Siyasət

İran Azərbaycanın əsas tərəfdaşlarından birinə çevrilə bilər

6 Mart 2017 11:18
Baxış: 583

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafını bir daha gündəmə gətirdi. Cənub qonşumuz ona qarşı tətbiq edilən sanksiyalar yumşaldıldıqdan sonra İran region üçün aparıcı bazarlardan birinə çevrilir. İran 78 milyon istehlakçısı, 1,459 tirlyon dollar (PPP ilə) ümumi daxili məhsulu (ÜDM) və 63 milyard dollarlıq idxalı ilə cəlbedici iqtisadi tərəfdaşdır.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Ekpert Azərbaycanlə İran arasında iqtisadi münasibətlər hansı səviyyədə inkişaf edə biləcəyinə bu cür aydınlıq gətirib:

"Əvvəlla, iki ölkə arasındakı rəsmi ticarət dövriyyəsi mövcud münasibətlərin səviyyəsini xarakterizə etmir və təbii ki, bu dövriyyənin artırılması olduqca vacibdir. İki dövlət arasındakı ticarət dövriyyəsi cəmi 123 milyon dollardır. Halbuki, bu göstərici 10 il öncə yarım milyard dollardan çox idi. Deməli, ticari əlaqələrin genişləndirilməsi vacibdir. Azərbaycan bir sıra sənaye məhsulları ilə İran bazarına çıxış imkanı əldə edə bilər.

İkincisi, İran turizm sahəsində ciddi tərəfdaş ola bilər. İranlılar üçün sekulyar Azərbaycan yalnız Novruz bayramında deyil, eyni zamanda ilin digər fəsillərində də cəlbedici turizm destinasiyasıdır. Bu isə real valyutanın ölkəyə daxil olması baxımdan əlverişlidir.

Üçüncüsü, İran kiçik və orta miqyaslı sənaye sərmayəsində yaxşı tərəfdaş ola bilər. Əczaçılıq, avtomobil, eləcə də qida sənayesində başlanılan əməkdaşlıq buna misaldır. İranın xarici sərmayəçi kimi Azərbaycanın qeyri-neft sektorunda investisiyalarının həcminin artırılmasına ciddi şəkildə ehtiyac var.

Dördüncüsü, Azərbaycan İrana investisiya etmək istəyən xarici sərmayədarlar üçün baza ölkəsi rolunu oynaya bilər. Bir sıra Qərb şirkətlərinin əsas ofislərini Azərbaycanda yaratmaqla ölkəmiz üzərindən İrana investisiya yönəldilməsinə nail olmaq mümkündür.

Nəhayət, İran regional enerji və nəqliyyat dəhlzilərində Azərbaycanla tərəfdaşlıq edə bilər. Bütövlükdə, uzun müddət sankiyalara məruz qalan cənub qonşumuz indi Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilməsi imkanları heç də az deyil".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.