Siyasət

Harlemdən Kəbəyədək

25 Fevral 2017 23:10
2 Şərh     Baxış: 673

Şəhid Malkolm X-in əziz xatirəsinə həsr olunur

"Gələcək, ona bu günündən hazırlaşanlara məxsusdur".
Malkolm İks

Malkolm İks (əslən Malkolm Littl) afroamerikan islami düşüncəsinin ən xarizmatik liderlərindən olub.
Şəhid Malkolm X - çətin həyat yaşamış olduqca maraqlı bir şəxsiyyətdir.

UŞAQLIQ ÇAĞLARI

deyerler.org: Malkolm Littl 1925-ci il mayın 19-da Amerikanın Nebraska ştatının Omaha şəhərində dünyaya gəlib. Ailədə 8 uşaq olublar. Onun atası Erl Littl xristian ruhanisi və "Geriyə - Afrikaya" hərəkatının rəhbəri olan Markus Harvinin yaxın tərəfdaşlarından biri idi.
Malkolmun atasının qaradərililərin mülkü haqları uğrunda mübarizəsi ağ irqçi təşkilatın amansız təhdidlərinə səbəb olur və nəhayətdə, ailə iki dəfə köç etməyə məcbur olur. Bu zaman Malkolm cəmisi 4 yaşın içində idi.
1929-cu ildə onların Miçiqandakı evi yerli-dibli yandırılır. 1931-ci ildə isə ailə başsız qalır - Malkolmun atası Ku-kluks-klan tərəfindən qətlə yetirilir. Malkolmun anası bu hadisə nəticəsində dəhşətli sarsıntı keçirir və bu, onun səhhətinə sağalmaz zərbə endirir. Nəticədə, atasını və faktiki olaraq, anasını da itirmiş övladlar müxtəlif ailələr arasında paylaşdırılırlar.

TƏHSİL VƏ GƏNCLİK İLLƏRİ

Məktəbdə Malkolm çalışqan və müvəffəq şagird hesab olunur. Malkolm vəkil olmaq arzusunu, ilk dəfə olaraq, müəlliminə izhar edir. Cavabında müəllim bildirir ki, ABŞ-da qaradərili insan üçün heç bir perspektivli gələcək yoxdur, ələlxüsus da vəkillik karyerası tamamən mümkünsüz bir xülyadır.
Bu etiraf Malkolmu dəhşətli səviyyədə sarsıdır: Bundan sonra onun təhsilə marağı soyuyur və o işləməyə başlayır.
Tale Malkolmu Amerikanın müxtəlif bölgələrinə atır: Massaçusets, Boston və digər. O, çalışqan və təşəbbüskar işçi idi, lakin dərisinin rəngi aqibətini hər yerdə uğursuz edirdi. O, bir işdə oturuşa bilmir - bu dövrdə çoxlu iş yeri dəyişəsi olur.
Nyu-Yorka gəldiyi zaman Malkolm artıq çarəsizliyin son həddində olur və ümidsizlik məqamında bir neçə xırda cinayət törədir. Bununla, Malkolm yüz minlərlə afroamerikalının keçdiyi yola qədəm qoyur - 1946-cı ildə o, həbsxanaya düşür.
7 illik məhbus həyatı ərzində Malkolm səylə oxuyub, savad alır. Tezliklə ona qardaşı Recinald baş çəkir. O, Malkolma İslamı qəbul etdiyini və "İslam milləti" təşkilatına qoşulduğunu bəyan edir. Malkolm İslamı təhqiq etməyə başlayır və bu dinin ilahi mahiyyətinin misilsiz dühası onu heyrətə gətirir.
Malkolm tərcümeyi-halını belə təsvir edirdi: "Mən orta məktəbi Miçiqanda oxudum. İkinci məktəbim Bostondakı getto idi, kollecim Harlem oldu, alimlik dərəcəsini isə məhbəsdə aldım".

