Siyasət

"Daxili nöqsanlarımızı türklər və azərbaycanlılar yaratmır" - Sarkisyan

21 Fevral 2017 21:44
1 Şərh     Baxış: 1 583

Ermənistan Silahlı Qüvvələri yüksək rütbəli zabit heyəti ilə görüş zamanı prezident Serj Sarkisyan o cümlədən idarəçiliklə bağlı problemlər barədə danışaraq deyib ki, ölkənin "daxili nöqsanlarını türklər və azərbaycanlılar yaratmır".

O, həmçinin ordu və seçkilər məsələsinə də toxunub.

"Uğursuzluqların səbəbi pis idarəçilikdir"

Serj Sarkisyanın sözlərinə görə, Ermənistanı "müşkül, dolaşıq, ziddiyyətli və çox zaman anlaşılmaz xarici mühit" əhatə edir, "lakin bu heç də o demək deyil ki, biz bütün bunlara razılaşmalı, əlimizi ağdan qaraya vurmayaraq, oturub gözləməliyik ki, görək bizə nə buyururlar".
"Demişəm və təkrar edirəm ki, Qarabağ problemi həll olunmayınca və Türkiyə tərəfindən blokada götürülməyincə, biz uğursuzluğa düçarıq deyənlərin belə fikrilə razı deyiləm. Bizim daxili nöqsanlarımızı türklər və azərbaycanlılar yaratmır. Bizim ölkənin idarəçilik qüsurlarının onlara heç bir aidiyyəti yoxdur və onların səbəbindən deyil", - Ermənistan prezidenti deyir.
Sarkisyan hesab edir ki, Ermənistan ictimai həyatının düzgün təşkili və yaxşı idarə edilməsi milli təhlükəsizlik məsələsidir. "Sadəcə fərsiz idarəçilik ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətinə təsir edir".

Dağlıq Qarabağ məsələsi

Dağlıq Qarabağ probleminin dinc yolla həlli istiqamətində aparılan danışıqlarda Ermənistan prezidenti "hazırda hər hansı irəliləyiş müşahidə olunduğunu qeyd etməyə əsas" olmadığını bildirir.
"Belə olan halda, Ermənistanla Azərbaycan arasında qüvvələr tarazlığı sabitliyin və kövrək sülhün qorunub saxlanmasının yeganə vasitəsi olur", - Sarkisyan deyib.
Sarkisyanın rəsmi Bakının erməni tərəfi "mövcud status kvo vəziyyətin uzatmaq cəhdlərinə görə" ittihamlarını əsassız hesab edir.
"Hamınızı inandırmaq istəyirəm ki, biz həqiqətən problemin həll olunmasını istəyirik, lakin gerçəklik odur ki, azərbaycanlılar bizim üçün qəbuledilməz həllər təklif edir. Bu səbəbdən də problem həll olunmur", - Sarkisyan deyir.

Seçkilər

Hərbçilərlə görüşdə Serj Sarkisyan deyib ki, Ermənistan müdafiə naziri Vigen Sarkisyanın apreldə keçiriləcək parlament seçkilərində hakim partiya siyahısında birinci yeri tutsa da, hərbiyyə bitərəf olmalı və daxili siyasi proseslərə qarışmamalıdır, orduda seçkiqabağı təşviqat cəhdləri isə tənbeh edilməlidir.
"Orduda partiyalararası müzakirələr olmayacaq... Hamını xəbərdar edirəm ki, belə cəhdlər cəzalandırılacaqdır. Biz bir ölkə olaraq, ictimaiyyətimiz və xalqımızın etimadını qazanan seçkilər təşkil edib keçirməyə qadirik", - Sarkisyan deyib.
Heç bir qızğın mübahisə Ermənistan siyasi sisteminin stabilliyini poza bilməz, başlıcası Ermənistan Silahlı Qüvvələrinin seçkiqabağı dövrdə "Azərbaycan tərəfinin təxribatçılıq fəaliyyətinin" qarşısını almağa hazır olmasıdır, deyə Sarkisyan hərbiyyəni "daha sayıq" olmağa çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.