Siyasət

İsavatizm bəlası: oyun da köhnədir, oyunçu da

2 Fevral 2017 14:42
Baxış: 2 466

31 yanvar, Novxanı. Məmməd Əmin Rəsulzadənin abidəsinin önü. Rəsulzadənin anım gününü qeyd edənlərin toplantısı təki sosial şəbəkələrdə təqdim edilən məkanda Müsavat partiyasının sabiq (nominal olaraq) başqanı, "Milli Strateji Düşüncə Mərkəzi" (MSDM) adlanaraq sadəcə, virtual aləmdə boy verən qurumun rəhbəri İsa Qəmbər danışırdı.

Başladığı heç bir işi məntiqi sonluğa çatdıra bilməyən, intriqaları "siyasi fəaliyyət", mənasız sözbazlığı "təhlil", 1980-ci illərin sonlarındakı barrikada leksikonunun Müsavatın "İsavat"a döndərilməsində müstəsna rol oynamış primitiv mülahizələrlə əvəzləyən İ.Qəmbər yenə saxta patetikasını işə salaraq "Biz gələcəyik!"  tipli şüarçılığa qapılmışdı.

İndiyədək düçar olduğu uğursuzluqlar seriyasından qurtula bilməyən, üzləşdiyi problemlərin səbəbini özündə yox, başqalarında arayaraq ifrat təşəxxüsünü və hədsiz özünəvurğunluğunu ortaya qoyan və bununla da azsaylı tərəfdarları ilə bahəm, cəmiyyəti də yanıldacağını düşünən MSDM rəhbəri uzun müddətdən bəri hətta yandaş mediasının diqqətindən belə, kənarda qalmağın acısını yaşadığından yanvarın 31-ni, Məmməd Əmin Rəsulzadənin doğum gününü fürsət bilmişdi.

Fürsətdən yararlanmağa cəhdlər baxımından müxalifətin bisavad "lider"ləri arasında "usta" sayılan İsa Qəmbər, halbuki, o fürsəti hakimiyyətdə olanda ölkə vətəndaşlarına verməmişdi. O, insanları gündəlik ruzi ilə sınağa çəkmişdi, hakimiyyətdə qalmaq üçün ağlagələn bütün vasitələrə əl atmış, ən mənhus metodları belə, işə salaraq cəmiyyətin əsəblərini tarıma çəkmək, Azərbaycanın dövlətçiliyi ilə eksperimentlər aparmaqdan çəkinməmişdi.

Siyasi korafəhimliyinin qurbanı olan İ.Qəmbər indi cəmiyyətdə gərginliyin yaranmasını arzulayır və onu dəstəkləyən, onu "lider" sayanlar təki bulanıq suda balıq tutacaqları günü səbirsizliklə gözləyir.

Fəqət, dünyanın düzəni, qlobal siyasi güclərin seçimi, uzun illərdən bəri postsovet məkanındakı radikal müxalifətçiləri və guya "liberal" olanları bəsləyən qüvvələr dəyişib.

ABŞ prezidenti Donald Tramp "Öncə Amerika!" şüarını səsləndirərək Birləşmiş Ştatların əvvəllər olduğu kimi, dünyanın ən müxtəlif yerlərində "inqilab"lar vasitəsilə çevrilişlər etmək və oyuncaq hakimiyyətlər qurmaq ssenarisinin işlək olmayacağını üstüörtülü şəkildə vurğuladı.

ABŞ üçün indi münasibətərində maraqlı olduğu ölkələrdəki stabillik daha önəmlidir. Yəni dövlətçilik bir ovuc "müxalifətçi"nin tələblərindən üstün tutulur.

Deyəsən, İsa Qəmbər bütün bunlardan bixəbərdir hələ də.

Tərəf, yön və amal dəyişənlər

İsa Qəmbərin Müsavata rəhbərlik etdiyi, başqan olduğu illərdə bu partiyanın siyasi kursu dəfələrlə dəyişdi, hətta parçalanmalar və birləşmələrin adi hala çevrildiyi, sapmaların az qala norma sayıldığı Azərbaycan müxalifətində saysız intriqaları, rəqiblərini hər vasitə ilə geridə qoymaq hərisliyi ilə tanınan insanın itaətindəki qurum oldu.