MALKOLM İKS

1952-ci ildə azadlığa buraxılan Malkolm "Nation of İslam" təşkilatının fəallarından birinə çevrilir və adını Malkolm Littldən dəyişdirib, Malkolm İks qoyur - o, bu təxəllüsü irqi ayrı-seçkiliyə etiraz əlaməti kimi götürür. "Əgər qaraların heç bir haqqı yoxdursa, ağdərilərin sırıdığı adlar da bizə gərək deyildir. İks - afroamerikalı üçün ən münasib bir isimdir" - Malkolmun məntiqi bu idi.
O, tez bir zamanda təşkilatın spikerinə çevrilir. Bununla bərabər, o, Boston, Harlem, Nyu-York kimi şəhərlərdə "İslam milləti" tərəfindən yeni məscidlərin inşasını əlaqələndirir. Malkolmun maarifçilik və təbliğatçı fəaliyyəti nəticəsində təşkilat üzvlərinin sayı 1952-ci ildə mövcud olan 500 nəfərdən 1963-cü il üçün 40 000 nəfərə çatır. Gənc boksçu Kassius Kleyi islami hərəkata məhz Malkolm cəlb edir.
Dünya çempionu Toni Liston ilə döyüşdən öncə Kley və Malkolm Allahdan qələbə diləyərək, ikilikdə dua edirlər və Kley qeyri-mümkün bir iş görür - altıncı raundda Listona qalib gəlir. Mətbuat konfransında Kley müsəlman olduğunu bəyan edir, bildirir ki, indi onun adı Mühəmməd Əlidir.
Məhz Malkolm bir çox qaradərili amerikalının qəlbində islama güclü bir maraq şölələndirir. Malkolmun çıxışları və publisistik yazıları geniş dinləyici auditoriyasını cəlb edir. Nailiyyətlərində ləngiməyərək, tezliklə, o, "Mühəmməd (s) söyləyir" qəzetinin nəşrinə başlayır. Qəzet Makolmun yaşadığı evin zirzəmisində dərc olunur.
Artıq 1961-ci ilə Malkolm İks "Nation of İslam" təşkilatında ikinci şəxs olmağa gerçək namizəd olur.
Hər tərəfdə şəxsiyyətinə göstərilən hörmət və sayğı təşkilat rəhbərliyinin təlaş və narahatlığına səbəb olur. Digər tərəfdən, hakimiyyət də Malkolmun artan nüfuz və şöhrətindən narahat olmağa başlayır. Sözü ilə işi bir olan gənc və xarizmatik lider hökumətin "Nation of İslam" üçün müəyyən etdiyi oyun qaydalarına uyğun gəlmir. Bütün bunlar Malkolmla "İslam milləti" arasında əlaqələrin qırılmasına gətirib çıxarır.

MƏKKƏ ZİYARƏTİ

12 mart 1964-cü ildə Malkolm "İslam milləti" təşkilatından ayrıldığını və "Müsəlman məscidi" təşkilatını təsis etdiyini bəyan edir. Bundan bir qədər sonra o, Məkkə ziyarətinə yollanır. Həcc ziyarəti onun həyatında həlledici rol oynayır - Malkolmun dünyagörüşü, əqidəsi, həyat prioritetləri təməlindən dəyişir. Faktiki olaraq, həcc ziyarətindən sonra Malkolmun həyatında dönüş baş verir. O artıq ağ- və qaradərililər arasında fərq qoymur, hər iki tərəfə bir qardaş kimi yanaşmağa başlayır.
Məkkədə o, müxtəlif ölkələrdən gələn müsəlmanlarla tanış olur və özü üçün gözlənilməz bir kəşf edir: Malkolm başa düşür ki, "Nation of İslam"nin təşkilatçısı Elayci Mühəmmədin yaydığı sərsəm ədavətçilik ideologiyasının İslam dini ilə əslində heç bir əlaqəsi yoxdur. O, adını əl-Həcc Malik əl-Şabazz isminə dəyişərək, Birləşmiş Ştatlara qayıdır.
ABŞ-a ruhən yenilənmiş halda qayıtdıqdan sonra Malkolm vəhdət və birlik idealları ilə yaşamağa başlayır. İnsanların bəyaz- və qaradərililərə ayrılmasının əleyhinə çıxış edərək, hamıya bərabər münasibət bəsləyir.
Bu andan etibarən Malkolm X-in və onunla bərabər, ümumilikdə, Amerikadakı İslamın həyatında mühüm dəyişikliklərə təkan verilir. Belə ki, Həcc ziyarəti və bundan sonrakı Afrika səfəri Malkolmun dünyagörüşündə köklü dönüş yaradır: o, qara irqçilik və ümumiyyətlə, İslam təliminə uyğun gəlməyən bütün digər görüşlərdən imtina edir.

