Siyasət

Supergüclərin Bakı görüşü və Qarabağ məsələsi...

17 Fevral 2017 18:17
2 Şərh     Baxış: 2 000

ABŞ-ın və Rusiyanın baş qərargah rəislərinin fevralın 16-da görüş yeri kimi Bakını seçmələri Moskva ilə Vaşinqtonun Azərbaycana verdikləri dəyəri göstərir.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, böyük ehtimalla generallar görüş üçün Bakını ona görə seçiblər ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Suriyaya yaxın məsafədə yerləşir:

"Rusiya və ABŞ-ın baş qərargah rəisləri isə görüşlərində, ilk növbədə, Suriyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırdılar. İran və İraq da Suriyaya qonşu dövlətlərdir, ancaq generallar bu iki ölkədə görüşə bilməzdilər. Görüş yeri kimi Ankara da seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya hərbi ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir. Ona görə də sonda Bakıda görüşməyə qərar verdilər".

Politoloq hesab edir ki, bir-biriylə rəqabətdə olan iki böyük dövlətin Bakıda görüş keçirməsi Azərbaycan hakimiyyəti üçün iki baxımdan vacib idi:

"Birincisi, bu həm Rusiya, həm də ABŞ-ın rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti ilə hesablaşmalarının əlamətidir.

İkincisi, amerikalı və rusiyalı generalın Bakıdakı görüşü Azərbaycan ordusunun Dağlıq Qarabağ ətrafında həyata keçirdiyi əməliyyatlara qarşı etirazın olmadığını göstərir. Halbuki, Ermənistan hakimiyyəti daima Rusiya və ABŞ-a müraciət edir ki, Moskva və Vaşinqton "atəşkəsi pozduğuna" görə rəsmi Bakıya etirazlarını bildirsin".

Ekspert qeyd edib ki, ümumiyyətlə, atəşkəsin müddəti təxminən iki il bundan əvvəl bitib. Bu müddətdə lokal döyüşlərin sayı artıb, Ermənistan ordusunun Dağlıq Qarabağdan kənara çıxan helikopteri də vurulur, hərbi texnikası və canlı qüvvəsi də hədəfdədir. Bu rəsmi Bakının iki ildir həyata keçirdiyi hərbi taktikadır: "Ermənistan ordusu itkilərinin sayının artmasını istəmirsə, Dağlıq Qarabağ ətrafındakı postlarını tərk edib Xankəndi ətrafına çəkilməlidir. Ancaq bunun baş verməsi Dağlıq Qarabağ ətrafındakı bölgələrə nəzarətin itirilməsi deməkdir ki, bu hal Azərbaycan ordusuna bu ərazilərə daxil olmaq üçün münbit şərait yaradacaq. Ona görə də Ermənistan hakimiyyəti itkilərin artması hesabına olsa belə, Dağlıq Qarabağın ətrafındakı hərbi istehkamlarını tərk etməyi planlaşdırmır. Bu isə o deməkdir ki, hərbi qarşıdurma davam edəcək, itkilər də artacaq".

E.Şahinoğlunun qənaətincə, Ermənistan hakimiyyəti bir tərəfdən "sülh" və atəşkəsə riayət olunmasını istəyərkən, digər tərəfdən gərginliyi artıracaq təxribatlara yol verir: "Məsələn, fevralın 20-də Dağlıq Qarabağda "konstitusiya dəyişikliyi ilə bağlı referendum" bunun bariz nümunəsidir. Separatçılar "referendumla" Dağlıq Qarabağın adını "Artsax" ifadəsinə dəyişmək istəyirlər.

Birincisi, Dağlıq Qarabağdakı "referendumun" hüquqi qüvvəsi yoxdur, "nəticə" beynəlxalq aləmdə tanınmayacaq, vasitəçilər və dünya dövlətləri Dağlıq Qarabağ adını bundan sonra da olduğu kimi çəkəcək və "Artsax" ifadəsini işlətməyəcəklər.

İkincisi, bu "referendum" Azərbaycanda böyük narazılıq yaradacaq və ölkədə müharibə əhval-ruhiyyəsini gücləndirəcək. Ermənistan cəmiyyəti bir il əvvəl - aprel ayındakı müharibənin yenidən təkrarlanmasından qorxarkən, rəsmi İrəvan Dağlıq Qarabağda "referendum" keçirməklə hərbi toqquşmanın tarixini yaxınlaşdırır".

Yeri gəlmişkən, politoloqun fikrincə, Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağdakı "referendum"la bağlı bəyanatlarında yumşaq ifadələr işlədiblər: "Beynəlxalq vasitəçilər fevralın 17-də Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Həmsədrlər bu görüşdə Nalbandyana Dağlıq Qarabağdakı "referendum"un hansı mənfi nəticələrə gətirə biləcəyini xatırlada bilərdilər. Böyük ehtimalla bu xəbərdarlığı həmsədrlərin əvəzinə Münhendə Nalbandyanla görüşən Azərbaycann xarici işlər naziri Elmar Məmmədyarov çatdırıb.

Maraqlıdır ki, Evdard Nalbandyan Münhen konfransı bitdikdən dərhal sonra Moskvaya gedərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Nalbandyan Moskvada bu yaxınlarda olmuşdu və yenidən Lavrovla görüşə tələsir. Bu, o deməkdir ki, İrəvanın Qarabağla bağlı atdığı addımlar Moskvanın nəzarətindədir. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı "referendum"u pisləməyib. Rusiya XİN-nin açıqlamasında belə deyilir: "Biz düşünmürük ki, nizamlanmanın gedişi "konstitusiya referendumu"nun keçirilməsindən asılı ola bilər". Bu ikibaşlı cümlədir. Moskva bununla demək istəyir ki, Rusiya Dağlıq Qarabağda fevralın 20-də keçiriləcək referendumun əleyhinə deyil və separatçılar Dağlıq Qarabağın adının "Artsax" adıyla dəyişdirilməsi hüququna malikdirlər. Moskva həmsədr kimi "referendumun keçirilməsi bölgədə gərginliyi daha da artıra bilər", "sülh danışıqlarına maneə yarada bilər" açıqlamalarına üstünlük verməkdənsə, birmənalı olaraq işğalçının yanında yer alır".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Azeri · 17 Fevral 18:3821

    Onsuzda qarabagi herb yolu ile alacagiq

    Cavab yaz
  • Anonim
    GULOGLAN · 19 Fevral 20:0600

    Ermenistan yalniz rusiyanin emri ile herekat edir onlar da qarabagi ishqaldan azad etmek terefdari deyil bele olan halda biz kimi ve neyi gozleyirik ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.