Siyasət

"Bizim İranla əlaqələrimiz daha möhkəm olmalıdır"

6 Mart 2017 15:41
Baxış: 675

"Bizim İranla islam uyğunluyu, ortaq mədəniyyətimiz, dəyərlərimiz var. İran ən azından bunları nəzərə alıb bizə münasibətdə daha istiqanlı olmalıdır, nəinki Ermənistana. Amma nə etmək olar? Hər dövlətin öz iş prinsipi, maraqları, buna uyğun siyasəti var. Buna baxmayaraq, Azərbaycan öz xarici siyasətində çox sərbəst və sərrastdır".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Fəzail İbrahimli Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinin yekunlarını şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın xarici siyasəti üçün səciyyəvi olan cəhətlər var. Bunlar ilk növbədə qonşu dövlətlərlə mehriban münasibətlər qurmaq və onu qoruyub saxlamaqdan ibarətdir:

"Azərbaycan siyasətini bu müstəvidə qurub, qardaş Türkiyə ilə yanaşı istər Rusiya, istər Gürcüstan, istərsə də İranla münasibətlərini həmişə qaydaya qoymağa çalışıb. Doğrudur, Azərbaycan istəyinə uyğun olmayaraq, bu münasibətlərinin müqabilində bəzən istiqanlılıq görmür. Məsələn, Ermənistan kimi forpostu olan bir ölkə ilə münasibətlərimiz qaydadadırsa, bu yalnız Azərbaycan tərəfinin xidmətidir. Bu gün Ermənistanın iqtisadi inkişafına təkan verən, onu böhrandan çıxara bilən ölkələrdən biri də İrandır. Amma Azərbaycan bu məsələdə də çox soyuqqanlı hərəkət edir, İranla münasibətləri korlamır, əksinə qaydaya qoyur. Gürcüstan böhran məngənəsində boğulanda, enerjisi kəsiləndə Azərbaycan onun ocağını yandırdı. Yəni Azərbaycanın bu dövlətlərlə münasibətlərdə "mən daha səmimiyəm" deməyə haqqı var. Bütün bunlara baxmayaraq və qarşı tərəfin hansı mövqeyi tutmasından asılı olmayaraq, Azərbaycan balanslaşdırılmış siyasət yürüdür və onun arxasında da durur. Bu, Azərbaycanın ən uğurlu addımlarındandır və güman ki, dəst-xəttini axıradək davam etdirəcək".

F.İbrahimlinin fikrincə, Azərbaycanla İran arasında iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafı İranın özünü necə aparmasından daha çox asılıdır: "Bəzən protokollardan kənar münasibətlər çox şeyi həll edir, bəzən isə ən böyük müqavilələr heç bir əhəmiyyət kəsb eləmir. İranla birgə imzalanan müqavilələr, atılan addımlar rəsmi Tehranın özünü necə aparmasına bağlıdır. Bu baxımdan prezident İlham Əliyevin İrana rəsmi səfərinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Fikrimcə, bizim İranla əlaqələrimiz daha möhkəm olmalı, münasibətlər qarşılıqlı bərabər əsasda qurulmalı və inkişaf etdirilməlidir. Dövlət başçısının İran səfəri zamanı keçirdiyi görüşlərdə də bu məsələlər aydınlığı ilə üzə çıxırdı. Ona görə də güman edirəm ki, bu səfər qarşılıqlı dövlətlərarası əlaqələrin inkişafına böyük töhfə verəcək".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.