Siyasət

Deputat: "Avropa əxlaqsızlığını göstərdi"

13 Mart 2017 12:38
Baxış: 1 520

Kim Avropanın Türkiyəyə münasibətinin tarixindən xəbərsizdirsə, son günlər baş verən hadisələr onlara təəccüblü görünür. Amma Osmanlı imperiyası dövründə, sonra Atatürk dövründə və müasir dövrdəki Türkiyə-Avropa münasibətlərini göz önünə gətirdikdə bugünkü məsələlər heç də təəccüb doğurmur. Çünki Avropa dövlətlərinin əksəriyyətinin düşüncəsində, xislətində "Türkiyə istəyi" olub.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli deyib.

Millət vəkilinin fikrincə, Avropa tarixən Türkiyəyə qarşı münasibətdə qeyri-səmimi olub: "Məsələn, I Dünya müharibəsində Türkiyə artıq bölüşdürülmüşdü. O zaman Almaniya Türkiyə ilə müttəfiq idi. Fransa, İngiltərə 1920-ci il martın 16-da yalnız Anadolunu saxlamaqla Türkiyəni bölüşdürdülər, onu dövlət kimi parçaladılar. Əvəzində yanında böyük Ermənistan, böyük Yunanıstan yaratdılar. Əgər həmin vaxt Müstafa Kamal Atatürk ayağa qalxıb türk xalqını səfərbər eləməsəydi, bugünkü Türkiyənin də çox az hissəsi qalacaqdı, bəlkə Anadolunu da alacaqdılar. Sonra isə Türkiyənin üzərində saxta "erməni soyqırımı" kimi ağır yük qoydular.

İtaliyanın keçmiş baş naziri Françesko Nittenin bir fikri var. O deyirdi ki, Avropa dövlətləri daim Türkiyə ilə oynayır. Haçan Türkiyədən bir şeyi qoparmaq istəyirlərsə və ya ona nəsə vermək istəmirlərsə, onda genosidi yada salırlar. Bu ifadə Avropanın Türkiyəyə qarşı əxlaqının göstəricisidir. Yəni bunlar həmişə Türkiyədən nəyisə qoparmaq, əldə etmək istəyirlər. Türkiyə kifayət qədər güclü dövlətdir ki, bu qədər mənhus baxışların, iti caynaqların qarşısında dura bilib. II Dünya müharibəsindən sonra Stalin başda olmaqla SSRİ Türkiyədən torpaq qoparıb Ermənistana və Gürcüstana vermək istəyirdi, lakin alınmadı. Yəni bunlar heç vaxt Türkiyə ilə dost olmayıblar. Avropa ilə Türkiyənin dostluq münasibəti həmişə tülkü ilə ilanın dostluğu kimi olub. İlan həmişə onun boğazına qıvrılıb.

Sadəcə, nə qədər SSRİ adlı güclü bir imperiya var idi, dünyanın qütbləri taraz idi, SSRİ-nin cənubunda, onun ağzının içində güclü bir Türkiyəyə ehtiyac var idi. İndi dünya məhvərindən çıxıb, hər şey dəyişib, güclü Türkiyəyə ehtiyac duyulmur və hər kəsin öz istəyi var. Onların arasında Türkiyəyə qarşı belə naqis münasibət də var. Türkiyə Osmanlı İmperiyası dövründə vaxtilə dünyanın 3 qitəsində - Asiya, Afrika və Avropada geniş torpaqlara malik böyük, qüdrətli dövlət olub. Hamının da ağzı açılıb, həsədlə ona qarşı qisasçılıq hissi yaranıb. Bu gün də həmin o qisasçılıq hissini ifadə edirlər. Adətən beynəlxalq hüquq normaları pozulan kimi BMT bir iclas çağırır, o dəqiqə məsələ müzakirə olunur. İndi Türkiyənin baş diplomatını və qadın nazirini ölkədən qovan dövlət kimin qarşısında cavab verir?"

F.İbrahimlinin fikrincə, baş verən son hadisələr həm də Avropa demokratiyasının iç üzünün göstəricisidir: "Artıq 25 ildən çoxdur ki, Türkiyəni Avropa İttifaqına qoymurlar. Elə bu, özü münasibətlərin göstəricisi deyilmi? Yəni burada xüsusi təhlilə ehtiyac yoxdur ki, niyə münasibət pisləşdi? Pis olub həmişə! Sadəcə, ziddiyyət səviyyəsinə gəlib çıxmayıb. Türkiyədə dövlət çevrilişini də elə müəyyən qüvvələr etmək istəyirdi. Öz içlərindən bir əxlaqsızı yetişdirib ortaya çıxarırlar, nəticədə də bu cür vəziyyət alınır. Yəni indiki proseslər təəccüb doğurmamalıdır.

Şimaldan, şərqdən, okeanın o tayından, bu tayından daim Türkiyəni əsarətdə saxlamaq, onu maye etmək, əridib bir qaba doldurmaq istəyirlər ki, onların itaətini qəbul etsin. Türkiyə isə qürurla dayanır, məhlul halına düşmür. Nəticədə də ona qarşı belə addımlar atılır.

Bu addımlar, sadəcə, Türkiyəyə qarşı deyildi, bunlar həm də Avropa əxlaqsızlığını göstərdi. Dünyaya demokratiya dərsi keçən Avropa bizə qeyri-demokratik bir ölkəni göstərdi. Bunlar Avropa demokratiyasının üstü bəzək, içi çürük olduğunu göstərən əlamətlərdir".

Qeyd edək ki, martın 11-də Niderland Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi planlaşdırırdı.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın avtomobili Hollandiya polisi tərəfindən saxlanılıb. Nazirə Rotterdam şəhərində bu ölkənin türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verməyib.

Buna etiraz olaraq Avropanın ən müxtəlif ölkələrindən gələn türklər Hollandiyanın Rotterdam şəhərində, Türkiyənin baş konsulluğunun binasının qarşısına toplaşaraq, etiraz aksiyası keçiriblər. Polis 14 min nümayişçiyə qarşı dəyənəklərdən, su şırnağından, itlərdən istifadə edib. Süvari polislər nümayişçiləri döyüblər.

Rəsmi Ankara Niderland hökümətindən Türkiyədən rəsmi olaraq üzrxaglıq etməsini tələb edib. Niderland hökuməti isə Türkiyədən üzr istəməkdən imtina edib.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.