KƏBƏ YOLÇUSUNUN XATİRƏLƏRİ

Sonralar Malkolm X xatırlayır: "Məkkə yaxınlığında Mina vadisində ikən dünyanın ayrı-ayrı yerlərindən gəlmiş çoxdilli insan toplusunun bir olan Allaha doğru yönəldiyinə baxırdım. Daxilimdə fövqəladə məftunluq duyurdum. Anlamışdım ki, dərisinin rəngindən və sosial mövqeyindən asılı olmayaraq, Allah üçün hamı birdir".
İrqi, milliyyəti, dərisinin rəngi ilə fərqlənənən yüz minlərlə müsəlmanın - bacı və qardaşların birgə ruhi axını Malkolmu təməldən dəyişdirir. Bu artıq yeni bir Malkolm X idi - Həcc ziyarəti ilə ruhlandırılmış, vücudən yeniləşmiş bir insan. O, yeni bir yola qədəm basmışdı, burada "nəcib qaralar" və "şeytan törəmələri olan ağdərililər" arasında ayrı-seçkilik mövcud deyildi.
Müsahibələrindən birində Malkolm bildirirdi: "Xristianlıq ilə İslamı müqayisə etdiyimdə, təbii ki, sonuncunu seçdim. Xristianlıq öz-özünü məhv etməkdədir. Bu gün mən İslamın özüm üçün və ümumilikdə bəşəriyyət üçün etdiklərinin dəyərini dərk etmək iqtidarındayam".
Qahirədən Ciddəyə uçuşun təsvir edərək, Malkolm xatırlayır: "Təyyarədə müxtəlif sərnişinlər var idi: ağ-, qara-, qırmızı-, sarıdərili. Amma dərimizin rənginin fərqinə baxmayaraq, hamımız qardaş kimi idik! Hamımız eyni Allaha inanır və bir-birimizə eyni dərəcədə sayğı ilə yanaşırdıq".
Malkolm bütün insani irqlərin birliyi, gerçək doğmalıq hissini yaşayırdı. Onun fikrincə, bu birlik vahid dəyərlər sisteminin qəbul edilməsi sayəsində mümkün ola bilər. Yaxın dostlarına məktublarında yazırdı: "Amerika İslamı mütləq tanımalıdır, çünki o, cəmiyyətdən irqçilik problemini silən yeganə təlimdir. Müsəlman dünyasına səyahətlərim zamanı Amerikada "bəyaz" adlanacaq bir çox insanlarla görüşür, danışır, hətta süfrə yoldaşı olurdum, lakin onların bu "bəyazlığı" İslam dini sayəsində tamamilə silinmişdi. Əvvəl heç bir vaxt fərqli rənglərdə olan insanların bu qədər səmimi davranmasının, əsl qardaşlıq münasibətlərində bulunmasının şahidi olmamışdım".
Malkolm X İslamın təməlində duran məhəbbət və dözümlük ideallarının yayılmasında tələbələrin mühüm rol oynadığını vurğulayırdı: "İnanıram ki, kollec və univerisitetlərin ağdərili gəncliyi haqqa tərəf - irqçiliyin mütləq nəticəsi olan fəlakətləri dəf edə biləcək yeganə yola doğru yönələcəkdir".

