Siyasət

Avropa öz dəyərlərini tapdaladı

19 Mart 2017 23:25
2 Şərh     Baxış: 676

Bundan sonra qədim qitənin heç bir təsisatının və ya dövlətinin başqalarına demokratiya dərsi keçməyə mənəvi haqqı yoxdur

Son günlər Türkiyə və Hollandiya arasında yaşanan gərginlikciddi müzakirə mövzusu olub. Türkiyə tərəfi XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə verilən uçuş icazəsinin ləğvinə qarşı sərt etirazlarını bildirməkdədirlər. Çavuşoğlunun Türkiyə Konstitusiyasına düzəlişlərə dəstək tədbirlərində iştirak etmək üçün Rotterdama getməsinin qarşısının alınmasını ciddi qanun pozuntusu hesab edirlər və dediklərində kifayət qədər haqlıdırlar. Belə ki, hər zaman demokratik dəyərlərdən, insan haqlarından, sərbəst toplaşma azadlığından danışan Avropanın bir ölkəsi digər ölkənin nazirinin öz vətəndaşları ilə görüşünə imkan verməyib. Bu fonda əslində, hamıya məlum olan həqiqətlər bir daha ortaya çıxır və yaşanan gərginlik Avropa demokratiyasının həqiqi üzünü növbəti dəfə nümayiş etdirir. Faktdır ki, son olaylar avropalıların müxtəlif ölkələrə təzyiq göstərmək istədikləri zaman əldə bayraq etdikləri demokratik dəyərlərlə daban-dabana ziddiyyət təşkil edir. Onların bu cür əməl törətməkdən çəkinmələləri, aşkar şəkildə insan haqlarını tapdamaları təsdiq edir ki, bu kimi məsələlər avropalılar üçün sadəcə, bir mövzudur. Bu mövzunu isə hər zaman öz məqsədləri üçün istifadə edirlər. Necə deyərlər, hüquqlar sadəcə, öz işlərinə gələndə mühüm əhəmiyyət kəsb edir, başqa vaxt heç yada düşmür.

Milli.Az kaspi.az-a istinadən bildirir ki,analoji hal az müddət əvvəl Almaniyada yaşanıb. Belə ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın seçicilərlə görüşünə razılıq verilmiş, hətta yer ayrılmışdı. Amma sonradan bu görüş gülünc bəhanələrlə əngəlləndi. Bu haqda danışan B.Bozdağ bildirib ki, hər dəfə insan hüquqları, demokratiya, qanunun aliliyi, ifadə azadlığından danışan və özlərindən başqa hər kəsi buna əməl etməməkdə ittiham edən, bunu tənqid edən Almaniya hakimiyyət orqanları türk cəmiyyətinin bir yığıncaq keçirməsinə tab gətirə bilmədi və bu, qəbuledilməzdir: "Orada Almaniya ədliyyə nazirinin istəyi ilə görüş keçirəcəkdik. Yerini, zamanını danışmışdıq. Ancaq Qagennaudakı yığıncaq ləğv edilincə mən də ədliyyə naziri ilə görüşü ləğv etdim".

Göründüyü kimi, eyni ssenari Hollandiyada təkrarlandı. Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, Türkiyəyə qarşı tapşırıq eyni mərkəzdən gəlib və o qədər güclü olub ki, bir zamanlar AŞPA sədri olmuş, hazırda nazir olan birinin öz ölkəsinin vətəndaşları ilə görüşməsinə imkan tanınmayıb. Hansı ki, Avropa Şurası Avropanın ən mötəbər təşkilatlarından biridir, insan haqları ilə bağlı isə bəlkə də ən mötəbər təşkilatıdır.