"Bir adamın təşkilatı" prinsipi ilə idarə olunaraq müxalifət kuluarlarında "İsavat" təki tanınan Müsavat illər əvvəl Türkiyənin Milliyyətçi Hərəkat Partiyasına yarınmaq və bu strukturun maliyyə yardımlarından bəhrələnmək üçün türkçülük ideologiyasının şüarçısı oldu, daha sonra AXC-nin mərhum sədri Əbülfəz Elçibəyin irsinə yiyələnmək üçün "milli demokratiya" idefiksini ortaya atdı.

Sonra tərəfdarlarının sayının azalmasından qorxuya düşərək radikal islamçılarla anlaşmağa can atdı, Nardarandakı radikalları, ekstremistləri dəstəklədi və bütün bunlarla yanaşı, Avropadan aldığı qrant dəstəyindən məhrum olmamaq üçün "neoliberal demokratiya və demokratik liberalizm" boşboğazlığını da unutmadı.

İsa Qəmbərin dönəmindəki Müsavat sanki Bolivar vaxtındakı Venesuela və ya Kolumbiya idi: sabah hansı siyasi kursun olacağını sıravi "mübariz"lər bilmirdilər, bilə də bilməzdilər.

O da etiraf edilmirdi ki, İsa Qəmbər əslində fiziki mövcudluğuna görə indi tənqid etdiyi mərhum prezident, ümummilli lider Heydər Əliyevə borcludur. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı İsa Qəmbəri ən pis halda ölümdən, ən yaxşı halda mühacirətdən xilas etdi: qiyamçı polkovnik Surət Hüseynovun "Onları Bakı küçələrində asacağam!" deyərək kimləri nəzərdə tutduğunu müsavatçılar nə tez unutdular?!

İsa Qəmbərin qanlı qisası

1992-ci il iyunun 16-sı... İsa Qəmbərin Azərbaycan prezidenti səlahiyyətlərini icra etdiyi son gün. Məntiqlə, Qəmbər bu günü xalqın yaddaşında və dövlətin tarixində xoş iz buraxacaq işlərə həsr edə bilərdi. Postsovet məkanında müstəqillik qazanmış bir sıra dövlətlərin başçıları postlarındakı son gündə əfv fərmanları imzalamışdılar. Latviya, Litva, Ukrayna, Moldova, Estoniya, Gürcüstan kimi ölkələrdə belə oldu.

Amma demokratiya toqasına bürünən, əməlləri isə demokratiyanın təməl prinsiplərindən çox uzaq olan və ümumiyyətlə, bu prinsiplərlə bağlı darışmağı onlara əməl etməkdən daha çox sevən İsa Qəmbər ölüm hökmünə məhkum olunmuş 7 nəfəri əfv etmədi.

Akif Hidayət oğlu Məmmədov, İslam Aslan oğlu Məmmədov, Nazim Maddi oğlu Maddiyev, Andrey Nikolayeviç Şetinov, Elşad Rəşid oğlu Fətullayev, Qardaşxan Feyruz oğlu İsmayılov və Bəylər Feyruz oğlu Kazımov... İsa Qəmbərin fərmanında Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri üzrə Komissiyanın qərarına istinad olunurdu. Əslində isə sözügedən komissiya bir ay keçəndən sonra yaradılmışdı. Sonra belə məlum oldu ki, qərar komissiya ilə yox, o vaxtkı əfv məsələləri üzrə şöbənin rəhbəri Samara Seyidova və hüquq siyasəti üzrə dövlət müşaviri İxtiyar Şirinovla razılaşdırılıb. Samara Seyidova indi AXCP sədri olan Əli Kərimlinin həyat yoldaşıdır.

Onların belə tələskənliyinin də özəl səbəbi vardı. Belə ki, həmin 7 nəfərdən ikisi onun qohumlarının qatili idi, yerdə qalan 5 nəfərsə sadəcə, güdaza verilmişdi. Amma həmin dönəmdə jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın qətlinə görə güllələnməyə məhkum edilmiş erməni quldurları güllələnmədilər.

