Siyasət

Avropa Azərbaycanın önəmini etiraf etdi - Bakı Brüsselə nəyi başa saldı?

7 Fevral 2017 16:46
Baxış: 2 029

Avropa İttifaqı rəsmilərinin böyük əhəmiyyət verdiyi səfər

Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-6-da Belçika Krallığının və Avropa İttifaqının paytaxtı Brüsseldə səfərdə oldu. Bu səfəri mübaliğəsiz Avropa-Azərbaycan münasibətləri tarixində yeni bir mərhələ, tam yeni və ümid dolu bir səhifə adlandırmaq olar. Bunu, ilk növbədə, Avropa İttifaqı rəsmilərinin Azərbaycan prezidentinin bu səfərinə necə həssas yanaşması və onu yüksək qiymətləndirməsi sübut edir.

Səfərin yekunlarına əsasən, demək olar ki, Azərbaycan-Avropa İttifaqı əlaqələri bundan sonra daha uğurla inkişaf edəcək, energetika, nəqliyyat, təhlükəsizlik, regional və qarşılıqlı maraq doğuran digər məsələlərdə əməkdaşlıq sürətlə genişləndiriləcək.

Səfər çərçivəsində prezident İlham Əliyevin keçirdiyi ilk görüş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq prezidenti, Niderland-Azərbaycan dostluq qrupunun sədri, Azərbaycanın dostlarından biri hesab edilən Rene Van der Lindenlə oldu. AŞPA-nın sabiq prezidenti dedi ki, Azərbaycan dövlətinin başçısının Brüsselə səfəri zamanı Avropa İttifaqının yüksək səviyyəli rəhbər şəxsləri ilə görüşləri mühüm əhəmiyyət daşıyır. Bu, artıq hamı üçün bir ciddi mesaj idi.
Xatırladaq ki, Rene Van der Linden Azərbaycanın dostu adını elə-belə almayıb. Onun Azərbaycana investisiyaların cəlb edilməsində, ADA Universiteti ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsində xüsusi rolu olub.

Qeyd edək ki, prezident İlham Əliyevin Bürsselə səfəri Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə baş tutmuşdu və səfərin əsas görüşü də məhz onunla oldu.

Bundan başqa, Azərbaycan prezidenti Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, eləcə də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.

Bütün görüşlərdə Aİ rəsmiləri Azərbaycan prezidentinin Brüsselə səfərinin xüsusi əhəmiyyət daşıdığını və görüşlərin çox məhsuldar keçdiyini bildiriblər.

Xatırladaq ki, 2015-ci ilin sentyabrında Avropa Parlamentində Azərbaycanda guya insan haqlarının pozulduğu, siyasətçilərin, jurnalistlərin, hüquq müdafiəçilərinin siyasi zəmində həbs olunduğuna dair müddəaların yer aldığı qərəzli qətnamənin qəbulundən sonra Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər, demək olar ki, 1 ilə yaxın əməlli-başlı soyudu və hətta, demək olar ki, tam kəsildi. 



Lakin bu, çox davam edə bilməzdi və avropalılar səhvlərini anlayaraq geriyə addım atmaq məcburiyyətində qaldılar. Yalnız ötən lin sentyabrında AP nümayəndə heyətinin Bakıya rəsmi səfərindən sonra bu münasibətlər yenidən canlanmağa başladı.

Enerji və ticarət

Məlumdur ki, Avropa özünün enerji təhlükəsizliyinə və təchizatın şaxələndirilməsinə çox önəm verir. Əsas istək isə neft və qaz idxalı sahəsində Rusiyada olan nisbi asılılığı aradan qaldırmaqdır. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti ilə mətbuata birgə bəyanatla çıxış edərkən deyib: "Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir".

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç də Azərbaycan prezidenti ilə görüşündə təxminən eyni fikirləri səsləndiriblər və Cənub Qaz Dəhlizinin gerçəkləşməsi üçün Aİ-nin öz dəstəyini əsirgəməyəciyini bəyan ediblər.

