Siyasət

Kolumbiya senatı Xocalı soyqırımı ilə bağlı qərarnamə qəbul etdi - FOTO

18 Mart 2017 10:24
0 Şərh     Baxış: 636

Kolumbiya Respublikasının senatı tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə qəbul edilib.

Səfirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Kolumbiya senatının vitse-prezidenti, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidenti, eləcə də senatorların imzaladığı bu qərarnamə senat tərəfindən Azərbaycan Respublikasının Kolumbiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Ramil Fərzəliyevə təqdim edilib.

Sənəddə bildirilir ki, senat üzvləri Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bu faciəvi günün yüzlərlə qurbanlarının xatirəsini anaraq Azərbaycan xalqı ilə həmrəyliyini bildirir.

Qərarnamədə 25 il əvvəl, 1992-ci ilin 26 fevralında Ermənistan Respublikasının qoşunları və Dağlıq Qarabağdakı separatçılar tərəfindən yüzlərlə azərbaycanlı qadınların, uşaqların və yaşlıların məhv edilməsi ilə bağlı şiddətli faktların dünya tarixinin heç bir fəslində bir daha yer tutmamasının vacibliyi qeyd olunur.

Kolumbiya xalqının da mənasız müharibədən uzun illər əziyyət çəkdiyi qeyd olunaraq, Azərbaycan və Ermənistan xalqlarının da münaqişəni sülh razılaşması ilə həll etmələrinə dair Kolumbiyanın arzusu ifadə edilir.

Qərarnamədə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirərək Ermənistan qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərindən çəkilməsi ilə bağlı Ermənistana çağırış edilir.

Azərbaycan xalqının daim beynəlxalq instansiyalara müraciət edərək insan haqları, beynəlxalq humanitar haqlar və ərazi bütövlüyü hüququnun qorunması zəmanəti ilə sülhə nail olmaq üçün Ermənistan xalqı ilə danışıqların aparılması üçün göstərdiyi səylərinin alqışlandığı qərarnamədə bildirilir.

Bu qərarnamə ilə Azərbaycan xalqına Kolumbiya senatının dəstəyinin ifadə edildiyi göstərilir.
Ramil Fərzəliyev öz növbəsində ədalətin yanında bir daha durduğuna, Xocalı soyqırımı qurbanlarının xatirəsinə göstərdiyi ehtirama və münaqişədən əzab çəkən Azərbaycan xalqına göstərilən dəstəyə görə Azərbaycan xalqı və hökuməti adından Kolumbiya senatına təşəkkür edib.

Qeyd etmək lazımdır ki, Kolumbiya senatında 2012-ci ildə də "Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi" barədə qərar qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.