İsa Qəmbərin ədalət, vicdan, ləyaqət anlayışı bu idi.

Antimilli və psevdostrateji

2017-ci il yanvarın 31-i. Müsavat rəhbərliyi və İsa Qəmbər Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin doğum gününü anmaq, qeyd etmək üçün Novxanıya yollanmışdılar.

Həmişəki kimi, olduğundan ağıllı görünməyə çalışan İsa Qəmbər "Milli Strateji Düşüncə Mərkəzi"nin (MSDM) rəhbəri kimi təqdim olundu. Qar altına yığışaraq üşüyən bir dəstə tərəfdarının və jurnalistlərin qarşısında şərfli boğazını arıtlayaraq danışmağa başlayan İsa Qəmbər öncə Rəsulzadədən bəhs etdi. Həmişəki kimi, bayağı patetika, ucuz söz oyunu, saxta ideoloji ifadələrdən yoğrularaq müxalifətdə usanan, amma nəyəsə ümid edənlərə hesablanmış cümlələr pərdazlığı idi eşidilənlər.

Bir qədər keçdi, Rəsulzadədən bəhs etmək Qəmbəri usandırdı və o, sosial şəbəkələrdə tərəfdarlarının belə məzhəkəyə çevirərək ironiya ilə iqtibas gətirdiyi, Müsavatın üzvlərini belə iyrəndirən ifadələr yığınından ibarət suçlamalara keçdi.

İsa Qəmbər öz aləmində Azərbaycanın rəhbərliyini günahlandırdı, ötənləri indiki durumla müqayisə etdi və belə məlum oldu ki, sən demə, Azərbaycanın nicatı məhz İsa Qəmbərdə imiş.

Müsavatın guya sabiq, əslindəsə faktiki başçısı İsa Qəmbər qarşısına yığışmış və soyuqdan qızarmış insanlara birbaşa olaraq "Mənəm sizin pənahınız!" demədi. Yox, İsa Qəmbər hiyləgərliyi, söz oyununa mahir bələd olması və ən başlıcası, Yozef Göbbelsin yalanı həqiqət kimi sırımaq prinsiplərindən bəhrələnməsi ilə tanınan adam olduğundan messiclərini dolayı yolla, üstüörtülü şəkildə çatdırdı.

Arxasında duran və Musavatın sədri olsa da, siyasi marionetka obrazından hələ də çıxa  bilməyən Arif Hacılıya gizlədə bilmədiyi təəssüflə baxan İsa Qəmbər azsaylı, amma zahirən ona sadiq dəstənin qarşısında yenə "lider" təki hiss etmişdi özünü.

Ölkədə parlamentin spikeri olanda kinayəli baxışları, opponentlərini aşağılaması, intellekt kasadlığı ilə Azərbaycanın çağdaş siyasi tarixinin üz qarasına çevrilən İsa Qəmbərin Novxanıda iqtidarın ünvanına söylədiyi hədyanlar alman filosofu Hegelin "İnsan yaşa dolduqca ağıllanmır, kimliyini daha qabarıq şəkildə göstərir" aksiomunu bir daha sübut etdi.

İsa Qəmbərin Novxanıdakı qarışıq, məntiqi əsaslardan, siyasi davranış qaydalarından, etikadan və mənəvi bazadan məhrum çıxışı onu da göstərdi ki, siyasi heç olan MSDM-in rəhbərinin kredosu dəyişməyib və nifrətin sistemləşdirilmiş məcmusundan ibarətdir.

Arif Hacılı siyasi praktika, təşkilati bacarıq və ən başlıcası, kağız üzərində başqanı olduğu Müsavatın sıravi üzvləri arasında avtoritet, habelə rayon təşkilatlarının fəaliyyətinə təsir imkanları baxımından "ölü can" sayıla bilər. O, sadəcə demaqoji ruhda danışır və bilmərrə xali olduğu "potensial"ını nümayiş etdirməyə çalışsa da, ən cüzi perspektivlərdən xali siyasətçi, daha doğrusu, siyasətçiliyə cəhd göstərən birisi olduğunu əyan edir.