Prezident İlham Əliyev isə Donald Tuskla görüşündən sonra deyib ki, enerji sahəsindəki əməkdaşlıq Aİ ilə əlaqələrin vacib sahəsidir və tərəflər "Cənub Qaz Dəhlizi" layihəsinin inkişaf etdirilməsi üçün uğurla əməkdaşlıq edir: "Bu, hazırda Avropada həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Həmin layihə 40 milyard dollardan artıq vəsaitin sərmayə kimi qoyulmasını tələb edir. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Şaxələndirilmə dedikdə mən yalnız marşrutları deyil, o cümlədən mənbələri də nəzərdə tuturam. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir. Mən cənab prezidentə məlumat verdim ki, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi, layihənin bütün dörd seqmenti uğurla irəliyə doğru gedir və ümidvarıq ki, əlavə səylərlə biz bu layihənin icrasını sürətləndirəcəyik".

Brüssel görüşlərində bank sahəsində əməkdaşlığa, Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Dünya Bankı ilə əməkdaşlıq məsələlərində da toxunulub. Bu prizmadan çıxış edərək rəsmi Bakı Avropa biznesmenlərinin və investisiyalarının Azərbaycana cəlb olunmasında, ölkənin tranzit xidmətlərindən istifadə edilməklə bu gücdən maksimum yararlanmaqda maraqlıdır.

Yeri gəlmişkən, Belçikalıların Kralı Filipin görüşündə prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət edib. Avropa İttifaqı da Azərbaycanla ticari-iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir.
Xatırladaq ki, Avropa İttifaqı hazırda, onsuz da, Azərbaycanın əsas ticarət tərəfdaşlarından və ən əsas investorlarından biri olsa da, tərəflər qarşıdakı illərdə bu əlaqələri daha da genişləndirməkdə israrlıdırlar. Lakin bunun üçün güclü hüquqi baza olmalıdır.

Strateji əməkdaşlıq sazişi

Bu baxımdan danışıqlarda diqqət çəkən ən əsas məqamlardan biri Aİ ilə Azərbaycan arasında münasibətlərin bundan sonrakı taleyini, demək olar ki, təyin edəcək ikitərəfli - strateji əməkdaşlıq sazişinin imzalanması ilə bağlı olub. Bununla bağlı D.Tusk deyib: "Bizim əlaqələrimiz enerji və ticarət hüdudlarını aşır. Biz əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə əlaqələrin tam potensialını inkişaf etdirmək istəyirik. Mən sevinc hissi ilə bəyan edirəm ki, sabah yeni Avropa İttifaqı-Azərbaycan sazişi ilə bağlı danışıqlara start veriləcək. Mən danışıqları aparanlara böyük uğurlar arzulayıram. Bizim paylaşdığımız yeni qlobal siyasi və iqtisadi maraqları, birlikdə mübarizə aparmaq istədiyimiz çağırışları nəzərə alaraq, bu yeni razılaşma əlaqələrimizin miqyasını genişləndirəcək".

Prezident İlham Əliyev də bu məsələyə səmimi münasibətini ortaya qoyub: "Çox məmnunam ki, sabahdan siz qeyd etdiyiniz kimi, yeni saziş üzrə danışıqlara başlayırıq. Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir".

Dövlət başçısı bunu ikitərəfli əməkdaşlığın tarixində əlamətdar bir gün kimi qiymətləndirib: "Bizim Avropa İttifaqına üzv dövlətlərlə də əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz var. Onların 9-u, yəni üçdə bir hissəsi ilə bizim strateji tərəfdaşlığa dair imzalanmış sazişlərimiz var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün yaxşı əsasdır. Bu gün əməkdaşlığımızın tarixində əlamətdar bir gündür. Çünki işbirliyimizin yeni səhifəsini açırıq. Mən danışıqları aparanlara uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxtlarını itirməyəcək, sabahdan dərhal işə başlayacaqlar və yaxın vaxtlarda bir çox gələcək illər üçün aramızdakı strateji əməkdaşlığı müəyyən edəcək sənədi hazırlayıb təqdim edəcəklər".