Bir zamanlar Azərbaycanda sərbəst toplaşmaq haqda qanun müzakirə ediləndə həmin bu avropalılar istəyirdilər ki, ölkəmizdə yaşayan xarici ölkə vətəndaşlarının sərbəst toplaşması, küçə yürüşləri keçirməsi və s qanunvericiliyə daxil edilsin. Elə Türkiyə ilə Hollandiya arasında yaşanan gərginlikdə də ən diqqət çəkən məqam budur - avropalılar başqalarından israrla tələb etdikləri prinsiplərə yeri gələndə özləri əməl etmirlər. Baş verənlər onların demokratik dəyərləri öz maraqlarına uyğun gəlmədikdə ayaqlar altına atmalarının növbəti sübutudur.

Açıq-aşkar hiss olunur ki, bu gün Avropada ciddi bir türkfobiya küləyi əsməkdədir. Necə olur ki, bir neçə il əvvəl müttəfiq bildikləri Türkiyəni bu gün arzuolunmaz dövlət hesab edirlər? Necə olur ki, Danimarka NATO-da müttəfiq olduqları bir dövlətin xarici işlər nazirinin təyyarəsinə ölkəsinə eniş icazəsi vermir? Necə olur ki, türkiyəli bir xanım nazirin ölkəsinin konsulluğuna gedişinə imkan verilmir. 1 gün sonra Fransa öz ərazisində həmin Mövlud Çavuşoğlunun ölkəsinin vətəndaşı olan türklərlə görüşünə icazə verirsə, deməli, burada Almaniya, Niderland hökumətlərinin təqdim etməyə çalışdığı kimi təhlükəli bir şey yoxdur. Sadəcə, Niderland Krallığı, Almaniya hökumətləri daha çox asılıdırlar. Onlar kənar idarəedicilərin təhriki ilə bəzən antidemoktarik addımlar da ata bilirlər. Məsələ bu qədər bəsit və aydındır!

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd etdiyi kimi, bəzi Avropa təsisatları və xüsusilə, Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Hollandiya hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda "mentorluq" etməkdə və başqalarına irad tutmaqda "adətkarlıq" nümayiş etdirir. H.Hacıyev qeyd edib ki, insan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda, Hollandiya hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, orada yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır: "Bu, Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu kimi davranış eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır. Bütün bunlar hal-hazırda Avropada yayılmaqda olan İslamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərinin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir".

Bir sözlə, ikili standartlar avropalılar üçün adi hala çevrilib. Aİ və onun qurumları daima insan hüquq və azadlıqlarından danışsa da, bu hüquqları pozanlar elə onların özləridir. Ola bilsin ki, bu hadisədən sonra bir sıra Avropa dövlətlərinin, təsisatlarının dili nisbətən qısalacaq və başqa dövlətlərə dərs keçmək istədikdə yenə də insan haqları, demokratiya, plüralizm kimi mövzulardan istifadə etməyəcəklər. Artıq onların buna mənəvi haqları çatmır. Onsuz da, indiyə qədər avropalıların iddiaları ciddi qəbul olunmurdu və hər kəs onların öz maraqlarından çıxış etdiklərini bilirdi. Almaniya və Hollandiya "konsertlərindən" sonra isə bu cür mövqe sərgiləmələri avropalıları daha gülünc duruma salacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    cabir · 20 Mart 09:2300

    Tüpürüm avropanın dəyərlərinə! Özlərinə fayda verəndə demokratiyadan danışırlar, amma özlərinə sərf etməyəndə həmin dəyərləri ayaq altına alırlar.Avropada nə dəyər ola bilər ?Bir yerdə ki kişi kişi ilə evlənir və buna müsbət hal , sevgi azadlığı kimi baxırlar , o yerdə nə dəyər ola bilər?

    Cavab yaz
  • Anonim
    Sosyal Müselman · 21 Mart 13:5900

    avropa dedikde ağlıma ilk növbede gelen bunlar olur. pristutizim,narkamanya,kişilerin bir-biriyle evlenmesi,qadınların ite,körpüye ere getmeyi. Başkaları bu hakda ne fikirleşir bilmirem. Mence ne mentaritetimiz,nede pisxologiyamız uyğun gelir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.