Məni həmişə maraqlandırıb - İsa Qəmbər və ya Arif Hacılı düşüncəli, davranış tərzli insanlar necə yaşayırlar, daim roldan-rola necə sıçrayırlar, nədən olduqlarından ağıllı, göründüklərindən müdrik, davrandıqlarından məsum təsir bağışlamağa çalışırlar? Çağdaş siyasət bir yana - tapındıqları siyasi maskalanma yolları və sitayiş etdikləri "əsas məqsəddir - vasitələr hər cür ola bilər" prinsipi ilə ömür sürən bu insanlar Azərbaycandakı vəziyyəti nə yolla olursa-olsun, gərginləşdirməyə can atırlar.

Siyasi taktika haqqında bəsit informasiyaları müsahibələrində az qala "Böyük Partlayış" nəzəriyyəsi kimi təqdim edən, kritik təfəkkür və primitiv məntiqdən kənar, prinsip etibarilə dövlətdə rəhbər vəzifələri tutmaq bacarıqlarından uzaq bu insanlar şüarçılıq və çağırışlarının cəmiyyətdə ironiya ilə qarşılandığını, heç bir sosial bazaya malik olmadıqlarını nədən hələ də həzm etmək istəmirlər?

Nə üçün hələ də ambisiyalarının və tamahlarının qurbanıdır bu adamlar, nə səbəbə anlamırlar ki, bel bağladıqları "demokratiya beşik"ləri belə, onları çoxdan "vurulmuş kart" kimi bir kənara atıb, oyundan silib?

İsa Qəmbər çox maraqlı tipajdır, çünki siyasəti həqiqətin pərdələnməsi, mənəviyyatı o söz oyunlarına bəraət kimi qavrayıb.

Müxalifətdə qocalan, mənasız və absurd inadkarlığın bəsit nümunəsi olan İsa Qəmbər "iradəli və qətiyyətli" tipajını daha da "müdrik", xalqı düşünərək əzabkeşliyə qatlanan fədai obrazına salmaq, həmin çərçivədə yerini möhkəmlətmək üçün görüntülər yığınından istifadə edir.

Eynəkli, ironiya ilə gülümsəyən, qəlyan çəkən bir "ağsaqqal". Saqqalsız olsa da, ölkə müxalifətində belə statusa iddialıdır İsa Qəmbər.

Fəqət onun illərdən bəri yaratmağa çalışdığı obraz feodal Rusiyasında əyalət kilsələrinin divarlarına çəkilən freskalardan aşağı baxan qəmli simalara, Təbriz miniatürlərində səhrada abidlik edən və yaşamından iztirab çəkən pərişanların ağrılı üzlərinə bənzəyir.

Sadəcə bənzəyir, amma fərqlənir.

Çünki hər şey çox sadədir...

İsa Qəmbər mövqeyini, tutduğu postu, xarici görkəmini və s. dəyişə bilər - dəyişməz qalan onun siyasi mövcudluq şanslarının çoxdan tükənməsidir.

İllərdən bəri müttəfiqlərini əlcək kimi dəyişən, "müxalifətin birliyi" şüarı ilə yalnız öz məqsədlərinə hesablanmış birliklər, ittifaqlar və şuraların qurulmasına can atan, niyyətini gerçəkləşdirmək üçün bütün vasitələrə əl atan "siyasətçi"dən başqa nəsə gözləmək izafdır.

Di gəl, hər uğursuzluqdan sonra o, baş tutmayan xülyalarının puç olmasının günahını özündə yox, hədəf seçdiyi insanlarda və təşkilatlarda görür, beyinləri az qala robotlaşmış "mürid"lərinə açıqlamalar verir və hər dəfə də vədinin niyə baş tutmadığını izah etməyə səy göstərir.

İsa Qəmbər bir siyasətçi təki mövcudluğu ilə siyasi təkamül nəzəriyyəsindəki qüsurları üzə çıxarır.

O, "Azərbaycan müxalifəti" adlı kloakada qapalı strukturun rəhbərlərindən biridir.

