Siyasət

Azərbaycan bu islahatlarla daha sürətlə inkişaf edəcək

31 Yanvar 2017 14:45
Baxış: 1 704

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı bir neçə sahəni əhatə etdi və hesab edirəm ki, onun fikirləri hələ uzun müddət cəmiyyətdə müzakirə predmeti olacaq.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib.

Millət vəkili qeyd edib ki, daxilən torpaq, Vətən üçün yanan hər bir azərbaycanlı üçün prezidentin imzaladığı məlum fərmandan sonra konfransda Cocuq Mərcanlı kəndi ilə bağlı açıqlamaları, kəndin bərpasının tezləşdirilməsi və xarici təşkilatların nümayəndələrinin oraya aparılması ilə bağlı fikirləri ilk növbədə mühüm əhəmiyyət kəsb edir:

"Məqsəd böyük qayıdışın ilk təntənəsini qeyd etməklə bərabər, 1994-cü ildən əvvəl işğal edilmiş bu kəndin bir neçə gün ərzində erməni vəhşiləri tərəfindən yerlə yeksan edilməsinin xarici təşkilatların nümayəndələrinə göstərilməsidir. Bu kəndin Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə bütün tarixi, mədəni, sosial obyektlərin ermənilər tərəfindən məhv edilməsinin bariz nümunəsi kimi göstərilməsi, eyni zamanda işğal olunmuş ərazilərimizə qayıdışın təntənəsi olaraq burada bərpa işlərinin aparılması çox əhəmiyyətlidir. Təbii ki, bu bizi qəhərləndirdi... Amma bu, sevinc qəhəri idi. Hesab edirəm ki, bu addım hər bir Azərbaycan vətəndaşına xoş hisslər bəxş etdi, doğma torpaqlara qayıtmaq ümidini itirmiş insanlarda onları yenidən doğurdu. Hamı bir daha anladı ki, bu torpaqlar bizimdir və cənab prezidentin başçılığı ilə gec-tez oraya qayıdacağıq".

Ç.Qənizadənin fikrincə, dövlət başçısının toxunduğu digər məsələlər də həyati əhəmiyyət kəsb edir: "Bunlardan biri məmurlara ünvanladığı mesaj idi. Məmurlar rüşvətxorluqla, korrupsiya ilə məşğul olmamalı, öz imtiyazlarını nümayiş etdirərək öyünməməli, xalqın problemləri ilə maraqlanmalı və öz işlərini vicdanla yerinə yetirməlidirlər.

Prezidentin, digər sahələrdə, xüsusən kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıqlar da insanlarda böyük ümid yaradır. Dünyada baş alıb gedən sosial-iqtisadi problemlərin təsiri Azərbaycanda da müəyyən qədər hiss olunur. Lakin ümid var ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycan növbəti ildən daha uğurlu islahatlar həyata keçirməklə, insanların rifahı yaxşılaşmaqla daha sürətlə inkişaf edəcək. Hesab edirəm ki, cənab prezidentin tez-tez belə görüşlər keçirməsi və tez-tez bu cür tapşırıqlar verməsi olduqca vacibdir və biz bunun müsbət nəticələrini hiss edirik. Nə qədər ki, insanlar məmurlarla sıx təmasda olacaqlar, öz dərdlərini, problemlərini onlara demək imkanı olacaq, onda sabitlik də olacaq, inkişaf da olacaq".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.