ŞƏHADƏT YOLÇULUĞUNDA

Malkolmun çıxışları yüzlərlə, minlərlə adamı bir araya gətirirdi. Onun auditoriyası - dərilərinin rəngi fərqli olan intellektual insanlardır. O, bir çoxlarını narahat etməyə başlayır, öncə ağ- və qaradərili irqçiləri, daha sonra isə artıq hakim dairələri də.
Malkolm sanki sivri qılınc üstündə yeriyirdi. Ona hədə-qorxu gəlirlər, evini odlayır və partladırldıar, lakin o, sarsılmır, əqidəsindən dönmür: "ağ və qara" yoxdur, yalnız "yaxşı və pis" var.
Və insanlar inanırdılar... Onlar Malkolmu dinləyir, onun qəlbindən çıxan eşqlə şölələnirdilər. Malkolmun nitqindən yayılan Həqiqət nuru minlərlə, onminlərlə insanın qəlbini şəfəqləndirirdi.
1965-ci ilin fevralı... Bu müdhişq gündə həqiqət carçısı olan Malkolm İks Harlem mədəniyyət mərkəzinin binasında mühazirə oxuduğu zaman muzdlu qatillər tərəfindən qətlə yetirilir. Çoxsaylı dinləyicilərinə söylədiyi son kəlmələr məhz İlahi Həqiqət, Ədalət və Bərabərlik haqqında idi...
Qatillər Malkolmu 16 güllə atmaqla qətlə yetirmişdilər. Əcəba, nifrətin gücü nə qədər olmalıdır ki, sadəcə əqidəsini təbliğ edən bir insanı belə qəddarlıqla öldürələr?..
Əlamətdar məqamlardan biri odur ki, xütbəyə çıxmazdan əvvəl Malkolm ailəsi ilə vidalaşır. Sanki şəhadətin yaxınlığını duyur. Axı bundan bir qədər öncə zalımlar onun evini partlatmışdı və ünvanına yönəlmiş təhdidlər artıq tamamilə aşkar şəkil almağa başlamışdı. Amma Malkolmu fiziki məhvlə hədələdikdə, o gülümsəyərək belə cavab verirdi: "İslama gəldiyim andan etibarən özümü ölümə hazırlamışam. Məni hədələrlə qorxudub, özünüzü yormayın!"
Malkolm ən ali ideallar uğrunda şəhadəti qəbul edir. O, insanların bir-birinə məhəbbət bəsləməsi, dərisinin rənginə görə nifrətə son qoyulması naminə həyatını qurban verir ...
Amma canilər əsla hədəfinə yetişə bilmirlər. Malkolmun irsi ölmür. Əksinə, nəsildən nəslə ötürülərək, alim, filosof, tarixçi, kinematoqrafçıların tədqiqat obyektinə çevrilir. Bu sırada Spayk Linin Malkolmun həyatına həsr etdiyi və 1992-ci ildə Oskar mükafatına layiq görülmüş (Denzel Vaşinqton, ən yaxşı kişi rolunun ifasına görə) kinofilmi xüsusi yer tutur.
Malkolm Nyu-Yorkda Hard Seynt Deyli rayonunda yerləşən Fern Kliff qəbiristanlığında dəfn edilib. O, Əl-Həcc Malik Əl-Şabazz adı altında dəfn olunub.
Şəhid edilməsindən bəri 40 il keçməsinə baxmayaraq, bu günədək qətlinin üstü açılmamışdır. Ancaq bir şey şübhəsizdir ki, Malkolm X, yaxud özünü adlandırmağı sevdiyi kimi - Əl-Həcc Malik Əl-Şabazz məhz nadanlıq və irticanın qurbanı olmuşdur. Və bu yöndə nə gülləni tuşlayan qatillərin, nə Malkolm ixlası, dürüstlüyü və sevgisi qarşısında vəhşi xof keçirən sifarişçilərin dərilərinin nə rəngdə olması qətiyyən önəmli deyildir...

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı filosof

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.