Siyasət

"Azərbaycan-İran münasibətləri regionda sabitləşdirici rol oynayır"

7 Mart 2017 20:54
Baxış: 631

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri mühüm tarixi əhəmiyyətli səfər kimi yadda qaldı. Azərbaycanla İran arasında münasibətlər son dövrlərdə yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətləri səciyyələndirən cənab prezident qeyd etdi ki, Azərbaycan-İran münasibətləri ən yüksək səviyyədədir. Bu, hazırki mərhələni xarakterizə etmək üçün ölkənin 1-ci şəxsi tərəfindən verilən ən düzgün qiymətdir.

Bu barədə Milli.Az-a Milli Məclisin üzvü, politoloq Hikmət Babaoğlu Azərbaycan prezidenti İlham Əliyevin İrana ən son rəsmi səfərinin yekunlarını sərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan və İran qonşu, dost ölkələrdir və dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri çərçivəsində bu vaxtadək 20-dək sənəd imzalanıb. Bunun özü çox mühümdür:

"İran prezidenti Hatəminin Bakıya son səfərindən ötən müddətdə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 70 faiz artıb. Qısa müddətdə belə bir artımın qeydə alınmasının özü də bir göstəricidir. Onu da bilirik ki, Azərbaycan-İran münasibətlərində mövcud potensial həddən artıq çoxdur və bu göstərici bir neçə dəfə artıq da ola bilər. Yəqin ki, imzalanmış yeni sənədlərdən sonra real iqtisadi proseslərin baş verəcəyini, ticarət dövriyyəsinin daha da artacağını proqnozlaşdırmaq mümkündür. Buna paralel olaraq, Azərbaycan və İranın iqtisadiyyatı, enerji sektoru ciddi inteqrasiya edir. Prezident İlham Əliyev səfəri zamanı qeyd etdi ki, biz İranla enerji şəbəkələrini birləşdirmişik. Fikrimcə, bu çox ciddi göstəricidir. Son dövrlərdə İranın Azərbaycan iqtisadiyyatına investisiya qoyması, xüsusən Xəzərdə mövcud karbohidrogen ehtiyatlarının istismarında iştirak etməyə həvəs göstərməsi isə növbəti mərhələdə Xəzərin sektorlara bölünməsi məsələsində yeni müsbət perspektivlər yaradır. Qeyd edim ki, İran "Şahdəniz-2" qaz layihəsinə də qoşulub. Bütün bunlar yeni iqtisadi-siyasi əməkdaşlıq perspektivləri yaradır".

H.Babaoğlu hesab edir ki, ən vacib məsələlərdən biri "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inşası ilə bağlıdır: "Artıq Astara-Astara dəmiryol xəttində sınaq səfəri baş tutub. Yəni demək olar ki, kommunikasiyalar birləşib. İranın daxilində də digər xətlər birləşəndən sonra şimaldan cənuba doğru uzanan bu mühüm beynəlxalq nəqliyyat koridoru region üçün, bütövlükdə dünya üçün çox yüksək dividentli bir sərnişin və yükdaşıma dəhlizinə çevriləcək. Rusiyadan başlayaraq Azərbaycan vasitəsilə İrana, oradan da Hindistana qədər uzanan bu nəqliyyat dəhlizi gələcəkdə Şimali Avropa ölkələrindən Cənub-Şərqi Asiyaya, hətta Latın Amerikası ölkələrinə qədər uzana biləcək. Ona görə də prezident İlham Əliyev bu layihə barədə danışarkən onu tarixi hadisə kimi qiymətləndirdi".
 

Politoloqun fikrincə, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi bütün regiona müsbət təsir edəcək: "İranla iqtisadi əlaqələrin inkişafı üçün bütün sahələrdə - kənd təsərrüfatından tutmuş sənayenin ən müxtəlif sahələrinə qədər çox böyük perspektivlər var. Artıq onların nizamlanması və hüquqi tənzimlənməsi üçün müvafiq sənədlər də imzalanıb.
Paralel olaraq Azərbaycan-İran münasibətlərinin həm region üçün, həm də dünya üçün mühüm geostrateji və siyasi əhəmiyyəti var. Prezident İlham Əliyev qeyd elədi ki, bu münasibətlər regionda mühüm sabitləşdirici faktor kimi çıxış edir. Burada sabitləşdirici sözü bütövlükdə gələcək iqtisadi perspektivləri müəyyən edir. Təbii ki, hər hansı regionda sabitlik yoxdursa, orada iqtisadi münasibətlərdən danışmaq olmaz. Fikrimcə, Azərbaycan-İran münasibətlərinin gələcəyini bu cümlədə tapmaq, bu mühüm siyasi tezisin üzərindən şərh etmək lazımdır. Bu münasibətlər region üçün mühüm iqtisadi dividentlər vəd edir, eyni zamanda sabitlik faktoru rolunu oynayır".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.