Siyasət

Azərbaycan və dünya üçün yeni imkan

17 Mart 2017 16:54
Baxış: 977

Azərbaycan paytaxtında V Qlobal Bakı Forumu keçirilir. Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçılarının, eləcə də bir sıra ölkələrin Baş nazir və müavinləri, parlament rəhbərlərinin iştirak etdiyi forum "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunub.

Ümumilikdə burada 50 ölkədən 260-dan çox ictimai-siyasi xadim, elm adamları və ekspertlərin iştirakı ilə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılır.

Forumun əhəmiyyətini Milli.Az-a şərh edən Milli Məclisin üzvü Hikmət Babaoğlu qeyd edib ki, forum dünyada ən mühüm fikir mübadiləsi platformalarından biridir:

"Hər dəfə bu forumun gündəliyindəki mövzulara diqqət yetirsək, dünyada beynəlxalq münasibətlər sistemində baş verən ən aktual məsələlər müzakirə olunur. Budəfəki forum isə "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunub. Prezident İlham Əliyev forumun fəaliyyətini səciyyələndirərkən qeyd etdi ki, forumda müzakirə olunan məsələlər daha çox növbəti mərhələdə beynəlxalq münasibətlərə təsir gücü ilə müəyyənləşdirilir və qiymətləndirilir. Fikrimcə, Bakı Qlobal Forumunun ən səciyyəvi xüsusiyyətlərindən biri məhz budur.

Beynəlxalq münasibətlər ayrı-ayrı dövlət və hökumət başçılarının siyasi fəaliyyəti və qəbul etdiyi qərarları nəticəsində yeni keyfiyyət və impuls əldə edir. Bu baxımdan Bakı Qlobal Forumu istər regionda, istərsə də dünyada qəbul olunmuş ən mühüm əməkdaşlıq və fikir mübadiləsi platformalarından biridir".

Millət vəkilinin fikrincə, bu forum həm də Azərbycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir vasitədir: "Dövlət başçısı ölkəmizin regionda oynadığı rolla bağlı məsələləri önə çəkərkən Azərbaycanın yerini və rolunu sabitləşdirici kimi qiymətləndirdi. Prezident qeyd etdi ki, dövlətimizin həyata keçirdiyi layihələr, onun fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, cənab prezident Qarabağ həqiqətlərini də bir daha dilə gətirdi. Dövlət başçısı qeyd etdi ki, nəticə verməyən siyasət populizmdir. Aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində substantiv mərhələnin başlandığını qeyd edən həmsədrlərin ötən bir il ərzində real addım atmamaları da prezidentin bu fikri ilə qiymətləndirilmiş oldu. Bununla bir növ ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəsiz olduğu bir daha iştirakçıların diqqətinə çatdırıldı. Prezident İlham Əliyev dünyadakı tendensiyalardan danışarkən qeyd etdi ki, hazırki miqrasiya və miqrant problemi ayrı-ayrı dövlətlərin Şərq dövlətləri ilə bağlı siyasətinin düzgün müəyyənləşdirilməməsinin nəticəsidir. Bu da hazırki şərtlərdə dünyada olan problemlərin obyektiv təhlil olunması üçün çox gözəl bir fikir idi. Bu Forum Azərbaycan həqiqətlərinin iştirakçıların diqqətinə bir daha çatdırılması ilə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində atılan addımlardan biri kimi də qəbul olunmalıdır".

Beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə isə Milli.Az-a bildirib ki, Qlobal Bakı Forumu artıq bütün dünyada tanınmış formata çevrilib:

"Bu formatda tədbirlərin keçirilməsi ilk növbədə dünyada gedən proseslərin dialoq formasında araşdırmaq, təhlil etmək imkanları verir. Belə ki, bu tədbirlərdə nüfuzlu siyasətçilər, elm adamları, ictimai xadimlər iştirak edirlər. Onlar müxtəlif ölkələri, regionları, konfessiyaları, mədəniyyətləri təmsil edirlər. Beləliklə bu format millətlərarası, konfessiayalararası dialoqu təmin edir və konkret təkliflər, tövsiyə və təşəbbüslər ərsəyə gətirir. Bu isə indiki zamanda çox vacibdir. Çünki bu insanlar öz ölkələrində kifayət qədər böyük nüfuza və təsir qüvvəsinə malik şəxslərdir. Bu forum imkan verir ki, buradakı müzakirələr nüfuzlu dairələrin diqqətinə çatdırılsın və onlarda müəyyən konstruktiv fikirlər formalaşdırsın. Bilirik ki, dünyada müxtəlif mürəkkəb, o cümlədən də xoşagəlməyən proseslər gedir. Məsələn, islamafobiya, terrorizm, ekoloji məsələlər və s. ilə bağlı. Amma yanaşmalar çox fərqli olduğuna görə, bunlarla kifayət qədər səmərəli mübarizə aparmaq olmur. Bu forum isə həmin yanaşmaları nisbətən yaxınlaşdırmağa və problemlərin həlli ilə bağlı kifayət qədər konkret təklif və tövsiyələr ortaya çıxarmağa imkan verir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.