Siyasət

Azərbaycan bununla digər dövlətlərə də iqtisadi və siyasi xeyir verir

27 Fevral 2017 08:02
Baxış: 2 455

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü Nazirlər Görüşü keçirildi. İki gün davam edən görüşün sonunda 12 iştirakçı tərəfindən Birgə Bəyannamə imzalandı. Bəyannaməni Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Böyük Britaniya, ABŞ nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti imzalayıb.

"Cənub Qaz Dəhlizi" ilə bağlı məsələləri Milli.Az-a şərh edən tanınmış politoloq Fikrət Sadıqov bildirib ki, bu hadisə böyük əhəmiyyət daşıyır:

""Cənub Qaz Dəhlizi" genişmiqyaslı layihədir. Bu layihənin həyata keçməsində Azərbaycanın rolu həddən artıq böyükdür. Çünki onun həm təşəbbüskarı, həm də faktiki olaraq tranzit, eləcə də enerji daşıyıcılarının və təbii resursların mənbəyi olan Azərbaycan açar rolunu oynayan bir dövlətdir.

Bundan əlavə, biz digər qitələrin, xüsusilə də Avropanın enerji təhlükəsizliyini faktiki təmin edirik. Məhz bu diversifikasiya nəticəsində bir sıra Avropa dövlətlərinın təbii enerji resursları ilə təminatı problemi həll olunur.

Mühüm məsələlərdən biri də odur ki, "Cənub Qaz Dəhlizi" bir neçə mərhələdən ibarət geniş miqyaslı layihədir. Burada TAP, TANAP kimi layihələr də bunun içində cəmləşib.

Nəhayət, bu layihədə regionun digər dövlətləri də iştirak edərək öz qazını Avropaya nəql edə biləcək. Bu isə o deməkdir ki, Azərbaycan həm Avropanın enerji təhlükəsizliyini təmin edir, həm divsersifikasiya məsələlərini həll edir, həm regiondakı digər dövlətlərlə münasibətləri yaxşılaşdırıb inkişaf etdirir, eyni zamanda onlara siyasi və iqtisadi xeyir verir". 

Qeyd edək ki, toplantının açılışında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev deyib: "Hesab edirəm ki, biz nadir və xüsusi beynəlxalq əməkdaşlıq formatını yaratmağa müvəffəq olmuşuq. Əlbəttə ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi Cənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsinin əsas səbəbi olmaqla yanaşı, gələcəkdə də özünün əhəmiyyətli rolunu oynayacaq. Çünki bu qlobal layihənin icrası başa çatdırıldıqdan sonra bizim əməkdaşlığımız müxtəlif sahələr üzrə davam edəcəkdir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.