Özünü "alim" kimi təqdim etməkdən narsisvari həzz alan İsa Qəmbərin elmi karyerası AMEA Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifəsində başa çatmışdı. Onun epistolyar irsi, yəni yaradıcılığı isə 1985-ci ilin yanvarında dərc olunan, erməni Zori Balayanın "Ocaq" kitabına "cavab kitabı" cəmiyyətə təqdim olunmuş "Köhnə bayatılar, yeni əfsanələr" adlı qarışıq, ibtidai sinif şagirdinin imlasının forması ilə saxta vətənpərvərlik toplusundan ibarət fikirlər yığınından ibarətdir.

İsa Qəmbər kimilər mahiyyət etibarilə İspaniya Respublikası dönəmlərində general Frankoya çalışmış "5-ci kolon"un Azərbaycandakı təzahür formatı da sayıla bilər.

24 ildən bəri "hakimiyyətə gəlmək" xülyası ilə yaşayan İsa Qəmbər nədənsə hələ də etiraf etmək istəmir ki, o və onun kimiləri Azərbaycanın müasir siyasətində mahiyyətini çoxdan faş etmiş fiqura dönüblər. Buna rəğmən, onlar hələ də nəyəsə ümid edir, kimlərəsə bel bağlayır, yaranan ən kiçik fürsətdən istifadə edərək siyasi gündəmdə yer almağa çalışırlar. Və həmişə olduğu kimi, məqsədlərinə çatmaq üçün o, hakimiyyətlə bahəm, dövləti də hədəf seçməkdən çəkinmir.

İsa Qəmbər həm də siyasətə karikaturaya çevrilmiş Arif Hacılı, Əli Kərimli kimi yerli siyasətin daşlaşmış qalıqlarına bel bağlayır, bununla da məğlubiyyətini, cəmiyyətin onu və ətrafını birmənalı olaraq qəbul etməməsi ilə barışmaq istəmir, absurd şüarlara və marazm həddindəki çağırışlarına son qoymağa cürət etmir.

İsa Qəmbər ölkə müxalifətinin ideya və fəaliyyət məzarlığını tərk edərək nəyin bahasına olursa-olsun, siyasi həyata qayıtmaq, reinkarnasiya etmək istəyir. Reinkarnasiya sadəcə, buddizmdəki ehkamlardan biridir: səmavi dinlərdə olduğu kimi, siyasətdə də ölünün hansısa formada yenidən həyata qayıtması, ruhların canlanması mümkün deyil.

Və...

Bu da müxalifət üçün acı, amma danılmaz faktdır ki, Əli Kərimli təki, İsa Qəmbər də artıq yerli siyasətin görünən tərəfi sayıla biləcək müxalifət tamaşasında rolu tükənmiş oyunçudur. Aktyorlar yox, məhz oyunçular: nədən ki, İsa Qəmbər kimilərinin aktyorluq məharətini dahi Konstantin Stanislavski "İnanmıram!" deyə səciyyələndirərdi. MSDM rəhbərinin fəaliyyəti tək saxta müxalifətçiliklə tükənmir. Onun və başçılıq etdiyi qurumun maliyyə mənbələri, xarici qurumlardan və strukturlardan aldığı dəstək, fikrimizcə, ciddi araşdırılmalıdır.

Bu oyunlar müftə yerinə yetirilmir - İsa Qəmbər and-aman edərək ideyalı olduğunu desə də. Azərbaycanda sabitliyə, dövlətçiliyə qarşı yönələn əməllərin hər birinin arxasında sifarişçilər, müəlliflər və buyruq sahibləri dururlar.

Məhz onların maliyyəsi hesabına hədyan danışanlar, millətin maraqlarını və dövlətin mənafeyini hərraca çıxaranlar sakitləşmirlər.

Sakitləşə bilməzlər - istəsələr də. Çünki aldıqları sifariş belə deyil.

Bəhs etdiyimiz məqamlarınsa araşdırılması bilavasitə hüquq-mühafizə orqanlarının səlahiyyət çərçivəsinə daxildir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.