Həm investisiya, həm ixrac üçün təşviq mexanizmi artıq işə salınıb. Bu da fermerlərə əlavə stimul verir, onlar üçün əlavə imkanlar yaradır. İndi demək olar ki, bütün əsas kənd təsərrüfatı sahələri, o cümlədən pambıqçılıq üçün subsidiyalar verilir".

Prezident güzəştli şərtlərlə gübrələr verildiyini qeyd edib: "Fermerlər gübrənin qiymətinin cəmi 30 faizini ödəyirlər. Güzəştli şərtlərlə yanacaq və kreditlər verilir. Mən artıq qeyd etdim ki, iqtisadiyyatın real sektoruna 2 milyard manat ən aşağı faizlə kreditlər ayrılıbdır. Bu, əsasən bölgələrə gedən vəsaitdir. Metodik tövsiyələr verilir, kənd yolları, magistral yollar salınır. Yəni, bütün bu infrastruktur layihələri, bütün bunlar dövlət tərəfindən göstərilən dəstək və böyük maliyyə dəstəyidir. Bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar, fermerlər, işləyən vətəndaşlar daha çox pul qazansınlar və onların yaşayış səviyyəsi artsın. Bu il ancaq pambıq becərən 22 rayonda 200 min yeni iş yeri açılıb və növbəti illərdə bu rəqəm daha da artacaq. Odur ki, bütün aidiyyəti qurumlar, ümumiyyətlə, bizim gələcəkdə əmək resurslarımızla bağlı olan siyasəti həm təhlil etməli, eyni zamanda, təkliflər verməlidirlər.

Mən artıq qeyd etdim ki, uğurlu iqtisadi siyasət, sabitlik, əmin-amanlıq nəticəsində Azərbaycanda əhali artır və artacaq. Biz gərək əmək resurslarımızdan səmərəli istifadə edək. Həm yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər görülür və eyni zamanda, yaradılacaq proqnozlaşdırılan iş yerləri ilə bağlı biz əmək resurslarını səfərbər etməliyik ki, burada həm boşluq, həm əmək resurslarının çatışmazlığı yaranmasın, eyni zamanda, işsizlik də artmasın. Ona görə burada çox düşünülmüş siyasət aparılmalıdır və xüsusilə pambıqçılıqda sürətlə artan iş yerlərinin nəzərə alınması mütləq gündəlikdə olmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.