Siyasət

Azərbaycandan avroatlantik elitaya CİDDİ MESAJ

21 Fevral 2017 08:00
Baxış: 1 317

"Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr olunan panel-müzakirədə çıxışı təhlükəsizliklə bağlı avroatlantik elitaya ünvanlanmış ciddi mesaj idi".

Bunu Milli.Az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə deyib.

Politoloqun sözlərinə görə, ənənəvi olaraq prezident İlham Əliyev belə tədbirlərdə iştirak edəndə həmişə çalışır ki, iştirakçılara Azərbaycanın dünya və regional təhlükəsizliyində rolu və əhəmiyyəti ilə bağlı ətraflı məlumat versin:

"Bu dəfə isə önəmli yardımçı hadisə baş vermişdi - Bakıda ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşü keçirilmişdi. Bu da ölkə başçısına imkan verdi ki, həmin hadisəni əsas tutaraq Azərbaycanın dünya və regional təhlükəsizliyinin təmin olunmasında artan rolundan danışsın. Doğrudan da Bakı bu görüş üçün obyektiv səbəblərdən seçilmişdi. Əslində hazırda bir çox problemli, münaqişəli məsələlər bizim regionumuzda həll olunur. Bunlar həm İran, həm Əfqanıstan, həm də İraq və Suriya ilə bağlıdır. Bu məkanda ən əlverişli mövqeyə və hərbi-siyasi stabilliyə malik olan ölkə Azərbaycandır. Baxmayaraq ki, Azərbaycan heç bir blokun üzvü deyil və özü də Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub, öz resursları hesabına hərbi-siyasi stabilliyi qoruyub saxlaya və mövqelərini gücləndirə bilib".

İ.Vəlizadə hesab edir ki, ümumiyyətlə Azərbaycan təhlükəsizliklə bağlı bütün danışıqlarda real tərəfdaş kimi görünür: "Bu görüş həm də ona görə önəmlidir ki, o, avroatlantik elitanın marağındadır. Ona görə də prezidentin konfransdakı çıxışı həm də avroatlantik elitaya bir mesaj idi. Baxmayaraq ki, çox ciddi proseslər gedir və regionda qeyri-stabillik artır, Azərbaycan yürütdüyü siyasətlə bu qeyri-stabilliyi azaltmaq istəyir və bu məsələdə həm Avropa, həm də NATO üçün ciddi tərəfdaş ola bilər. Amma yenə də seçim onlarındır. Əgər onlar doğrudan da bu məsələlərdə Azərbaycanı real tərəfdaş kimi görmək istəyirlərsə, yəqin ki, həmin dialoqun gündəliyinə bir daha baxmalı və onun məhsuldarlığını artırmalıdırlar". 

Ekspert dövlət başçısının paneldə səsləndirdiyi "Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana sanksiyalar tətbiq olunmayıb və bu ikili yanaşma aradan qaldırılmalıdır" fikrinə də münasibət bildirib:

"Dağlıq Qarabağla əlaqədar son həftələr çox destruktiv proseslər gedir. Ona görə də təhlükəsizliklə bağlı konfransda iştirak edib bunu vurğulamamaq olmazdı. Həmin destruktiv prosesin kulminasiyası bu günlərdə yaşanılıb. Yəni Dağlıq Qarabağdakı qondarma rejim tərəfindən "referendum" keçirilir. Onlar qondarma qurumun adını dəyişmək istəyirlər. Eyni zamanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da deyib ki, Dağlıq Qarabağ danışıqlar prosesinin iştirakçısı olmalıdır. Bütün bunlar o deməkdir ki, Ermənistan çalışır ki, Dağlıq Qarabağdakı rejimi legitimləşdirsin, onu ayrıca tərəf kimi danışıqlara cəlb etsin. Əlbəttə ki, bu, destruktiv və cəbhədə birbaşa atəşkəsin pozulmasına təsir edir və bölgədə yeni müharibəyə gətirib çıxara bilən bir prosesdir. Ona görə də Azərbaycan prezidenti bu təhlükəni bilərək, duyaraq, hiss edərək məsələyə biganə qala və reallıqları avropalılara çatdırmaya bilməzdi".

Klub rəhbərinin qənaətincə, əslində bu reallıqlar regionda təhlükəsizliyə təhdidlər yaradır, regionda həyata keçirilən, Avropa iqtisadiyyatı və siyasəti üçün mühüm hesab edilən irimiqyaslı layihələrin taleyini sual altında qoyur: "Baxmayaraq ki, regionda təhlükəli proseslər cərəyan edir, prezident iqtisadi əməkdaşlıqdan danışaraq vurğulayıb ki, həm siyasətdə, indi həm də iqtisadiyyatda əsas aparıcı rolu Azərbaycan kimi stabil ölkələr oynaya bilər. Digər tərəfdaşlar və oyunçular onlarla əməkdaşlıq qurmaqla yalnız uda bilər. Lakin bu əməkdaşlıq bərabər hüquqlu səviyyədə qurulmalıdır və hər iki tərəfin tələblərinə cavab verməlidir. Amma biz bilirik ki, əvvəllər, məsələn, Şərq Tərəfdaşlığı Proqramında bu belə deyildi. Məsələyə bu cür yanaşma əslində hər iki tərəf üçün problemlər yaradırdı. Amma indiki situasiyada layihələrin bərabərhüquqlu partnyorluq əsasında həyata keçirilməsi hər iki tərəf üçün önəmlidir. İstər Avropa üçün, istərsə də digər tərəfdaşlar üçün əlverişlidir ki, onların regionda mövqeləri möhkəmlənir. Azərbaycan üçün isə ona görə önəmlidir ki, həmin ölkələrlə əməkdaşlıqdan mənfəət əldə edir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.