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker isə vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi imzalanandan sonra münasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.

Dağlıq Qarabağ problemi

Aİ-dəki görüşlər, təbii ki, Dağlıq Qarabağ probleminin həlli və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi baxımından da müsbət mənada yadda qalıb. Düzdür, biz avropalılardan yenə təcavüzkar Ermənistana gözlədiyimiz təzyiq mesajını eşitmədik, amma hər halda Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin xüsusi qeyd edilməsinin özü də təqdirəlayiq hesab edilə bilər. 

Məsələn, Avropa İttifaqı Şurasının prezidenti D.Tusk deyib: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Status-kvo bu cür davamlı qala bilməz. Münaqişənin hərbi yolla həlli yoxdur və o, beynəlxalq hüquqa əsasən siyasi qaydada nizamlanmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir".

Azərbaycan torpaqlarının işğalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən prezident İlham Əliyev də məhz bu dəstəyə görə təşəkkürünü bildirib: "Əfsuslar olsun ki, işğal 20 ildən çoxdur davam edir və bu işğala heç bir bəraət qazandırmaq olmaz. Mən cənab prezidentə çox minnətdaram ki, o, öz şərhlərində ölkəmizin ərazi bütövlüyünə bir daha dəstəyini vurğuladı".

İnsan hüquq və azadlıqları

Təbii ki, Avropa İttifaqı atdığı addımın qarşılığını da görmək istəyəcək. Söhbət Azərbaycanda insan hüquq və azadlıqları sahəsində aparılan islahatların daha da sürətlənməsindən və daha çox müsbət dəyişikliklərin baş verməsindən gedir. Çünki bu, avropalılar üçün prinsipial məsələdir və lazım gələrsə, onu yenə də öz maddi maraqları ilə yanaşı Azərbaycana qarşı daim təzyiq kimi istifadə etməkdən çəkinməyəcəklər. Lakin D.Tusk bununla bağlı ümidverici fikirlər səsləndirib: "Danışıqlar zamanı mən insan haqları və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına verdiyimiz əhəmiyyəti vurğuladım. Avropa İttifaqı hesab edir ki, bu, açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Biz bu məsələlərdə tərəfdaş kimi işləməyi davam etdirəcəyimizi səmimiyyətlə arzulayırıq".

Azərbaycan - coğrafi və mədəni körpü

Brüssel səfəri Azərbaycanın dünya mədəniyyətinə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin qabardılaması baxımından da az əhəmiyyət daşımayıb.

Bu mənada Ai rəsmiləri Azərbaycanın önəmini xüsusi vurğulayıblar. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker İlham Əliyevlə söhbətində Azərbaycanın dünya ölkələri, o cümlədən Avropa İttifaqı ilə sivilizasiyalar və mədəniyyətlər arasında dialoq sahəsində çox yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib.

Avropa İttifaqı Şurasının prezidenti D.Tusk fikirlərində daha irəli gedərək bildirib: "Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Hazırda qonşuluğumuzda üzləşdiyimiz çağırışları nəzərə alsaq, bu, olduqca təqdirəlayiqdir".

Prezident İlham Əliyev isə deyib: "Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa böyük sərmayələr yatırır. Biz Avropa Şurasına, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkəyik. Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük. Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir".

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər. Xatırladaq ki, ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var. 

Yekun

Əlqərəz, hansı prizmadan yanaşılmasından asılı olamayaraq, prezident İlham Əliyevin Brüssel səfərinin yekunlarını yalnız müsbət və yüksək qiymətləndirmək olar. Bu, həm Azərbaycanın Avropa və dünya üçün önəmini, həm də ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin nə qədər düzgün olduğunu bir daha göstərir. Çox güman ki, ölkədə genişmiqyaslı iqtisadi islahatlara start verən Azərbaycanın yaxın gələcəkdə Avropa İttifaqı ilə iqtisadi-siyasi münasibətlərində də köklü dəyişikliklər müşahidə olunmağa başlayacaq.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.