Siyasət

"İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək"

15 Mart 2017 17:53
Baxış: 489

Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Azərbaycan-Fransa əlaqələrinin inkişafı və bu əlaqələrin şaxələndirilməsi ölkəmizin öz inkişaf hədəflərinə daha sürətli çatmasına təkan verəcək: "Son illər ərzində Azərbaycan-Fransa münasibətləri xeyli inkişaf edib. Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Fransız Liseyinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, Azərbaycan-Fransa İqtisadi Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət töhfə verib. Ölkələrimiz arasında parlamentlərarası əlaqələr də yüksək işgüzarlığı ilə seçilir. Azərbaycanla Fransa müxtəlif sahələrdə - ticarət, investisiya qoyuluşu, eləcə də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və s. layihələrdə uğurla əməkdaşlıq edir. Hazırda Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir, onların Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın məbləği 2 mlrd. dolları keçib. Azərbaycan Prezidentinin Fransaya səfəri Fransanın müxtəlif iqtisadi sektorlarında çalışan şirkətlərin diqqətini çəkib. Ölkə Prezidentinin həm Fransa Şirkətlər Hərəkatının biznes şurasında, həm də ayrı-ayrılıqda müxtəlif şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər Azərbaycanın qeyri-neft sektoruna Fransa şirkətlərinin marağını göstərdi".

Millət vəkili bildirib ki, Azərbaycanda dərin iqtisadi islahatlar aparılır, iqtisadiyyatın şaxələndirilməsi yönümündə müxtəlif tədbirlər həyata keçirilir: "Təbii olaraq inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək, onların müasir texnologiyalarını mənimsəmək və birgə fəaliyyət göstərmək Azərbaycan iqtisadiyyatının müasirləşməsinə ciddi təkan verəcək. Digər tərəfdən Azərbaycan ilə Avropa Birliyi arasında strateji münasibətlərin formalaşdırılması istiqamətində ciddi işlər aparılır və Fransa da Avropa Birliyinin aparıcı ölkələrindən biridir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.